22 iyul 2026 14:05
108

Ürək-damar xəstəlikləri niyə cavanlaşır?

İlqar Heybətov: Risk faktorlarının erkən aşkar edilməsi, sağlam həyat tərzi və müntəzəm tibbi nəzarət minlərlə insanın həyatını xilas edə bilər

Ürək-damar xəstəlikləri uzun illərdir dünya üzrə ölüm və əlilliyin əsas səbəbləri sırasında ilk yeri tutur. Tibb elminin və texnologiyanın sürətli inkişafı nəticəsində bu sahədə diaqnostika və müalicə imkanları əhəmiyyətli dərəcədə genişlənsə də, mütəxəssislər xəstəliklərin qarşısının alınmasının, erkən diaqnostikanın və sağlam həyat tərzinin hələ də ən təsirli yanaşma olduğunu vurğulayırlar. Xüsusilə minimal invaziv və endovaskulyar müdaxilələrin geniş tətbiqi, yüksək dəqiqlikli görüntüləmə üsulları, süni intellekt və rəqəmsal texnologiyalar ürək-damar cərrahiyyəsini yeni inkişaf mərhələsinə çıxarıb.

M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Ürək cərrahiyyəsi şöbəsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru İlqar Heybətov "İki sahil" qəzetinə müsahibəsində ürək-damar xəstəliklərinin Azərbaycandakı mövcud vəziyyəti, bu sahədə müşahidə olunan yeni tendensiyalar, müasir cərrahi və diaqnostik yanaşmalar, minimal invaziv texnologiyaların üstünlükləri, cəmiyyətdə geniş yayılmış yanlış təsəvvürlər, profilaktikanın əhəmiyyəti, eləcə də süni intellekt və rəqəmsal texnologiyaların ürək cərrahiyyəsinin gələcəyinə təsiri barədə suallarımızı cavablandırıb.

-Ürək-damar xəstəlikləri uzun illərdir dünyada ölüm səbəbləri arasında ilk yerlərdədir. Azərbaycanda bu sahə üzrə son illərin statistikası və klinik müşahidələriniz hansı tendensiyaları göstərir?

 -Ürək-damar xəstəlikləri müasir dövrün ən aktual səhiyyə problemlərindən biridir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada təxminən 20 milyona yaxın insan ürək-damar xəstəlikləri səbəbindən həyatını itirir. Bu, bütün ölüm hallarının təxminən 32 faizini təşkil edir. Diqqətçəkən məqam ondan ibarətdir ki, bu ölümlərin böyük əksəriyyəti aşağı və orta gəlirli ölkələrdə baş verir və onların əhəmiyyətli hissəsinin qarşısını vaxtında profilaktika və düzgün müalicə ilə almaq mümkündür.  Azərbaycanda da vəziyyət dünya tendensiyasından fərqlənmir. Ürək-damar xəstəlikləri uzun illərdir ölüm səbəbləri arasında birinci yeri tutur. Ən çox rast gəlinən patologiyalar koronar arteriya xəstəliyi, miokard infarktı, arterial hipertenziyanın ağırlaşmaları, ürək qapaqlarının xəstəlikləri, aortanın xəstəlikləri və periferik damar patologiyalarıdır. Son illərdə klinik praktikada iki mühüm tendensiya daha qabarıq nəzərə çarpır. Birincisi, ürək-damar xəstəliklərinin cavanlaşmasıdır. Əgər əvvəllər infarkt və ağır koronar arteriya xəstəliyi əsasən yaşlı insanlarda müşahidə olunurdusa, bu gün artıq 35–45 yaşlı şəxslərdə də bu patologiyalarla rastlaşırıq. İkinci mühüm problem xəstələrin həkimə gec müraciət etməsidir. Ateroskleroz uzun illər heç bir klinik əlamət vermədən inkişaf edə bilir və ilk əlamət bəzən miokard infarktı və ya qəfil ürək ölümü olur. Müasir diaqnostika və cərrahi müalicə imkanları əhəmiyyətli dərəcədə inkişaf etsə də, ürək-damar xəstəlikləri ilə mübarizədə ən effektiv silah profilaktikadır. Risk faktorlarının erkən aşkar edilməsi, sağlam həyat tərzi və müntəzəm tibbi nəzarət minlərlə insanın həyatını xilas edə bilər.

 -Ürək-damar cərrahiyyəsində son illərdə tətbiq olunan minimal invaziv və endovaskulyar üsullar müalicəyə hansı yenilikləri gətirib? Bu texnologiyalar hansı hallarda açıq əməliyyatları əvəz edə bilir?

 -Son otuz ildə ürək-damar cərrahiyyəsi böyük texnoloji inkişaf yolu keçib. Əvvəllər yalnız açıq əməliyyatla müalicə edilən bir çox xəstəliklər bu gün kiçik kəsiklərlə və ya damar daxilindən aparılan müdaxilələrlə uğurla müalicə olunur. Bu üsulların əsas üstünlükləri əməliyyat travmasının azalması, qan itkisinin minimum olması, infeksiya riskinin aşağı düşməsi, xəstəxanada qalma müddətinin qısalması və xəstənin gündəlik həyata daha tez qayıtmasıdır. Xüsusilə yaşlı və yanaşı xəstəlikləri olan pasiyentlər üçün bu texnologiyalar yeni imkanlar açıb. Bununla belə, cəmiyyətdə yanlış təsəvvür yaranmamalıdır ki, müasir texnologiyalar artıq açıq ürək əməliyyatlarını tam əvəz edib. Bu, doğru deyil. Hər müalicə üsulunun öz göstərişi var. Çoxdamarlı koronar arteriya xəstəliyi, mürəkkəb ürək qapağı patologiyaları, aortanın geniş zədələnmələri və bir çox anadangəlmə ürək qüsurlarında açıq cərrahi əməliyyat hələ də ən etibarlı və uzunmüddətli nəticə verən müalicə üsuludur. Bu gün ürək cərrahiyyəsində əsas prinsip ən yeni texnologiyanı tətbiq etmək deyil, konkret xəstə üçün ən düzgün müalicə üsulunu seçməkdir. Müalicə qərarı anatomik xüsusiyyətlər, xəstəliyin ağırlıq dərəcəsi, yanaşı xəstəliklər və uzunmüddətli nəticələr nəzərə alınaraq qəbul edilməlidir.

 -Bir çox insanlar sinə ağrısı, nəfəs darlığı və ya ayaqlarda damar problemlərini uzun müddət adi narahatlıq hesab edirlər. Hansı əlamətlər həyati təhlükənin xəbərçisi ola bilər və təxirəsalınmadan həkimə müraciət etməyi tələb edir?

-Ürək-damar xəstəliklərinin ən təhlükəli xüsusiyyətlərindən biri onların bəzən uzun müddət gizli inkişaf etməsidir. Bir çox insanlar ilk əlamətləri yorğunluq, yaşlanma və ya adi narahatlıq kimi qiymətləndirərək həkimə müraciəti gecikdirirlər. Halbuki bəzi simptomlar həyati təhlükənin xəbərçisidir.

Sinənin arxasında yaranan sıxıcı, yandırıcı və ya ağırlıq hissi verən ağrı, xüsusilə sol qola, çənəyə, boyuna və ya kürəyə yayılırsa, bu, ürək əzələsinin qanla təchizatının pozulmasının əlaməti ola bilər. Ağrı fiziki gərginlik zamanı başlayır və ya 15–20 dəqiqədən çox davam edirsə, infarkt ehtimalı nəzərə alınmalıdır. Qəfil yaranan güclü təngnəfəslik, soyuq tər, huşun itməsi, ürəkdöyünmənin kəskin sürətlənməsi və ya nizamsızlaşması da təcili tibbi yardım tələb edən əlamətlərdir. Xüsusilə qeyd etmək istərdim ki, qəfil başlayan, "bıçaq saplanması" kimi təsvir edilən sinə, kürək və ya qarın ağrısı aortanın cırılması kimi son dərəcə təhlükəli vəziyyətin əlaməti ola bilər. Belə hallarda hər dəqiqə həyati əhəmiyyət daşıyır. Ayaqlarda qəfil ağrı, soyuqluq, keyimə, rəngin ağarması və ya göyərməsi isə ətraf damarlarının kəskin tutulmasını göstərə bilər. Müalicənin gecikməsi toxumaların məhvinə, hətta ətrafın itirilməsinə səbəb ola bilər. İnsanlar bilməlidirlər ki, ürək və damar xəstəliklərində vaxt ən qiymətli amildir. İlk saatlarda göstərilən tibbi yardım həm ölüm riskini, həm də sonrakı ağırlaşmaları əhəmiyyətli dərəcədə azaldır.

 -Son illər ürək-damar xəstəliklərinin daha gənc yaşlarda müşahidə olunması narahatlıq doğurur. Sizcə, bunun əsas səbəbləri hansılardır və hansı risk faktorları xüsusilə diqqətdə saxlanılmalıdır?

 -Ürək-damar xəstəliklərinin risk amillərini iki qrupa bölmək olar.Birinci qrup dəyişdirilməsi mümkün olmayan risk amilləridir. Bunlara yaş, irsiyyət və cins mənsubiyyəti daxildir. Yaş artdıqca damar divarında təbii degenerativ dəyişikliklər baş verir və aterosklerozun inkişaf ehtimalı artır. Ailəsində erkən yaşlarda infarkt və ya insult keçirmiş şəxslərdə genetik meyillilik daha yüksək olur. Cins mənsubiyyəti də mühüm risk amilidir. Reproduktiv yaş dövründə qadınlarda estrogen hormonunun damar divarına qoruyucu təsiri olduğundan ürək-damar xəstəliklərinə kişilərlə müqayisədə daha az rast gəlinir. Lakin menopauzadan sonra bu qoruyucu təsir azalır və qadınlarda risk sürətlə yüksəlir. Təxminən 65–70 yaşdan sonra qadınlarla kişilər arasında ürək-damar xəstəliklərinin rastgəlmə tezliyi demək olar ki, bərabərləşir.

İkinci qrup isə dəyişdirilə bilən risk amilləridir. Bunlara siqaret və digər tütün məmulatlarından istifadə, yüksək arterial təzyiq, qanda xolesterinin artması, şəkərli diabet, artıq çəki və piylənmə, fiziki passivlik, qeyri-sağlam qidalanma, xroniki stress, yuxu pozğunluğu və alkoqoldan həddindən artıq istifadə daxildir.

Ən mühüm məqam ondan ibarətdir ki, insan yaşını və genetik xüsusiyyətlərini dəyişə bilməz. Lakin dəyişdirilə bilən risk amillərini nəzarətdə saxlamaqla genetik meyilliliyin mənfi təsirini əhəmiyyətli dərəcədə azaltmaq mümkündür. Elmi araşdırmalar göstərir ki, sağlam həyat tərzi ürək-damar xəstəliklərinin böyük hissəsinin qarşısını ala bilər. Buna görə də müasir kardiologiyanın əsas məqsədi xəstəliyin müalicəsindən daha çox risk amillərinin erkən aşkarlanması və onların effektiv idarə edilməsidir.

 -Pasiyentlər arasında "stent qoyulduqdan sonra əməliyyata ehtiyac olmur" və ya "bypass son seçimdir" kimi fikirlər geniş yayılıb. Bu mövzuda ən çox rast gəldiyiniz yanlış təsəvvürlər hansılardır?

-Bu, cəmiyyətdə ən geniş yayılmış yanlış fikirlərdən biridir. Əslində stentləşdirmə və koronar şuntlama bir-birinin rəqibi deyil, müxtəlif klinik vəziyyətlər üçün nəzərdə tutulmuş iki fərqli müalicə üsuludur. Bir və ya iki damarın məhdud daralması zamanı damar daxilindən aparılan müdaxilə çox yaxşı nəticə verə bilər. Lakin çoxdamarlı koronar arteriya xəstəliyi, sol tac arteriyasının ciddi daralması, şəkərli diabet fonunda geniş yayılmış damar zədələnməsi və ürək funksiyasının zəiflədiyi hallarda koronar şuntlama uzunmüddətli nəticələr baxımından daha üstün hesab olunur. Digər yanlış fikir odur ki, koronar şuntlama "son çıxış yolu" və ya "ən ağır xəstələr üçün əməliyyatdır". Əslində bir çox xəstələr üçün məhz ilk seçim cərrahi müalicə olur və bu yanaşma onların ömür uzunluğunu, həyat keyfiyyətini və təkrar müdaxilə ehtimalını yaxşılaşdırır. Müalicə üsulu sosial şəbəkələrdə oxunan məlumatlara və ya şəxsi arzulara əsasən deyil, xəstənin klinik vəziyyəti, görüntüləmə nəticələri və müxtəlif ixtisaslı həkimlərin birgə qərarı əsasında seçilməlidir.

-Ürək-damar cərrahiyyəsində uğurlu nəticə yalnız əməliyyatdanmı asılıdır? Pasiyentin əməliyyatdan əvvəlki hazırlığı və sonrakı həyat tərzi nəticəyə necə təsir göstərir?

-Uğurlu ürək cərrahiyyəsi yalnız əməliyyat otağında başlamır və orada da bitmir. Yaxşı nəticə diaqnozun düzgün qoyulmasından, əməliyyatın vaxtında planlaşdırılmasından, cərrahın təcrübəsindən, anestezioloji və reanimasiya xidmətinin keyfiyyətindən, eləcə də pasiyentin öz məsuliyyətindən asılıdır. Əməliyyatdan əvvəl qan təzyiqinin, qan şəkərinin, böyrək və ağciyər funksiyalarının optimallaşdırılması ağırlaşmaların riskini əhəmiyyətli dərəcədə azaldır. Bu dövr bəzən əməliyyatın özü qədər vacib olur. Əməliyyatdan sonrakı dövrdə isə pasiyentin həyat tərzi əsas rol oynayır. Siqaret çəkməyə davam edən, təyin olunmuş dərmanları qəbul etməyən, arterial təzyiqi və şəkəri nəzarətdə saxlamayan xəstələrdə uzunmüddətli nəticələr xeyli pisləşir.

Ürək cərrahiyyəsi möcüzə yaratmır. O, xəstəliyi aradan qaldırır və ya düzəldir. Lakin əldə olunmuş nəticəni qorumaq pasiyentin həyat tərzindən asılıdır. Buna görə biz əməliyyatı müalicənin sonu deyil, yeni və sağlam həyatın başlanğıcı hesab edirik.

-Elmi Cərrahiyyə Mərkəzində ürək və damar cərrahiyyəsi sahəsində tətbiq olunan müasir diaqnostik və cərrahi yanaşmalar hansı üstünlükləri təmin edir?

-Müasir ürək cərrahiyyəsinin əsas prinsipi fərdiləşdirilmiş yanaşmadır. Artıq bütün xəstələrə eyni müalicə tətbiq edilmir. Hər bir pasiyentin yaşı, yanaşı xəstəlikləri, ürəyin anatomik xüsusiyyətləri və risk göstəriciləri ayrıca qiymətləndirilir. Mərkəzdə müasir görüntüləmə üsullarının, laborator müayinələrin və funksional qiymətləndirmənin nəticələri əsasında müalicə planı hazırlanır. Koronar şuntlama, ürək qapaqlarının bərpası və dəyişdirilməsi, aorta cərrahiyyəsi, periferik damar əməliyyatları və digər mürəkkəb müdaxilələr beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilir. Ən vacib üstünlüklərdən biri də multidissiplinar yanaşmadır. Müxtəlif ixtisaslı həkimlərin birgə qərarı daha təhlükəsiz və daha səmərəli müalicə seçməyə imkan verir. Müasir ürək cərrahiyyəsinin uğuru təkcə cərrahın bacarığından deyil, bütün komandanın peşəkarlığından asılıdır.

-Süni intellekt, robotik cərrahiyyə və rəqəmsal texnologiyalar bu sahənin gələcəyini necə dəyişəcək? Azərbaycan bu yeniliklərə nə dərəcədə hazırdır?

-Tibb tarixində yeni bir mərhələ başlayır və bu mərhələnin əsas hərəkətverici qüvvəsi rəqəmsal texnologiyalar olacaq. Süni intellekt artıq tibbi görüntülərin analizində, risklərin hesablanmasında və müalicə planının hazırlanmasında həkimlərə kömək edir. Robotik texnologiyalar daha dəqiq əməliyyat aparmağa imkan verir. Gələcəkdə fərdiləşdirilmiş müalicə, uzaqdan monitorinq və rəqəmsal tibbi platformalar daha geniş tətbiq olunacaq. Lakin unutmaq olmaz ki, heç bir texnologiya həkimin klinik təfəkkürünü, təcrübəsini və qərarvermə qabiliyyətini əvəz edə bilməz. Süni intellekt həkimin yerini tutmayacaq, onun imkanlarını genişləndirəcək. Azərbaycanın da bu texnologiyalara uyğunlaşması üçün müasir avadanlıqla yanaşı, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, elmi tədqiqatların genişləndirilməsi və beynəlxalq əməkdaşlığın inkişafı mühüm əhəmiyyət daşıyır.

 -Damar xəstəlikləri, xüsusilə tromboz, anevrizma və varikoz vaxtında müalicə edilmədikdə hansı geri dönməz fəsadlara səbəb ola bilər?

-Damar xəstəliklərini yalnız kosmetik və ya lokal problem kimi qiymətləndirmək böyük səhvdir. Onların bir hissəsi qısa müddətdə həyati təhlükə yarada bilər.

Tromboz nəticəsində əmələ gələn laxta ağciyər damarlarını tutarsa, qəfil ölümə səbəb ola bilər. Ətraf arteriyalarının tutulması toxumaların qidalanmasını pozur və müalicə gecikərsə amputasiya ilə nəticələnə bilər.

Anevrizma isə "səssiz təhlükə" hesab olunur. Uzun müddət heç bir əlamət verməyə bilər. Lakin partladıqda çox güclü daxili qanaxma baş verir və təcili cərrahi müdaxilə olunmazsa ölüm riski son dərəcə yüksəkdir.

Varikoz xəstəliyi də yalnız estetik problem deyil. Müalicə edilmədikdə xroniki venoz çatışmazlıq, sağalmayan trofik yaralar və venaların iltihabı kimi ağırlaşmalar yarada bilər. Bütün bunlar bir daha göstərir ki, damar xəstəliklərində erkən diaqnostika və vaxtında müalicə həyati əhəmiyyət daşıyır.

-Ürək-damar sağlamlığını uzun illər qorumaq istəyən insanlara profilaktika baxımından ən vacib tövsiyələriniz nələrdir?

-Müasir tibb artıq sübut edib ki, ürək-damar xəstəliklərinin böyük hissəsinin qarşısını almaq mümkündür. Bunun üçün bahalı müalicədən daha çox sağlam həyat tərzi lazımdır. İlk növbədə siqaret və digər tütün məmulatlarından tam imtina edilməlidir. Arterial təzyiq, qan şəkəri və xolesterin səviyyəsi mütəmadi yoxlanılmalı və nəzarətdə saxlanmalıdır. Sağlam qidalanma, normal bədən çəkisinin qorunması və həftə ərzində müntəzəm fiziki aktivlik ürək-damar sağlamlığının əsas şərtlərindəndir. Qırx yaşdan sonra, xüsusilə risk qrupuna daxil olan insanlar heç bir şikayətləri olmasa belə, mütəmadi kardioloji müayinədən keçməlidirlər. Çünki bir çox ürək-damar xəstəlikləri uzun müddət simptomsuz inkişaf edir. Sonda bir fikri xüsusilə vurğulamaq istərdim: ürək-damar xəstəliklərinin ən yaxşı müalicəsi onların qarşısının alınmasıdır. İnsan öz yaşını və irsiyyətini dəyişə bilməz, lakin həyat tərzini dəyişməklə sağlam və uzun ömür yaşamaq şansını əhəmiyyətli dərəcədə artıra bilər. Profilaktikaya sərf olunan hər bir səy gələcəkdə daha sağlam həyat, daha az ağırlaşma və daha yüksək həyat keyfiyyəti deməkdir.

Yaqut Ağaşahqızı, “İki sahil”