Bahar Muradova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilin 6 ayındakı fəaliyyətinə həsr olunmuş brifinq keçirdi
İyulun 19-da baş tutan brifinqdə Bahar Muradova qarşıdan gələn Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edərək, fəaliyyətlərində uğurlar arzuladı. O, Komitənin fəaliyyətində mətbuatla işin prioritet istiqamət olduğunu vurğuladı.
Cari ilin ölkəmiz üçün çox əhəmiyyətli bir dövr olduğuna diqqət çəkən komitə sədri iyulun 11-də 2023-cü ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifələrdən söz açdı. Bildirdi ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası, o cümlədən sosial islahatların davam etdirilməsi 2023-cü ilin altı ayında vacib istiqamətlər olub. Komitə də öz növbəsində əsasnaməsindən və illik fəaliyyət planlarından irəli gələn öhdəliklərə əsasən vəzifələrini icra etməyə çalışır.
B. Muradova ailə, qadın və uşaq məsələləri istiqamətində normativ-hüquqi bazanın gücləndirilməsi və qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə komitə tərəfindən 6 sənəd layihəsinin hazırlandığını, 5 sənəd layihəsinə rəy və təklifin verildiyini diqqətə çatdırdı.
Cari yarım il ərzində Komitə tərəfindən 6 müxtəlif mövzuda araşdırma və təhlilin yekunlaşdığını diqqətə çatdıran sədr bildirdi ki, hesabatlar qohum evlilikləri üzrə vəziyyətin öyrənilməsi, erkən uşaqlıq dövründə xidmətlərin əlçatanlığı və təminatı, uşaqlara qarşı zorakılıq hallarının səbəbləri, miqyası, nəticələri və qarşısının alınması, təhsil müəssisələrində rəhbər vəzifələrdə gender bərabərsizliyi, erkən nikah halları, medianın intiharlara təsiri kimi mövzuları əhatə edib.
Ailə məsələləri istiqamətində 8523 nəfərin iştirakı ilə 40 təlim, seminar və icma görüşünün keçirildiyini və 6 layihənin icra edildiyini bildirən B. Muradova xüsusilə vurğuladı ki, Türkiyə ilə Azərbaycan arasında imzalanmış Fəaliyyət Planına uyğun olaraq, qardaş ölkədən dəvət olunmuş hekayəçilərin iştirakı ilə 5000-ə yaxın valideyn və uşaq auditoriyasını əhatə edən nağıl günləri təşkil edilmişdir. Hesabat dövründə qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin edilməsi istiqamətində Komitə tərəfindən 1056 nəfərin iştirakı ilə 9 təlim və seminar, 3 konfrans keçirilib. B. Muradova komitənin 17 rayonda yaradılan Qadın Resurs mərkəzlərinin fəaliyyətinə də toxunaraq, 4970 nəfərin bu mərkəzlərin xidmətlərindən bəhrələndiyini bildirdi.
Komitə sədri uşaq hüquqlarının qorunması, uşaq iştirakçılığının artırılması, cəmiyyətdə baş verən mənfi hallardan onların müdafiəsi, erkən nikah və uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması və digər istiqamətlər üzrə görülən işlər haqqında məlumat verdi. Bildirdi ki, cari ilin 6 ayı ərzində bununla bağlı ümumilikdə 6 layihə, 1868 nəfərin iştirakı ilə 29 təlim, seminar və konfrans keçirilib.
Komitənin 11 Uşaq və Ailələrə Dəstək mərkəzlərinin fəaliyyətindən 20515 nəfərin yararlandığını vurğulayan B. Muradova 1570 nəfər tərəfindən daxil olmuş 1608 müraciətdən 646-sının təmin edildiyi, digərlərinin isə aidiyyəti üzrə yönləndirildiyini bildirib.Həmçinin 2023-cü ilin birinci yarımili ərzində erkən nikah hadisəsi ilə bağlı 20 fakt üzrə monitorinq-ailə səfərlərinin təşkil edildiyini, 17 erkən nikah halının qarşısının alındığı diqqətə çatdırıldı. Komitə sədrinin 11 rayonun vətəndaşlarını əhatə etməklə 6 regionda qəbulunun mərkəzlər tərəfindən 6 ay müddətində 4 “Açıq Qapı günü”nün keçirildiyi bildirildi. Qeyd edildi ki, cari yarımil ərzində Komitəyə 1834 vətəndaş müraciəti daxil olmuşdur. Məişət zorakılığı ilə bağlı müraciətlər ötən ilin birinci yarısı ilə müqayisədə 10% artıb.
Hesabat dövründə 860 Gender əsaslı zorakılıqla bağlı Dəstək xətti haqqında danışan B. Muradova cari ilin 6 ayında sözügedən xəttə 146 müraciətin daxil olduğunu qeyd etdi. Qadın Dəstək Xəttinin də fəaliyyətinə toxunan sədr bildirdi ki, 116-1111 xəttinə 3359 müraciət daxil olub.
Bahar Muradova kütləvi informasiya vasitələri, vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın rəhbərlik etdiyi qurumun fəaliyyətində əsas yer tutduğunu vurğulayaraq 6 ay ərzində 115 media müraciətinin cavablandırıldığını, 11 nəfər üzvdən ibarət yeni İctimai şura tərkibinin formalaşdığını diqqətə çatdırdı.
Azərbaycan Hökumətinin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə Konvensiya”nın icrasına dair altıncı dövri hesabatının, eləcə də “Uşaq hüquqları haqqında Konvensiya”nın icrasına dair beşinci və altıncı birgə dövri məruzəsinin təqdim edildiyini bildirən sədr hər iki məruzədən sonra yekun müşahidələr və tövsiyələrin qəbul edildiyini vurğuladı.
Daha sonra erkən nikah və məişət zorakılığı hallarının qarşısının alınması, mühafizə orderlərinin verilməsi, Türkiyə Respublikası ilə imzalanmış Memorandum çərçivəsində Fəaliyyət Planının icrası, yeni yaradılacaq ailə mərkəzləri, BMT-nin müvafiq komitələrinin tövsiyələrinin icrası, işğaldan azad olunmuş ərazilərə köçürülmüş əhali qrupu, eləcə də müharibə və postmüharibə dövründə qazi və şəhid ailələri ilə həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlər barədə və digər aktual mövzular üzrə media nümayəndələri tərəfindən ünvanlanan suallar Bahar Muradova tərəfindən cavablandırıldı.
Yaqut Ağaşahqızı, “İki sahil”