29 iyun 2023 12:19
463

BSTDB-nin Azərbaycandakı portfelinin bölgüsü açıqlandı

Qara Dəniz Ticarət və İnkişaf Bankının (BSTDB) Azərbaycanda maliyyələşdirdiyi layihələrin yarıdan çoxunu (50,75 %) maliyyə institutları vasitəsilə kiçik və orta müəssisələrin dəstəklənməsi təşkil edir.

“İki sahil” xəbər verir ki, maliyyələşdirilən layihələrin 32,74 %-i enerji, 7,89 %-i daşınmaz əmlak, 4,46 %-i istehlak malları və 4,17 %-i sənaye sektorunu əhatə edir.

Azərbaycanla BSTDB arasında 43 layihə (423 milyon 607 min avro dəyərində) imzalanıb, onların 42-si (433 milyon 416 min avro) təsdiqlənib və 39 layihə (543 milyon 339 min avro) üzrə maliyyələşmə həyata keçirilib.

Təqdim olunan kreditlər əsasən enerji sektoruna, o cümlədən “SOCAR Trading” və “SOCAR AQS” şirkətlərinə, həmçinin “Şahdəniz” yatağının işlənməsinə yönəldilib.

Bankın 2021-ci ilin martında iqlim dəyişiklikləri ilə mübarizə strategiyasına görə, qarşıdakı 10 ildə “yaşıl” enerji, həmçinin iqlim gündəmi üçün əlverişli olan digər layihələrin və sosial yönümlü layihələrin kreditləşməsinin əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır. Bu əsnada BSTDB-in Azərbaycanla bərpa olunan enerji sahəsində əməkdaşlığı da kifayət qədər perspektivli görünür. Belə ki, 2027-cı ilədək Azərbaycan bərpa olunan enerji sahəsində 1 800 meqavata yaxın enerji gücünü istifadəyə verməyi planlaşdırır. 2030-ci ilədək isə bu göstərici 5 geqavata çatdırılacaq. Həmin layihələrin əhəmiyyətli hissəsi “yaşıl” enerji zonasının yaradılmasına hədəflənən Qarabağ regionundan reallaşdırılacaq.

Xatırladaq ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı 1997-ci ilin yanvar ayında Qara dəniz hövzəsi ölkələrinin iqtisadiyyatının inkişafına dəstək göstərilməsi və regional əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə yaradılıb. Onun təsisçiləri və səhmdarları 11 ölkənin – Rusiya, Yunanıstan, Türkiyə, Bolqarıstan, Ukrayna, Rumıniya, Albaniya, Azərbaycan, Gürcüstan, Moldova və Ermənistan hökumətləridir. Bankın kapitalında Azərbaycanın payı 5 %-dir.