İyulun 15-də Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı Aparatında “Veteranlarımız” layihəsi çərçivəsində tanınmış şair, Yeni Azərbaycan Partiyasının üzvü Fərzəliyev Arif Xudakərim (Arif Fərzəli) oğlunun 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib.
“İki sahil” xəbər verir ki, görüşdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) Lənkəran bölməsinin sədri Qafar Cəfərli, tanınmış qələm sahibləri, mədəniyyət xadimləri və şairin yaradıcılığının çoxsaylı pərəstişkarları iştirak ediblər.
Görüşdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək yubilyarı təbrik etmiş, onun müasir Azərbaycan ədəbiyyatındakı mövqeyindən, poetik dünyasının zənginliyindən bəhs edib. Seyfəddin Əliyev şairin yaradıcılığındaki vətənpərvərlik və mənəvi ucalıq mövzularına diqqət çəkərək Arif Fərzəlinin qələmindən çıxan hər bir misranın gənc nəslin milli ruhda tərbiyə olunmasında, ana dilimizə və dövlətçilik dəyərlərinə sevgi hissinin aşılanmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Sədr qeyd edib ki, yubilyarın poetik irsi təkcə bədii söz sənəti deyil, eyni zamanda Azərbaycanın zəngin mədəniyyətini və milli-mənəvi ucalığını tərənnüm edən qiymətli bir xəzinədir.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) Lənkəran bölməsinin sədri Qafar Cəfərli yubilyarın bənzərsiz dəst-xəttindən bəhs edərək, Arif Fərzəlinin müasir poeziyamızın inkişafına bəxş etdiyi dəyərli töhfələri xüsusi vurğulayıb və ona bütün qələm dostları adından səmimi təbriklərini yetirib.
Sonra çıxış edən Masallı Dövlət Regional Kollecinin direktoru Rövşən Qurbanov şairin ictimai fəaliyyətini yüksək qiymətləndirərək, onun yaradıcılığının xalqa xidmət və milli maraqlara sadiqlik nümunəsi olduğunu diqqətə çatdırıb.
Görüşdə Azərbaycan Jurnalistlər Birliyinin Masallı Rayon Təşkilatının sədri Akif Ağayev, Masallı Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Zamin Məmmədov, tanınmış Azərbaycan tənqidçisi, ədəbiyyatşünası, filologiya elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Yusifli, Azərbaycanın Əməkdar jurnalisti, tanınmış yazıçı-publisist, ssenarist və tərcüməçi Zakir Abbas, qonaqlardan Əlizaman Baxış, şairə Şəfa Nur və digər çıxış edənlər yubilyarı təbrik edərək, ona ən xoş arzularını çatdırmışlar.
Sonra çıxış edən yubilyar Arif Fərzəli yaradıcılığına göstərilən yüksək diqqət və ehtirama görə təşkilatçılara və görüş iştirakçılarına öz dərin minnətdarlığını bildirib. Şair bu xoş görüşün və səmimi təbriklərin onun üçün ən böyük yaradıcılıq töhfəsi olduğunu vurğulayaraq, bundan sonra da yeni poeziya nümunələri ilə oxucuların görüşünə gələcəyini qeyd edib.
Sonda yubilyara Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının Fəxri Fərmanı və qiymətli hədiyyələr təqdim olunmuş, xatirə şəkli çəkdirilmişdir.