22 iyul 2026 12:10
89

Sağlam həyat tərzi ürək-damar xəstəliklərinə qarşı ən güclü profilaktikadır

İlqar Heybətov: Ürək-damar xəstəliklərinin ən yaxşı müalicəsi onların qarşısının alınmasıdır 

Müasir tibb ürək-damar xəstəliklərinin böyük hissəsinin qarşısının alınmasının mümkün olduğunu təsdiqləyir. Mütəxəssislər hesab edirlər ki, sağlam həyat tərzi, müntəzəm tibbi nəzarət və risk amillərinin vaxtında idarə olunması uzunömürlülüyün əsas şərtlərindəndir.

M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Ürək Cərrahiyyəsi şöbəsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru İlqar Heybətov "İki sahil"ə özəl müsahibəsində bildirib ki, müasir tibb artıq sübut edib ki, ürək-damar xəstəliklərinin böyük hissəsinin qarşısını almaq mümkündür. Bunun üçün bahalı müalicədən daha çox sağlam həyat tərzi lazımdır.

İ.Heybətov qeyd edib ki, ilk növbədə siqaret və digər tütün məmulatlarından tam imtina edilməlidir. Arterial təzyiq, qan şəkəri və xolesterin səviyyəsi mütəmadi yoxlanılmalı və nəzarətdə saxlanmalıdır. Sağlam qidalanma, normal bədən çəkisinin qorunması və həftə ərzində müntəzəm fiziki aktivlik ürək-damar sağlamlığının əsas şərtlərindəndir.

O əlavə edib ki, qırx yaşdan sonra, xüsusilə risk qrupuna daxil olan insanlar heç bir şikayətləri olmasa belə, mütəmadi kardioloji müayinədən keçməlidirlər. Çünki bir çox ürək-damar xəstəlikləri uzun müddət simptomsuz inkişaf edir.

İ.Heybətov vurğulayıb ki, ürək-damar xəstəliklərinin ən yaxşı müalicəsi onların qarşısının alınmasıdır. İnsan öz yaşını və irsiyyətini dəyişə bilməz, lakin həyat tərzini dəyişməklə sağlam və uzun ömür yaşamaq şansını əhəmiyyətli dərəcədə artıra bilər. Profilaktikaya sərf olunan hər bir səy gələcəkdə daha sağlam həyat, daha az ağırlaşma və daha yüksək həyat keyfiyyəti deməkdir.

Yaqut Ağaşahqızı, “İki sahil”