24 iyun 2023 14:21
921

Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində Silahlı Qüvvələri Gününə həsr olunmuş konsert keçirilib FOTO

Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində 26 iyun Azərbaycan Respunlikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş konsert keçirilib.

“İki sahil” xəbər verir ki,  konsert Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Tədbiri giriş sözü olaraq Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzinin direktoru Leyla Əsədullayeva qeyd edib ki, tariximizə qızıl hərflərlə yazılmış 26 iyun Silahlı Qüvvələri Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür.

O, həmçinin çıxışında bu əlamətdar günün ilk dəfə 1998-ci ildə məhz Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə bayram günü kimi qeyd olunduğunu diqqətə çatdırıb.

Daha sonra Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzinin bədii qiraət və poeziya dərnəyinin rəhbəri Yadigar Musayev vətənpərvərliklə bağlı tədbirlərin gənclər üçün əhəmiyyətindən danışaraq, gənc nəslin milli ruhda tərbiyyə olunmasında əsası Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasətinin bu gün də uğurla davam etdirildiyini qeyd edib.

Konsertdə YAP Qaradağ rayon təşkilatının nümayəndələri, Qaradağ rayon İcra Hakimiyyətinin qəsəbə nümayəndəliklərinin əməkdaşları və Qızıldaş qəsəbə sakinləri iştirak ediblər. Konsertdə Hərbi orkestrin solisti və sevilən müğənni Anar İlhamlı, Qızıldaş qəsəbəsində yaşayan saz ifaçısı Şəhriyar Kəlbəcərli, Rəvan Abbasov, gənc ifaçı Camal Xudaşov, Fidan rəqs qrupu, Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzinin bədii qiraət və poeziya dərnəyinin üzvləri çıxış ediblər.