10 iyul 2023 21:16
413

Problemli kreditlər məsələsi necə həll olunur FOTO

STM-də “Bank mübahisələrinin uğurlu həlli yolları” mövzusunda elmi-praktik konfrans

İyulun 10-da Sosial Tədqiqatlar Mərkəzində “Bank mübahisələrinin uğurlu həlli yolları” mövzusunda elmi-praktik konfrans keçirildi.

Tədbiri Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc açaraq bildirdi ki, 2017-2022-ci illərdə Azərbaycanda Bank Ombudsmanına edilən müraciətlərin sayı 6 dəfədən çox azalıb: “2017-ci ildə müraciətlərin sayı 165 olduğu halda, 2022-ci ildə bu rəqəm 26-ya düşüb. Bank Ombudsmanının yaradılması müsbət hadisədir. Məhkəmə-hüquq sistemində böyük nüfuza malik bir şəxsin o quruma rəhbərlik etməsi məhkəməyə alternativ həll imkanlarının yaradılması üçün mühüm təşəbbüs sayılır. Bu il mayın 1-nə Azərbaycanda 591,8 milyon manat problemli kredit olub. Biz bu rəqəmin ötən ilin eyni dövrü ilə müqayisədə az və yaxud çox olması üzərində dayanmayacağıq.”

Z.Oruc diqqətə çatdırdı ki, müvafiq dövlət və hökumət institutları nəhayət ki, yarım milyard manatdan çox olan bu borc yükü ilə bağlı birdəfəlik həlli yollarını tapsa, biz o yükü ildən-ilə daşımarıq: “Bugünkü müzakirələrin əsas məqsədi maliyyə mübahisələrinin sivil həlli yollarını tapmaq, ona rəvac verən sosial-iqtisadi, elacə də hüquqi problemləri ortaya çıxarmaqdır.”

Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Toğrul Əliyev bildirdi ki, AMB beynəlxalq şirkətlə birlikdə maliyyə bazarının inkişafı üzərində işləyir: “Azərbaycanda həm əhalinin, həm də biznesin kreditləşdirilməsi üzrə böyük potensial var. İpoteka kreditləşməsinin bütün vətəndaşlar üçün əlçatan olduğunu demək olar, halbuki bir sıra ölkələrdə buna nail olunmayıb. Biznes kreditlərinin də əldə edilməsində heç bir problem yoxdur. Tənzimləyici qurumun vaxtı keçmiş kreditlərin məbləğinin azaldılması və bu sahədə problemlərin həlli istiqamətində gördüyü işlər səmərəlidir və biz növbəti illərdə ən yaxşı nəticələri əldə edəcəyik. Ümumiyyətlə isə, problemli kreditlərin həlli və maliyyənin əlçatanlığının təmin edilməsi 2026-cı ilə qədərki Sosial-İqtisadi İnkişaf üzrə Milli Strategiyada da öz əksini tapıb.”

Bundan başqa, AMB rəsmisi qeyd etdi ki, bankların tərtib etdiyi kredit müqavilələrində bəzən standartlardan kənara çıxılması, müqavilənin kiçik şriftlərlə yazılması və bu kimi digər hallar problemlərə səbəb ola bilər: “Apardığımız işlər sayəsində bu kimi nöqsanlar qısa müddətdə aradan qaldırılacaq.”

“Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin sədri Zakir Nuriyevin sözlərinə görə, ölkəmizdə problemli kreditlərin ümumi kredit portfelinə nisbəti beynəlxalq standartların tələb etdiyi faiz dərəcəsindən aşağıdır: “Bank mübahisələrində mediasiyanın tətbiqi problemli kreditlərin azalmasına təsir edib. Banklar mediasiya tətbiqindən istifadə etməkdə maraqlıdırlar. Hazırda bank sektoru üzrə problemli kreditlərin məbləği 500 milyon manatdan azdır.”

Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev bildirdi ki, ölkəmizdə sığorta şirkətləri ilə sığortalılar arasında yaranan mübahisələr bizi məyus edir: “Mediasiya institutu sığorta mübahisələrinin azalmasına səbəb ola bilər. Qarşıda duran əsas məsələ bu institutun inkişafıdır. Sığorta mübahisələri zamanı iştirakçılar özləri mediasiya institutuna müraciət etməlidirlər. Mediatorlar bu kimi mübahisələrin həllində aktiv iştirak etməli və biz də onların inkişafına kömək göstərməliyik.”

Milli Məclisin deputatı Mahir Abbaszadə söylədi ki, devalvasiyadan sonra Prezident İlham Əliyevin vətəndaşların problemli kreditlərinin həll edilməsi ilə bağlı müvafiq Sərəncamı bir tərəfdən banklara olan borcun ödənilməsinə müsbət şərait yaratdı. Bizə ən çox müraciət edilən məsələlərdən biri, bəlkə də birincisi istehlak kreditlərinin ödənilməsi ilə bağlı insanların üzləşdikləri problemlərdir. Vətəndaşlarımızın istehlak kreditləri alan zaman banklarla müqavilə imzalayarkən şərtlər barədə məlumatsız olması, həmçinin zaminlərlə bağlı məsələlər sonradan çox böyük problemlərə səbəb olur.”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd etdi ki, Azərbaycandakı kommersiya banklarının verdikləri kreditlərin 76 %-i Bakının payına düşür. Odur ki, regionlarda kreditlər əlçatan deyil: “Regionlarda xüsusilə sahibkarların kreditlərə əlçatanlığı aşağı səviyyədədir. Paytaxtdan kənarda kreditləşmə imkanlarından kifayət qədər yaxşı istifadə edilmir.”

Deputatın sözlərinə görə, bundan başqa, Azərbaycanda istehlak kreditləşməsinin sürətlə artması da narahatlıq doğurur: “Bu ilin 5 ayında ölkədə 9 milyard manatdan çox istehlak və ipoteka kreditləri verilib. Biz nə qədər istehlak kreditlərinə önəm veririksə, bir o qədər də mübahisələr üçün zəmin yaradırıq.”

Tədbirdə, həmçinin ekspertlər, QHT nümayəndələri çıxış edərək mövzu ilə bağlı fikir və təkliflərini bildirdilər.

Sonda tədbir iştirakçılarının aktual mövzularla bağlı sualları cavablandırıldı.

Cavid Əkbərov, “İki sahil”