25 iyun 2023 01:15
599

Türkiyə məhsulları ucuzlaşacaqmı?..

Türkiyə lirəsinin son 1 ayda 16 faizdən çox dəyər itirməsi qardaş ölkədə istehsal edilən məhsulların ixrac qiymətlərinə də təsirsiz ötüşmür. Belə ki, dollara nisbətən ucuzlaşan lirə digər əksər valyutalara rəğmən də dəyərsizləşir.

Lirənin ucuzlaşması elektron satış şəbəkələr üzərindən sifarişlərin həcminə təsir göstərməkdədir. Belə ki, hələlik həmin şəbəkələrdə Türkiyə məhsullarının lirə ifadəsində qiymətlərində kəskin dəyişiklik olmadığından belə sifarişlər səmərəli hesab olunur. Manat ifadəsində hazırda daha ucuz qiymətə Türkiyə məhsullarını elektron satış şəbəkələri vasitəsilə sifariş etmək mümkündür.

Bununla belə, lirənin dollara nisbətən ucuzlaşması fonunda Türkiyədə inflyasiya müşahidə olunur. Bu ilin 4 ayının yekunlarına əsasən, Türkiyədə inflyasiya səviyyəsi 45%-dən çox olub. İnflyasiyaya qarşı sərt tədbirlər görülərsə belə, hələlik istehlak qiymətləri yüksək olaraq qalmaqdadır. Ona görə də indiki halda lirənin ucuzlaşması Azərbaycanın istehlak bazarına ciddi və davamlı təsir etmir. Bu isə o deməkdir ki, hazırda istehlak bazarında qardaş ölkədə istehsal olunan məhsulların ucuzlaşması müşahidə olunmasa belə, elektron satış şəbəkələr vasitəsi ilə mal sifarişlərində manat ifadəsində qiymətlər aşağı düşüb. Bu isə belə sifarişləri daha da cəlbedici edib.

2022-ci ildə Azərbaycan Türkiyədən 2 milyard 297 milyon dollarlıq məhsul idxal edib. Türkiyəyə ixracatımız isə 3 milyard 544 milyon dollara çatıb.

Rubl və lirə dəyərsizləşdi, manatı nə gözləyir?

Qonşu Rusiya və Türkiyədə milli valyutalar dollara nisbətən dəyər itirməkdədir. Türkiyədə keçirilən seçkidən sonra lirəyə təzyiq artmağa başladı. Hazırda 1 dollar almaq üçün 24 lirəyə yaxın vəsait ödəmək lazımdır. Rubl da dəyərsizləşməkdə davam edir. Son 1 ayda rubl dollara nisbətən 7 faizə yaxın dəyərsizləşib. Hər iki valyutaya təzyiqlər davam edir. Türkiyədə məzənnənin sadəcə ortamüddətli dövrdə stabilləşəcəyi gözlənilir. Sanksiyalar isə rublu sıxmaqdadır. Bu baxımdan, Rusiya iqtisadiyyatı ilə bağlı pozitiv olmayan proqnozlar da valyuta bazarına təsirsiz ötüşmür.

Hər iki ölkə Azərbaycanın əsas ticarət tərəfdaşlarıdır. Rusiya Azərbaycanın ən böyük idxalçısı və qeyri-neft ixracatında əsas tərəfdaşıdır. Türkiyə Azərbaycanın ümumi ticarət dövriyyəsində və eləcə də qeyri-neft ixracatında ikinci ən böyük tərəfdaşıdır.

Qonşu ölkələrin valyuta bazarlarında baş verənlərin manatın məzənnəsinə təsirlərinə gəldikdə isə kursun müyyənləşməsində əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda dövlət Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Amma xarici tərəfdaşlarımızda milli valyutaların məzənnələri də əslində iqtisadi faktorlardan biridir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxardığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur.

Azərbaycanda hələ ki, məzənnə rejiminə keçirilməyib. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də bu il manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq.

Cavid Əkbərov, “İki sahil”