Bu gün Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində keçirilən tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Radiasiya Problemləri İnstitutunun baş direktoru İslam Mustafayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Eldar Aslanov, YAP Biləsuvar rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Kompleks kollektivi, şagirdlər və valideynlər iştirak ediblər.
“İki sahil” xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Kompleksin icraçı direktoru Aqşin Bağırov tədbiri açıq elan edərək, sevinc və həyəcan içində olan məzunlara gələcək həyatlarında uğurlar diləyib. Çıxışı zamanı Aqşin Bağırov şagirdlərin tədris zamanı əldə etdikləri uğurlardan danışıb.
Tədbirdə çıxış edənlər məzunları təbrik edərək gələcək həyatlarında uğurlar arzulayıblar. Qeyd edilib ki, onların hər biri müstəqil Azərbaycanın vətəndaşı olaraq ölkəmizin gələcək inkişafı naminə həyata keçiriləcək proseslərdə daha fəal iştirak edəcəklər.
Tədbirdə bir daha məzunlara bundan sonra qədəm qoyacaqları müstəqil həyatlarında müvəffəqiyyətlər arzulanılıb və onlara olan etimadı hər zaman doğrultmağı tövsiyə ediblər.
Sonra təhsildə uğur qazanan məzunlar təltif olunublar.
Kompleksin şagirdlərinin hazırladıqları bədii hissə iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.