21 iyun 2023 23:06
370

Uçot dərəcəsi dəyişmədi, inflyasiya proqnozu isə…

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 9 faiz, faiz dəhlizinin aşağı həddi 7,5 faiz, yuxarı həddi isə 10 faiz səviyyəsində dəyişməz saxlanılıb. Qurumun açıqlamasında deyilir ki, bu qərar makroiqtisadi proqnozlar, inflyasiyaya təsir göstərən amillər və risklər balansının dəyişimi nəzərə alınmaqla verilib.

Açıqlamada illik inflyasiya tempinin azalmaqda davam etdiyi bildirilir.  Xatırladılır ki, may ayında əvvəlki aya nəzərən 0,4 faizlik deflyasiya qeydə alınıb. İllik inflyasiya 11,5 faiz təşkil edib ki, bu da ötən ilin sentyabr ayında qeydə alınmış pik səviyyə ilə müqayisədə 4,1 faiz bəndi aşağıdır. İllik ərzaq inflyasiyası 12,7 faizə enib. Buna səbəb tərəfdaş ölkələr üzrə orta çəkili inflyasiyanın nisbətən azalması, dünya əmtəə bazarlarında qiymətlərin enməsi, beynəlxalq yükdaşıma xərclərinin pandemiyadan əvvəlki səviyyələrə qayıtması, profisitli tədiyə balansı şəraitində valyuta bazarında tarazlığın qorunması və manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi, eləcə də qəbul edilmiş pul siyasəti qərarlarıdır. Belə ki,  BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, ərzaq qiymətləri ötən ilin aprelindən başlayan azalma meylini davam etdirərək mayda aylıq 2,6 faiz aşağı düşüb. Həmçinin Dünya Bankının əmtəə bazarları haqqında son hesabatına əsasən mayda aylıq əsasda əmtəə qiymətləri 8,6 faiz, o cümlədən enerji qiymətləri 11,3 faiz, qeyri-enerji qiymətləri 3,6 faiz azalıb.

Bununla belə, inflyasiya amilləri balansında ötən iclasdan bəri əhəmiyyətli dəyişiklik baş verməyib. Vurğulanır ki, cari ilin 5 ayında əhalinin nominal gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 14,7 artıb. Həmçinin qlobal maliyyə sisteminin sabitliyinin pozulması, bir sıra inkişaf etmiş ölkələrdə resessiya təhlükəsinin mövcudluğu və geosiyasi gərginlik müxtəlif kanallarla inflyasiya proseslərinə təsir potensialını saxlayır. İdxal qiymətləri indekslərinin artım templəri ikirəqəmli səviyyədə qalır.

Mərkəzi Bank baza ssenari üzrə fərziyyələrlə 2023-cü ildə illik inflyasiyanın 8,3 faiz olacağı proqnozunu dəyişməz saxlayıb. Bununla belə son aylarda xarici inflyasiya təzyiqlərinin zəifləməsi, eləcə də digər amillərin təsiri ilin qalan dövründə inflyasiya proqnozunun azaldılmasına şərait yaradır. 

Qurum qeyd edib ki, antiinflyasiya xarakterli pul siyasəti və inflyasiyaya təsir imkanlarını artırmaq istiqamətində islahatları davam etdirir.

Mərkəzi Bank bəyan edib ki, inflyasiya təzyiqlərinin davamlı səngiməsi halında pul siyasətinin sərtləşdirilməsində ən azı cari ilin sentyabrınadək pauza götürülməsi, sonrakı mərhələlərdə isə onun yumşaldılması imkanları nəzərdən keçiriləcək. Bu, o deməkdir ki,

 inflyasiya tempinin azalması şəritində sentyabr ayınadən uçot dərəcəsi dəyişməz qala, sonrakı dövrdə isə azalmağa doğru dəyişə bilər.

Ceyhun Piriyev, “İki sahil”