10 iyul 2023 11:04
1008

Dənizkənarı Bulvar İdarəsi mənfəətlə işləməyə başlayıb

Dənizkənarı Bulvar İdarəsi (DBİ) 2022-ci ili 102 min manat mənfəətlə başa vurub. Halbuki, qurum 2021-ci ildən 5,514 milyon manat zərərlə çıxmışdı.

“İki sahil” xəbər verir ki, ötən il DBİ-nin əsas əməliyyat gəlirləri 19,398 milyon manat (əvvəlki ilə nisbətən 41,1 % çox), xarici valyuta əməliyyatları gəlirləri 2 min manat (əvvəlki il zərər olub), digər gəlirləri 2 min manat (50,8 dəfə az), insan resursları üzrə xərcləri 11,325 milyon manat (0,7 % çox), amortizasiya və köhnəlmə xərcləri 2,138 milyon manat (2,5 dəfə az), inzibati və sair əməliyyat xərcləri isə 5,838 milyon manat (2,2 dəfə çox), təşkil edib.

Bu il yanvarın 1-nə DBİ-nin aktivləri 359,416 milyon manat olub ki, bu da illik müqayisədə 0,4 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 2,6 % artaraq 14,655 milyon manata, balans kapitalı isə 0,3 % artaraq 344,762 milyon manata çatıb.

Xatırladaq ki, DBİ 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 65,211 milyon manatdır. İdarə Dənizkənarı Milli Parkın, Dövlət Bayrağı Meydanının, Dövlət Bayrağı Muzeyinin mühafizəsi, onların ərazisinə nəzarət və onların idarə edilməsi, saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.