07 iyul 2023 12:18
420

AZPROMO ötən ili mənfəətlə başa vurub

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) 2022-ci ili 1,225 milyon manat mənfəətlə başa vurub.

"İki sahil” Agentliyin maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il qurumun gəlirləri 3,854 milyon manat, xərcləri isə 2,629 milyon manat təşkil edib.

Bu il yanvarın 1-nə AZPROMO-nun aktivləri 2,221 milyon manat olub ki, bu da illik müqayisədə 14,8 dəfə çoxdur. Hesabat dövründə Agentliyin öhdəlikləri 6,6 dəfə artaraq 996 min manata çatıb, 1,225 milyon manatlıq balans kapitalı formalaşıb.

AZPROMO 2003-cü ildən fəaliyyət göstərən İxracın və İnvestisiyaların Təşviqi Fondunun bazasında 2021-ci ildə yaradılıb. Agentliyin missiyası Azərbaycanda qeyri-neft sektorunun inkişafı, istehsal olunan məhsulların xarici bazarlarda təşviqi ilə bağlı ölkə rəhbərinin qarşıya qoyduğu hədəflərə nail olmaq üçün xarici ölkələrdə müxtəlif beynəlxalq tədbirlər təşkil etmək, xarici alıcıları Azərbaycan məhsulları barədə məlumatlandırmaq və yerli şirkətlərlə əlaqələndirmək, həmçinin Azərbaycan investisiya mühiti haqqında ətraflı məlumat toplamaq istəyən və investisiya yatırmaqda maraqlı olan xarici şirkətlərə “vahid pəncərə” funksiyası əsasında xidmət göstərmək və dəstək verməkdir.