Quru sərhədlərin bağlı olmasına baxmayaraq Azərbaycanda turizm sahəsində canlanma davam edir. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, cari ilin yanvar-may aylarında Azərbaycana dünyanın 176 ölkəsindən 713 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
Ölkəmizə gələnlərin 32,4 faizi Rusiya, 20 faizi Türkiyə, 8,1 faizi İran, 5,2 faizi Gürcüstan, 4,9 faizi Hindistan, 2,3 faizi Pakistan, 2,2 faizi Qazaxıstan, 2,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2 faizi Səudiyyə Ərəbistanı, 1,9 faizi Özbəkistan, 1,6 faizi Belarus, 1,5 faizi Ukrayna, 1,3 faizi Böyük Britaniya, 1,3 faizi Türkmənistan, 1,2 faizi Küveyt, 12 faizi digər ölkələrin vətəndaşları olublar.
Həmçinin müəyyən ölkələrdən gələnlərin sayında əhəmiyyətli artım qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 6,1 dəfə, Türkmənistandan 3,9 dəfə, Hindistandan 3,2 dəfə, Belarusdan 2,7 dəfə, Özbəkistandan 2,6 dəfə, Qazaxıstandan 2 dəfə, Rusiyadan 2 dəfə, Böyük Britaniyadan 1,8 dəfə, İsraildən 1,7 dəfə, ABŞ-dən 1,6 dəfə, Küveytdən 43,8 faiz, Pakistandan 43 faiz, Gürcüstandan 41,7 faiz, Türkiyədən 22,5 faiz, Omandan 17,4 faiz, Birləşmiş Ərəb Əmirliklərindən 14,7 faiz artıb.
Ölkəmizə gələnlərə regionlar üzrə nəzər salanda məlum olur ki, hesabat dövründə MDB ölkələrindən gələnlərin sayı 2 dəfə artaraq 296,6 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,7 dəfə artaraq 38 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 4,5 faiz azalaraq 103,1 min nəfər olub.
Azərbaycan gələnlərin sayı illik müqayisədə xeyli artsa da, hələ də pandemiyadan əvvəlki dövrün 2019-cu ilin göstəricisindən geri qalır. Belə ki, 2019-cu ilin yanvar-may aylarında Azərbaycana 1 milyon 94,8 min şəxs gəlmişdi. Bu da cari ilin müvafiq dövrü ilə müqayisədə 34,9 faiz çoxdur.
Ölkəmizə gələnlərin sayı ilə bərabər, onların burada xərclədikləri vəsaitin məbləği də əhəmiyyətlidir. Bu baxımdan 2023-cü ilin yanvar-aprel aylarında banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 677,9 milyon manat dəyərində əməliyyat aparılıb. Hərçənd ki, ötən ilin eyni dövründə bu rəqəm 686,3 min manat təşkil etmişdi.
Azərbaycana gələnlərin sayı ilə yanaşı, ölkədən gedənlərin də sayı maraqlıdır. Bu baxımdan 2022-ci ilin yanvar-may ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 19,5 faiz artaraq 633,6 min nəfər olub. Hesabat dövründə Rusiyaya gedən ölkə vətəndaşlarının sayı 1,9 dəfə, Gürcüstana gedənlərin sayı 36,5 faiz artıb, İrana gedənlərin sayı 29,1 faiz, Türkiyəyə gedənlərin sayı 0,4 faiz azalıb.
Lakin yerli vətəndaşların ən çox üz tutduqları coğrafiya qardaş ölkə olub. Bu ilin yanvar-may aylarında ölkə vətəndaşlarının 39 faizi Türkiyəyə, 24,3 faizi Rusiyaya, 9,4 faizi Gürcüstana, 7,9 faizi İrana, 19,4 faizi digər ölkələrə səfər ediblər. Bununla belə, ölkədən gedənlərin sayındakı artıma baxmayaraq bu göstərici pandamiyadan əvvəlki dövrlə müqayisədə xeyli azdır. Belə ki, 2019-cu ilin yanvar-may aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 2 milyon 65,9 min nəfər olmuşdu.
Ceyhun Piriyev, “İki sahil”