İlqar Heybətov: Xəstəliklərin cavanlaşması və həkimə gec müraciət əsas narahatlıq doğuran tendensiyalardır
Ürək-damar xəstəlikləri dünyada olduğu kimi, Azərbaycanda da ən ciddi səhiyyə problemlərindən biri olaraq qalır. Mütəxəssislər bildirirlər ki, müasir tibbin imkanları genişlənsə də, profilaktika və erkən diaqnostika bu xəstəliklərlə mübarizədə hələ də əsas rol oynayır.

M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Ürək Cərrahiyyəsi şöbəsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru İlqar Heybətov "İki sahil"ə özəl müsahibəsində bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada təxminən 20 milyon insan ürək-damar xəstəlikləri səbəbindən həyatını itirir və bu, bütün ölüm hallarının təxminən 32 faizini təşkil edir.
O qeyd edib ki, Azərbaycanda da ürək-damar xəstəlikləri uzun illərdir ölüm səbəbləri arasında birinci yerdədir. Ən çox rast gəlinən patologiyalar koronar arteriya xəstəliyi, miokard infarktı, arterial hipertenziyanın ağırlaşmaları, ürək qapaqları, aorta və periferik damar xəstəlikləridir.
İ.Heybətov əlavə edib ki, son illərdə iki mühüm tendensiya diqqəti cəlb edir. Bunlardan biri ürək-damar xəstəliklərinin daha gənc yaşlarda müşahidə olunması, digəri isə insanların həkimə gec müraciət etməsidir. Onun sözlərinə görə, ateroskleroz uzun illər simptomsuz inkişaf edə bilər və ilk əlamət bəzən infarkt və ya qəfil ürək ölümü olur.
Mütəxəssis vurğulayıb ki, risk faktorlarının vaxtında müəyyənləşdirilməsi, sağlam həyat tərzi və mütəmadi tibbi nəzarət minlərlə insanın həyatını xilas edə bilər.
Yaqut Ağaşahqızı, “İki sahil”
Ürək cərrahiyyəsində uğurun əsası əməliyyatdan əvvəl və sonrakı mərhələdə qoyulur
Müalicə üsulu sosial şəbəkələrdə yayılan fikirlərlə deyil, xəstənin klinik vəziyyətinə əsasən müəyyənləşdirilməlidir - İlqar Heybətov