16 iyul 2026 16:28
141

BMT-də islahatlar inklüziv və təmsilçilik prinsipinə əsaslanmalıdır - TƏHLİL

Dövlətimizin başçısı İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində bu reallığı da əsaslı şəkildə bir daha tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, Minsk qrupunun bütün fəaliyyəti münaqişənin həllinə deyil, işğalın sonsuz olmasına xidmət edirdi

IV Şuşa Qlobal Media Forumu başa çatsa da dövlətimizin Prezident İlham Əliyevin tədbirin açılış mərasimindəki çıxışı, iştirakçıların suallarını cavablandırarkən səsləndirdiyi çağırışlar hazırda ölkə və dünya mətbuatında geniş şərh edilir. Təbii ki, Forumun mühüm özəlliklərindən biri azad Qarabağda, Şuşada keçirilməsi, məhz çağırışların bu məkandan beynəlxalq ictimaiyyətə çatdırılmasıdır. Reallıq budur ki, Şuşa Qlobal Media Forumu qısa müddət ərzində dünyanın müxtəlif ölkələrindən media rəhbərlərini, jurnalistləri, ekspertləri, dövlət rəsmilərini və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirən nüfuzlu beynəlxalq platformaya çevrilib. Forumun hər il seçilən mövzuları qlobal informasiya gündəmini müəyyənləşdirən ən aktual məsələləri əhatə etməklə yanaşı, müasir medianın inkişaf istiqamətlərini və onun qarşısında duran əsas çağırışları əks etdirir. Builki Forum “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunu əhatə edərək 53 ölkədən 160 qonağı, o cümlədən 30 xəbər agentliyinin nümayəndələrini, 60-dan artıq media qurumunu, bu sahədə fəaliyyət göstərən 10 beynəlxalq təşkilatı və təsisatı bir araya gətirdi. Ümumilikdə son dörd ildə Forumda 81 ölkənin 600-ə yaxın media nümayəndəsi iştirak edib.

Tarixi Zəfərimizdən sonrakı dövrün reallıqlarına, çağırışlarına uyğun olaraq keçirilən Şuşa Qlobal Media forumlarında Azərbaycanın tarixi həqiqətləri, 30 illik işğal dövrünün reallıqları, postmünaqişə dövründə əsas hədəflər əsaslı şəkildə diqqətə çatdırılır. Azərbaycan dövləti hər zaman ən yüksək tribunalardan haqq səsimizi dünyaya çatdırıb, ədalətin və beynəlxalq hüququn yanında olduğunu bildirir. Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında dünya güclərinin ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlər əsaslı şəkildə təhlil edilir. Bu baxımdan IV Şuşa Qlobal Media Forumu diqqətdə oldu. Artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan, amma reallıqda Ermənistana dəstəklə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi hər zaman xüsusi vurğulanır. Prezident İlham Əliyev Forum iştirakçılarının suallarını cavablandırarkən bildirdi ki, təxminən 30 il davam etmiş işğal dövründə ABŞ administrasiyaları, ATƏT-in ozamankı Minsk qrupunun digər həmsədrləri ilə birlikdə, BMT Təhlükəsizlik Şurasının özlərinin də qəbul etdiyi qətnamələr əsasında Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə nail olmaq əvəzinə, münaqişənin dondurulması siyasətini yürüdürdülər. Onların əsas məqsədi münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq və bundan həm Azərbaycana, həm də müəyyən dərəcədə Ermənistana təsir vasitəsi kimi istifadə etmək idi. Onlar tam sinxron şəkildə fəaliyyət göstərirdi və ATƏT-in Minsk qrupunun bütün fəaliyyəti münaqişənin həllinə deyil, işğalın sonsuz olmasına xidmət edirdi. “Mən bunu dəfələrlə demişəm: ABŞ, Fransa və Rusiyanın rəhbərlik etdiyi bu Minsk qrupu yalnız Qarabağı, yəni təkcə Qarabağı deyil, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədlərini deyil, həm də Laçın və Kəlbəcər rayonlarının bütün ərazisini əlimizdən alıb Ermənistana vermək istəyirdi ki, biz buna razı olaq. Bunun müqabilində bizə olduğumuz yerdən şərqə doğru beş rayonun qaytarılması vəd edilirdi” söyləyən cənab İlham Əliyev vurğuladı ki, amma nə mən, nə də Azərbaycanda heç kim buna razı olmazdı. Lakin bu, üç aparıcı ölkənin konsolidasiya olunmuş mövqeyi idi, ən azından onların Təhlükəsizlik Şurasının daimi üzvləri, mən bu termindən istifadə edirəm – dünyanın aparıcı dövlətləri olduqlarını nəzərə alsaq, bu mövqeyə müqavimət göstərmək olduqca çətin idi. İkinci Qarabağ müharibəsi başlayanda onların hamısı dərhal dayanmağı tələb edirdi. Bəziləri çox, digərləri az bezdirici şəkildə qorxudur, təhdid edir, zəng edirdilər. Amma hamısı istəyirdi ki, biz dayanaq, hər şeyi olduğu kimi saxlayaq. Bir məqamda bəziləri təklif edirdi: “Yaxşı, Füzuli azad edilib, amma dayanın”. Müxtəlif diplomatik mexanizmlərdən istifadə etməli olduq: “Xarici işlər nazirimizi Moskvada, Vaşinqtonda və Avropada çoxsaylı görüşlərə göndərdim. Belə bir məqsəd var idi - Azərbaycanın öz ərazisini bərpa etməsinə imkan verməmək. Lakin bu məqsədə nail olunmadı, çünki xalqın iradəsini qırmaq mümkün deyil. Müstəqillik uğrunda mübarizə aparan, kimliyini qoruyan bir xalqı məğlub etmək, onları məhv etmək, başqalarının iradəsini zorla qəbul etdirmək mümkün deyil. Bu anlayış hələ də hərbi əməliyyatların davam etdirilməsi uğrunda çıxış edənlərə agah olmalıdır.”

Daim diqqətdə olan məsələlərdən biri BMT sistemində islahatların aparılmasının vacibliyidir. Azərbaycan dövlətinin məsələ ilə bağlı mövqeyi məlumdur. Çağırışlar sırasında hər zaman bu reallıqlar xüsusi yer tutur ki, BMT bəşəriyyətin gözləntilərinə cavab vermir. BMT-də ciddi islahatların aparılması qaçılmazdır. BMT Təhlükəsizlik Şurası keçmişin qalığıdır və hazırkı reallıqları əks etdirmir. Azərbaycan Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinin tərəfdarıdır. Dövlət başçısı İlham Əliyevin çağırışlarında bu fikirlər də yer alır ki, BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatına bir daimi yer verilməlidir. Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına sədrlik edən ölkələr BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında yer almalıdırlar. Azərbaycan neokolonializm meyillərinin artmasından olduqca narahatdır. Dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparmalı və onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməlidir.

Təbii ki, hər bir məsələnin gündəmə gətirilməsini zəruri edən səbəblər vardır. Reallıq budur ki, BMT Təhlükəsizlik Şurası bu gün səmərəli deyil. Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə günün içində icra olunub. Lakin Azərbaycana gəldikdə isə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə 30 ilə yaxın bir müddətdə məhəl qoyulmamışdır. Aparıcı beynəlxalq təşkilatların qərarları ya icra olunmur, ya da selektiv yanaşma və ikili standartlar tətbiq edilir. 2020-ci il 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi və Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdi. Bu gün böyük əminliklə qeyd edirik ki. işğaldan azad edilmiş ərazilərimiz erməni vəhşiliklərinin şahidləridir. Bu ərazilər tamamilə dağıdılıb. Tarixi, dini abidələrimiz yerlə-yeksan edilib. 30 il havadarlarının əlində ərköyün uşaq kimi böyüyən işğalçı Ermənistana Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində elə bir dərs verdi ki, heç zaman unutmayacaq. Artıq bundan sonra işğalçı dövlətin rəhbərliyi beynəlxalq hüququn mövcudluğundan özünü xəbərsiz aparmayacaq. Çox qısa zamanda Azərbaycanın malik olduğu iqtisadi və maliyyə imkanları işğaldan azad olunan ərazilərimizin əvvəlki vəziyyətinə qayıtmasını təmin edəcək. Məscidlərin, tarix memarlıq abidələrinin dağıdılması, mal-qara saxlanılaraq təhqir edilməsi erməni vandalizminin bariz nümunəsidir və bu fakt təkcə Azərbaycanın deyil, ümumilikdə, dünyanın mədəni irsinə barbar münasibət kimi beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınanmalıdır. Azərbaycanın işğaldan azad olunmuş əraziləri klassik urbisid, kultursid və ekosid nümunələridir.

Qarabağın və Şərqi Zəngəzurun diplomatik mərkəzə çevrilməsi, beynəlxalq tədbirlər üçün ideal məkan kimi qəbul edilməsi həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasında öz sözünü deyir. Şuşa Qlobal Media Forumunun keçirilməsində də əsas məqsəd məhz budur. Cənab İlham Əliyev Forumun açılış mərasimindəki çıxışında bildirdi ki, burada, Azərbaycanda, Qarabağda, Şuşada bu cür mötəbər auditoriyanı qəbul etmək böyük şərəfdir. Forumun ideyası maraq doğuran məsələləri, qarşılıqlı surətdə narahatlıq doğuran sualları müzakirə etmək, həmçinin Qarabağ və Şuşa ilə tanış olmaq məqsədilə dünyanın müxtəlif guşələrindən media nümayəndələri üçün mühit yaratmaqdan ibarətdir. Vaxt keçdikcə dövri olaraq buraya gələn qonaqlarımızın bir çoxu Qarabağın inkişafını, yenidənqurmanı görürlər. Onlar ilk dəfə gəldikləri zaman, bəlkə də yalnız dağıntıları gördülər, lakin indi şəhərləri görürlər. Onlar yeni mənzillərdə və evlərdə yaşayan insanları görürlər. Bir sözlə, bu, müxtəlif meyarların kombinasiyasıdır. Birincisi, hər dəfə, hər il Forumun mövzusu sadəcə cari çağırışları əks etdirir. İkincisi, mühit çox mehriban, çox müsbətdir və müxtəlif mediadan olan bir çox insanlar, əminəm ki, Şuşada görüşlərdən sonra yaxın dostlara çevrilirlər. Əlbəttə ki, bizim üçün mühüm meyar qərarların qəbul edilməsi prosesinə təsir göstərən, öz ölkələrində və onun hüdudlarından kənarda ictimai rəyi formalaşdıran insanlardan ibarət böyük qrupu toplamaqdır və Qarabağın öz köklərinə qayıtmasını, bu torpaqların yiyələrinin qayıtmasını, real inkişafı göstərməkdir.

Azərbaycan işğaldan azad olunmuş ərazilərdə öz maliyyə resursları ilə genişmiqyaslı yenidənqurma işləri aparır. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından dərhal sonra dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərləri bərpa-quruculuq işlərinin sonrakı mərhələsi barədə aydın təsəvvür yaratdı. Ölkə Prezidentinin hər bir səfəri tarixi hadisə olmaqla yanaşı, Böyük Qayıdışı daha da sürətləndirən mühüm addımlarla yadda qalır. Ötən beş ildən artıq dövrdə bu ərazilərdə infrastrukturun yenilənməsi, təkmilləşdirilməsi, yenidən qurulması prioritet məsələ kimi öndə dayandı. Bir mühüm hadisəni xüsusi qeyd etməliyik ki, qısa zamanda Azərbaycan Qarabağın və Şərqi Zəngəzurun hava qapılarını dünyaya açdı. Bu gün Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanları qonaqlarını qarşılayır. IV Şuşa Qlobal Media Forumunun iştirakçıları azad Qarabağda yaradılan bu imkanlardan bəhrələndi. Həmçinin artıq bu və ya digər ölkələrin dövlət başçılarının Qarabağa və Şərqi Zəngəzura səfərləri, onların bu ərazilərdə yerləşən beynəlxalq hava limanlanlarında qarşılanma mərasimlərinin keçirilməsi qürurverici hadisələr olmaqla bərabər, Azərbaycanın iqtisadi və maliyyə imkanlarını, bu torpaqlarımızın strateji əhəmiyyətini təsdiqləyir. Hər bir bölgədə yol infrastrukturunun təkmilləşdirilməsi sahibkarlığın inkişafında, həmin rayonların malik olduqları potensialdan səmərəli istifadə də mühüm rol oynayır. Cənab İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Priortietlər”də qarşıdakı dövrün əsas prioritetləri və icra mexanizmi öz əksini tapıb. Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərlər ilə yanaşı, bu ərazilərimizin bərpasına, sosial-iqtisadi inkişafına yönələn Fərman və sərəncamları da silsilə xarakteri daşıyır. Səfərlərin davamlılığı Böyük Qayıdış Proqramının uğurlu icrasını daha da sürətləndirir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri ədalətin, beynəlxalq hüququn təntənəsidir. Azərbaycan 30 illik işğala son qoyaraq BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra etdi. Əvvəldə də qeyd etdiyimiz kimi, münaqişənin nizamlanmasında vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan ABŞ, Fransa və Rusiya, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Qarabağla bağlı qətnamələrin hazırlanmasında və qəbulunda iştirak edən dövlətlər onların icrasına laqeyd yanaşmaları ilə ədalət, beynəlxalq hüquq anlayışlarını öz maraqlarına qurban verdiklərini təsdiqlədilər. Baxmayaraq ki, Azərbaycan 30 ilə yaxın zamanda dünya güclərindən ədalət gözlədi.

Azərbaycan bütün beynəlxalq təşkilatların, o cümlədən BMT-dən sonra ikinci böyük siyasi təsisat olan Qoşulmama Hərəkatının tribunasından ədalət, beynəlxalq hüquq çağırışlarını etdi və yeni dünuya nizamının formalaşdığı hazırkı dövrdə də ədalətli dünyanın vacibliyini bəyan edir. Qoşulmama Hərəkatına sədrliyi dövründə ölkəmizin bu istiqamətdə atdığı addımlara üzv dövlətlər tərəfindən verilən dəstək Azərbaycanın quruma sədrlik müddətinin bir il uzadılmasında özünün aydın ifadəsini tapdı. Üzv dövlətlərin hər biri Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən mövqeyini dəstəkləyir. Real faktlara, tarixi həqəqətlərə əsaslanan təbliğat uzunömürlü olmaqla yanaşı, gec-tez zəfər çalır. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi vurğuladığı məsələlərdən biri də neokolonializmlə mübarizə məsələsi oldu. Bu çağırış edildi ki, dekolonizasiya mühitində yaranmış Qoşulmama Hərəkatı bu mövzuya xüsusi önəm ayırmalıdır. Prezident İlham Əliyev Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırdı. Beləliklə, məhz Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının beynəlxalq aləmdə nüfuzu daha da yüksəldi, onun beynəlxalq gündəlikdə duran qlobal məsələlərin həllində rolu daha da artdı. Prezident İlham Əliyevin sədrliyi ilə Hərəkat sürətlə dəyişən bugünkü dünyada öz mövqeyi və yeri olan mötəbər beynəlxalq təsisata çevrildi. Bu gün Qoşulmama Hərəkatı multilateralizm nümunəsi kimi qəbul edilir. Bu uğurlu sədrliyi ilə Azərbaycan göstərdi ki, böyük ərazisi və əhalisi olmasa da, məhz güclü Liderin rəhbərliyi altında qlobal nailiyyətlərə imza ata bilər.

Dövlətimizin başçısı İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda da bu kimi məsələlərə bir daha diqqəti yönəltdi. “İslahatlarla bağlı bu məsələ Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında vaxtaşırı müzakirə olunur” deyən cənab İlham Əliyev vurğuladı ki, lakin indiyədək hər hansı nəzərəçarpacaq irəliləyiş əldə edilməyib. Azərbaycanın bu məsələ ilə bağlı öz mövqeyi var və olub. Qoşulmama Hərəkatına sədrliyimiz dövründə biz Təhlükəsizlik Şurasında islahatlarla bağlı öz təklifimizi irəli sürmüşük. Çünki hesab edirik ki, bu islahat inklüziv və təmsilçilik prinsipinə əsaslanmalıdır. Bizim təklifimiz bundan ibarət idi ki, rotasiya prinsipi əsasında daimi yerlərdən biri Qoşulmama Hərəkatına verilsin və məsələn, Hərəkata hazırda sədrlik edən ölkə veto hüququna malik daimi üzv kimi Təhlükəsizlik Şurasında təmsil olunsun. Eyni qaydada bir yer İslam Əməkdaşlıq Təşkilatına verilməlidir. Çünki müsəlman ölkələri də Təhlükəsizlik Şurasında təmsil olunmayıblar. Bu yer də rotasiya prinsipi əsasında müəyyənləşdirilməlidir. Həmçinin bir yer Afrika İttifaqına verilməli və hazırda Afrika İttifaqına sədrlik edən ölkə həmin yeri tutmalıdır. Hesab edirəm ki, bu, Təhlükəsizlik Şurasında daha ədalətli tarazlıq yaradardı: “Biz bilirik ki, bəzi ölkələr Təhlükəsizlik Şurasına üzv olmaq istəyirlər. Lakin əgər nə vaxtsa islahat həyata keçirilərsə, onda nə üçün digərinin deyil, məhz bu ölkənin üzv seçilməli olduğunu müəyyən edən meyarların tapılması olduqca çətin olacaq. Nə əhalinin sayı, nə də iqtisadi potensial belə meyar ola bilməz. Ona görə də bizim təklifimiz, ilk növbədə, inklüzivlik prinsipinə əsaslanır. Bu, rotasiya prinsipi ilə həyata keçirilə bilər. Necə ki, hazırda Təhlükəsizlik Şurasının üzvlərinin əksəriyyəti rotasiya prinsipi əsasında seçilir. Lakin bu halda həmin yer veto hüququna malik olmalıdır. Bu, mütləq baş verməlidir.” Dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, əks təqdirdə, Birləşmiş Millətlər Təşkilatı öz nüfuzunu, potensialını və təsir imkanlarını itirməkdə davam edəcək, münaqişələrin həlli və beynəlxalq münasibətlərin tənzimlənməsi sahəsində digər güc mərkəzlərinin kölgəsində qalacaq.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, hər dövrün öz çağırışları vardır. Bu çağırışların yerinə yetirilməsi ilk növbədə bəzi dünya güclərindən ədalət və beynəlxalq hüquq prinsiplərini unutmamağı, onlara riayət etməyi tələb edir. Yeni dünya nizamının formalaşmasında bu çağırış əsasdır. Ədalətin və beynəlxalq hüququn müdafiə olunmadığı, qorunmadığı dünyada mövcud münaqişələrin, qlobal məsələlərin həllinə ədalətli yanaşmadan bəhs etmək mümkünsüzdür. Bu isə ikili standartlar əsaslanan siyasətin daha da dərinləşməsinə, yeni münaqişələrin, qarşıdurmaların yaranmasına səbəb olur. Azərbaycanın sülh təcrübəsi özündə bütün çağırışları ehtiva edir. Dövlətimizin başçısı İlham Əliyev Forumdakı çıxışında bir daha bu çağırışı etdi ki, biz gələcəyə baxmalıyıq. Dünya dəyişir. Yeni təhdidlər, yeni təxribatlar ortaya çıxır. Əgər kimsə fikirləşir ki, bizi istəməyən qüvvələr bizdən əl çəkəcək, olmayacaq, heç vaxt olmayacaq. Bu mübarizə öz hüquqlarımızı, milli kimliyimizi qorumaq, öz müstəqilliyimizi öz əlimizdə saxlamaq üçün daimi olmalıdır: “Bizim xalqımız həm işğal görüb, həm dağıntılar görüb, həm Zəfər görüb, həm də bu gün bu bərpa və dirçəliş dövrünü həm görür, həm də bunun iştirakçısıdır. Ona görə bu sözlərim gələcək nəsillərə, gənc nəslədir ki, Azərbaycan xalqı əbədi, yəni qürurlu xalq kimi, qalib xalq kimi yaşasın, milli kimlik hər şeydən üstün olmalıdır, milli ləyaqət hər şeydən üstün olmalıdır. Məğlub ola bilərsən, - indi olur belə hadisələr, - amma gərək heç vaxt əyilməyəsən, sınmayasan. Heç vaxt işğalçı ilə razılaşmayasan, işğalçının diktəsi ilə oturub-durmamalısan. Lazım olsa, ölsən də belə, gərək ləyaqətlə yaşayasan və öz övladlarına, nəvələrinə, nəticələrinə bunu aşılayasan. Ona görə bizim gələcək inkişafımız gənc nəslə bağlı olacaq, təqribən 20 il, 30 il, 50 il sonra. Onlar da bizim kimi Vətənə bağlı, mətin, iradəli, güclü olmalıdırlar ki, Azərbaycan daim yüksəklərdə olsun.”

Yeganə Əliyeva, "İki sahil"