16 iyun 2023 11:42
334

Azərbaycanda bu il əhalinin 68,8%-i aşağı qaz istifadəsi limitini keçməyib

Bu ilin yanvar-may aylarında SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin əhali qrupu üzrə abonentlərin 68,8%-i ( 1 720 030 abonent) aşağı qaz istifadəsi limitini (1 200 kubmetrədək) keçməyib.

“İki sahil” xəbər verir ki, bunu SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində media və QHT nümayəndələri ilə keçirilən görüşdə deyib.

Onun sözlərinə görə, hesabat dövründə abonentlərin 28,2%-i (705 012 abonent) orta qaz istifadəsi tarifindən (1 200-2 500 kubmetr çərçivəsində) yararlanıb.

“Hesabat dövründə 75 001 abonent, ümumilikdə isə abonentlərin cəmi 3%-i 25 qəpiklik tarifdən istifadə edib”, - Eldəniz Vəliyev qeyd edib.

Xatırladaq ki, 2021-ci ilin oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişməyib və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.