17 iyun 2023 00:19
382

Avtomobil idxalı 5 ayda: 65 faizdən çox artım

Cari ilin ilk 5 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə avtomobil idxalının dəyəri 242 milyon 499 min dollar və ya 65,6 faiz, sayı isə 11 min 583 ədəd və ya 40,4 faiz artıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-may aylarında Azərbaycana 611 milyon 968 min dollar dəyərində 40 min 264 ədəd avtomobil idxal edilib.Bu dövrdə 549 milyon 138 min dollar dəyərində 37 min 394 ədəd minik avtomobili, 39 milyon 490 min dollar dəyərində 2 min 633 ədəd yük avtomobili, 19 milyon 222 min dollar dəyərində 176 ədəd xüsusi texnika və 4 milyon116 min dollar dəyərində 61 ədəd avtobus idxal edilib. 

Müqayisə üçün deyək ki, 2022-ci ilin yanvar-may aylarında Azərbaycana 369 milyon 469 min dollar dəyərində 28 min 681 ədəd avtomobil, o cümlədən 270 milyon 882 min dollar dəyərində 26 min 408 ədədə minik avtomobili idxal edilmişdi. Cari ildə ölkəyə ümumi avtomobil idxalının dəyərinin 87,3 faizi minik avtomobillərinin payına düşüb. İdxalda elə ən böyük artım da minik avtomobillərində qeydə alınıb. Hesabat dövründə ölkəyə idxal edilmiş minik avtomobillərinin sayı 41,6 faiz, dəyəri isə 2 dəfədən çox artıb. Minik avtomobillərin idxalı ən çox aprel (8325)və may (9805) aylarında reallaşıb.

Məlum olduğu kimi, Nazirlər Kabinetinin “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” Qərarı ilə aprel ayının son günlərindən etibarən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycana gətirilməsi məhdudlaşdırılmasına başlanılıb. Nazirlər Kabineti Qərarın əsas məqsədinin insanların həyat və sağlamlığının,ətraf mühitin qorunması, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılmasına dəstək xarakteri daşıdığını bəyan edib. Vurğulanıb ki, sözügedən Qərar ekoloji təmiz olan hibrid və yalnız elektrik mühərrikli avtomobillərin ölkəyə gətirilməsini stimullaşdıracaq. Həmçinin yararsız avtomobillərin dövriyyədən çıxarılması ilə Azərbaycanın avtomobil parkı yenilənəcək, yol-nəqliyyat hadisələrinə səbəb olan hallar azalacaq.

Bununla belə, martın 29-dək xarici ölkələrdən alınmış və bunu təsdiq edən müvafiq ödəniş sənədləri Azərbaycanın gömrük orqanlarına təqdim edilməklə gətirilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi nəzərdə tutulub. Görünən odur ki, bu amil aprellə yanaşı, may ayında da minik avtomobillərinin idxalında yüksək göstəricinin qeydə alınmasına imkan verib.   

Ancaq o da vurğulanmalıdır ki, cari ilin yanvar-may aylarında ötən ilin eyni dövrü ilə müqayisədə hibrid və elektrik mühərrikli avtomobillərin idxalında artım qeydə alınıb. Belə ki, bu ilin ilk 5 ayında Azərbaycana 5884 ədəd hibrid və 812 ədəd elektrik mühərrikli avtomobil idxal edilib ki, bu da ötən ilin eyni  dövrü ilə müqayisədə müvafiq olaraq 15,8 faiz və 6,2 dəfə çoxdur.  

Ceyhun Piriyev, “İki sahil”