15 iyul 2023 17:32
323

FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Nazirlikdən "İki sahil"ə verilən məlumata görə, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Sabunçu rayonu 8 saylı Şəhər Xəstəxanası, Nizami rayonu 18 saylı Birləşmiş Şəhər Xəstəxanası və Yasamal rayonu 16 saylı Şəhər Poliklinikasında, Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhər 22 nömrəli körpələr evi-uşaq bağçasında, Cənub Regional Mərkəzi tərəfindən Masallı Rayon İcra Hakimiyyəti başçısının Boradigah qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyində, Aran Regional Mərkəzi tərəfindən Naftalan şəhər Qaşaltı-Qaraqoyunlu kənd İcra nümayəndəliyində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzində və Oğuz Rayon Statistika idarəsində, Qarabağ Regional Mərkəzi tərəfindən “Ağdam Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə və Gəncə Regional Mərkəzi tərəfindən Göygöl rayonu 1 nömrəli körpələr evi-uşaq bağçasında maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.