2023-cü ilin yanvar-may aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 25,2 milyard manat təşkil edib. Sənaye məhsulunun 81,7 faizi mədənçıxarma, 15,9 faizi emal, 1,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 88,1 faiz olunub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 93,1 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 6,9 faiz təşkil edib.
İstehsal edilən məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 iyun 2023-cü il vəziyyətinə 432,3 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 59 milyon manat məbləğində digər məhsullar da mövcud olub.
Cari ilin yanvar-may aylarında paytaxtın tikinti müəssisələri tərəfindən yerinə yetirilən inşaat işlərinin 81,2 faizini tikinti, yenidənqurma və genişləndirmə, 5,8 faizini əsaslı təmir, 8,1 faizini cari təmir, 4,9 faizini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 90,9 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.
2023-cü ilin ilk 5 ayında Bakı şəhərinin ticarət dövriyyəsi 2022-ci ilin yanvar-may ayları ilə müqayisədə 4,2 faiz artaraq 12 milyard 10,3 milyon manat olub. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,7 faiz artaraq 6 milyard 566,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 2,2 faiz azalaraq 5 milyard 443,9 milyon manata bərabər olub. İstehlak məhsullarının 37 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 40,4 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 22,6 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.
Yanvar-may aylarında paytaxtın ictimai iaşə dövriyyəsinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 27,2 faiz artaraq 558,1 milyon manat olub. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 305,1 milyon manat olub ki, bu da ümumi dövriyyənin 54,7 faizini təşkil edib.
Hesabat dövründə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15,5 faiz artaraq 2 milyard 754,7 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 324,7 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 84,4 faizini təşkil edib.
Məvacibə gəlincə, 2023-cü ilin yanvar-aprel aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 9,9 faiz artaraq 1172,4 manat təşkil etmişdir.
Bakı Şəhər Statistika İdarəsi