14 iyul 2023 19:17
368

14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün - FOTO

14 iyul 2023-cü il tarixdə  Yeni Azərbaycan Partiyası Kürdəmir  rayon təşkilatının və Kürdəmir rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə  “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün”  mövzusunda  dəyirmi masa keçirilib.

Tədbirdə  Kürdəmir rayon İcra Hakmiyyətinin Başçısının  müavini Vəsilə Əsgərli, Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, idarə, müəssisə və təşkilat rəhbərləri, ərazi partiya təşkilat sədrləri, partiya fəalları, ictimaiyyət nümayəndələri  iştirak etmişlər.

“İki sahil” xəbər verir ki,  YAP Kürdəmir rayon təşkilatının qərargahında keçirilən dəyirmi masada  tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından  keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə  Kürdəmir rayon İcra Hakmiyyətinin Başçısının  müavini Vəsilə Əsgərli çıxış edərək bildirib ki,   Azərbaycanın xilaskarı, ulu öndərimiz Ümummilli Lider Heydər Əliyevin 1969-cu il iyul ayının 14-də hakimiyyətə gəlişi ölkəmizin siyasi-iqtisadi, mədəni və həmçinin sosial həyatının yüksək səviyyədə inkişafına səbəb oldu. Bu inkişafı ölkə əhalisinin bütün təbəqələri hiss etdi, gördü. Azərbaycanda zavodların, fabriklərin, müəssisələrin fəaliyyətə başlaması, yeni iş yerlərinin açılması Heydər Əliyevin adı  ilə bağlıdır. Ulu Öndərimizin xalqına olan sevgisi, bağlılığı hər bir insan üçün nümunə olmalıdır. Onun millətinə və  vətəninə olan bu sevgisi daima xalqının mənafeyinə, milli maraqlara uyğun şəkildə qərar verməsində, Azərbaycanın müstəqilliyi uğrunda göstərdiyi misilsiz xidmətlərdə özünü göstərirdi.  Ümummilli Lider Heydər Əliyev cənab İlham Əliyevə Özü qədər inandığını bəyan etmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyev haqqa, ədalətə söykənən bu istəyi gerçəkliyə çevirdi, üçrəngli bayrağımızın işğaldan azad edilmiş ərazilərimizdə dalğalanmasına nail oldu.

Çıxışçılardan “Azərbaycan cəmiyyəti Heydər Əliyevin rəhbərliyi altında böyük dəyişikliklərin şahidi oldu” mövzusunda Kürdəmir rayon Mərkəzi Kitabxanalar Sisteminin əməkdaşı Məhinə Şirəliyeva, “Heydər Əliyev SSRİ-nin geridə qalmış ucqarlarından biri olan Azərbaycanın həyatında dönüş yaratdı” mövzusunda şəhər 4 saylı tam  orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Lalə Əlizadə,  “Ulu Öndər Heydər Əliyevin 14 iyulda hakimiyyətə gəlişi Azərbaycan dövlətçiliyinin əsasını qoydu” mövzusunda şəhər 6 saylı  tam orta məktəbin təşkilatçısı Fəxriyyə Yaqubova, “Müstəqilliyə doğru böyük dönüş və milli oyanışın başlanması ” mövzusunda şəhər 5 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Loğman Şirinov və “Azərbaycanın gələcəyi uğrunda yorulmaz fəaliyyət” mövzusunda  Kürdəmir rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülsüm Qənbərova  vurğulayıblar ki, ölkənin inkişafı onun iqtisadiyyatının güclü olması ilə bağlıdır.

Ulu Öndər Heydər Əliyev də iqtisadiyyatın inkişafına xüsusi önəm verərək bugünkü güclü iqtisadiyyatımızın təməlini qoydu. 1969-cu ildən etibarən 1982-ci ilə qədər ölkədə milli gəlirin xeyli artması, kənd təsərrüfatı məhsullarının, sənaye istehsalının və digər istehsal sahələrindəki artımın müşahidə olunması iqtisadiyyatın sürətli inkişafının sübutudur.  Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərliyinin birinci dövründə, bütün sahələrdə olduğu kimi, təhsil sahəsinə də diqqət və qayğı göstərdi. Ümummilli Liderimizin rəhbərliyi altında yeni məktəblər inşa olundu, maddi-texniki baza formalaşdırıldı və bir çox tədbirlər həyata keçirildi. Azərbaycan müstəqillik qazandıqdan sonra 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdan Ulu Öndər  Heydər Əliyev Azərbaycanı çətin vəziyyətdən qurtardı və bütün dünyada  tanıtdı. Ölkəmiz günü-gündən inkişaf etdi və bütün sahələrdə uğurlar qazandı. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan dahi şəxsiyyət dahi Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir.