İyulun 19-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) jurnalistlər arasında elan etdiyi “Ailə, qadın və uşaq mövzuları mediada” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.
Komitə sədri Bahar Muradova bildirib ki, ictimaiyyətin diqqətini ailə, qadın və uşaq məsələlərinə cəlb etmək, cəmiyyəti düzgün istiqamətə yönəltmək, problemləri öyrənərək çətinlikləri aradan qaldırmaq istiqamətində səylərimizi birləşdirmək mühüm əhəmiyyət kəsb edir. Bu vacib məsələdə əsl dostlarımız və silahdaşlarımız isə media nümayəndələridir.
Dövlətimiz tərəfindən mətbuatın ictimai və siyasi həyatda rolunun artırılmasının önəmindən bəhs edən AQUPDK-nın sədri, media nümayəndələrinin sosial vəziyyəti və siyasi proseslərdə iştirakı məsələsinin daim diqqətdə saxlandığını bildirdi: “Mətbuat sahəsində Azərbaycanın özünəməxsus ənənəsi var. Biz Şərq və İslam dünyasında bu istiqamətdə çox ciddi və yaddaqalan bir ənənə formalaşdıran ölkəyik. Mətbuat sahəsində böyük iz qoymuş Həsən bəy Zərdabinin ardıcılları olan bugünkü nəsil məhz həmin şəxsiyyətə və onun zamanında atdığı addımlara minnətdarlıq hissi ilə yanaşır. Azərbaycan məhz bu şəxsiyyətin timsalında həmin çətin dövrdə belə bir mətbuat ağacının formalaşması, inkişafı və hər zaman yaşıl qalması işinin bünövrəsində dayanıb.”
B.Muradova bildirdi ki, ictimai fəalların, siyasət adamlarının fəaliyyətinin böyük bir hissəsini məhz mətbuatla iş, onların vasitəsilə əks əlaqələrin qurulması təşkil edir. Komitə də bu istiqamətdə həm ənənəvi, həm də müasir media orqanlarının nümayəndələri ilə ciddi əməkdaşlıq edir və hər birinin əməyini qiymətləndirir, iştirakını vacib hesab edir. Cari ilin birinci yarımilliyində 115 media müraciətinin cavablandırıldığını diqqətə çatdıran Bahar Muradova qeyd etdi ki, media vasitəsilə bu və ya digər məsələ haqqında fikrimizi bildirmişik, mövqeyimizi çatdırmışıq.
Jurnalistlər arasında elan edilən müsabiqə haqqında məlumat verən sədr bu kimi layihələrin davamlı olacağını diqqətə çatdırdı, təqdim edilən yazı və süjetlərin qiymətləndirilməsi prosesində iştirak edən münsiflər heyətinə təşəkkür etdi.
Sonra Komitənin Analitik təhlil və informasiya təminatı şöbəsinin əməkdaşı Aysel Babayeva müsabiqəyə dair məlumatları özündə əks etdirən təqdimatla çıxış etdi.
Daha sonra müsabiqənin nəticələri açıqlandı və qaliblər mükafatlandırıldı.
Müsabiqədə fərqlənənlər arasında “İki sahil” qəzetinin əməkdaşı Yaqut Aslanova da var.
Yaqut Ağaşahqızı, “iki sahil”