22 oktyabr 2026 23:59
131

Azərbaycanın xarici ticarət dövriyyəsi ilk 8 ayda 33,9 milyard dolları ötüb

Azərbaycan son illərdə qeyri-neft sektorunun inkişafını iqtisadi siyasətin əsas prioritetlərindən biri kimi müəyyənləşdirib və xarici sərmayədarları ölkədə biznes qurmağa, istehsal yaratmağa və yeni texnologiyalar gətirməyə dəvət edir. Bu yanaşmanın ən konkret və praktik nümunələrindən biri sənaye parkları və sənaye məhəllələridir. Dövlət tərəfindən infrastrukturla təmin olunan bu zonalar həm yerli, həm də xarici investorlar üçün daha əlverişli biznes mühiti yaradır, istehsalın genişlənməsinə və ixrac potensialının artmasına xidmət edir.

Bu gün ölkəmizdə sənaye parklarının sayı 10-a çatdırılıb. Hazırda  Azərbaycanda  Sumqayıt Kimya, Balaxanı, Qaradağ, Pirallahı, Hacıqabul, Mingəçevir, Naxçıvan, Ağdam və «Araz Vadisi İqtisadi Zonası» sənaye parkları,  Neftçala, Masallı, Sabirabad və Şərur sənaye məhəllələri, həmçinin qeydiyyata alınmış 24 aqropark mövcuddur. Eyni zamanda, bu parklar  sahibkarları rəqabətqabiliyyətli məhsullar istehsal etmək və xidmət göstərmək üçün zəruri infrastruktur və idarəetmə mexanizmləri ilə təmin edir. Burada müasir texnologiyaların tətbiqi ilə işlər səmərəli şəkildə qurulacaq və sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılacaq.

Məzh bu aqroparkların və sənaye məhəllələrinin məhsullarının artımı  ölkəmizdə ixracın həcmini genişləndirib. Belə ki,  2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 33 milyard 934,9 milyon ABŞ dolları təşkil edib. Bu dövrdə ixracın dəyəri 22 milyard 511,5 milyon dollar, idxalın dəyəri isə 11 milyard 423,4 milyon dollar olub. Nəticədə 11 milyard 88,1 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2025-ci ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi cari qiymətlərlə 7,4% artsa da, real ifadədə 15,4% azalıb.

Cari ilin ilk səkkiz ayında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 175 ölkəsi ilə ticarət əməliyyatları həyata keçiriblər. Hesabat dövründə 125 ölkəyə məhsul ixrac olunub, 163 ölkədən isə idxal həyata keçirilib. Dövlət Gömrük Komitəsinin mətbuata açıqlamsında bildirilir ki, ölkəmizin xarici ticarət dövriyyəsinin 87,2 faizi İtaliya, Türkiyə, Birləşmiş Krallıq, Çin, Rusiya, Gürcüstan, Almaniya, Çexiya, Rumıniya, Yunanıstan, Bolqarıstan, ABŞ, Hindistan, İsveçrə, İran, Ukrayna, Fransa, Belarus və Suriya ilə aparılan ticarət əməliyyatlarının payına düşüb.

İdxalımızda isə maşınlar, mexanizmlər, elektrotexniki avadanlıq və aparatların, nəqliyyat vasitələrinin, kimya sənayesi məhsullarının, azqiymətli metalların və onlardan hazırlanan məmulatların dəyəri üstünlük təşkil edib. O cümlədən  hazır qida məhsulları, içkilər və tütün məmulatları, bitki mənşəli və mineral məhsullar, plastmas və ondan hazırlanan məmulatlar, eləcə də tekstil materialları və məmulatları idxalda əhəmiyyətli paya malik olub.

Təbii ki, ixrac və idxal əməliyyatlarında Azərbaycanın əlverişli coğrafi mövqeyi və beynəlxalq nəqliyyat dəhlizlərində artan rolu da bu əməkdaşlıq üçün əlavə stimuldur. Ölkəmizin Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzərində yerləşməsi, tranzit imkanlarının genişlənməsi, liman və dəmir yolu infrastrukturunun inkişafı dünyanın fövqəlgüclərini də regiona cəlb etmək baxımından müsbət amildir.

Elçin Zaman, “İki sahil”