20 iyul 2023 16:58
555

“Naxçıvan canavarı” ləqəbli qəhrəman… FOTO

Vətən harayına səs verib, 44 günə 30 ilə yaxın işğal altında olan torpaqlarımızı düşmənlərdən azad edərək xalqımıza qələbə sevinci bəxş edən, qəhrəmanlığı ilə döyüş yoldaşları arasında “Naxçıvan canavarı” ləqəbi alan Vətən oğullarından biri də şəhid leytenant Quliyev Vəli Vəli oğlu idi. Vətənin igid oğlu yaşasaydı, 26 yaşı tamam olacaqdı.

Culfa Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ruslan Cəfərov, şəhidin ailə üzvləri, döyüş yoldaşları, yaxınları, şəhid ailələri və qazilər anım mərasimində iştirak ediblər.

Şəhidin məzarı başında qeyd edilən mərasimdə ruhuna dualar oxunmuş, sonra ziyarətçilər şəhidimizin xatirəsinə ehtiramlarını bildirmişlər. Anım tədbirində Culfa rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Ruslan Cəfərov bildirmişdir ki, 1997-ci il iyulun 20-də Culfa rayonun Qazançı kəndində anadan olan, Vətənə, xalqa, torpağa sadiq olan igidimiz 2018-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirərək sərhəd bölgəsində yerləşən “N” hərbi hissədə taqım komandiri, sonra isə bölük komandiri işləmişdir. İşğal altında olan torpaqlarımızın azadlığı uğrunda aparılan hərbi əməliyyatlarda igidlik göstərən qəhrəmanımız 2020-ci il 22 oktyabr tarixində ən ali məqama-şəhidlik zirvəsinə ucalmışdır. Naxçıvan şəhər qəbiristanlığında dəfn olunan Vəli Quliyev “Naxçıvan canavarı” ləqəbi ilə İkinci Qarabağ müharibəsində ölümsüzləşən qəhrəmanlarımızdan biri kimi adını tarixə yazdı.

Şəhid leytenant Vəli Quliyev ölümündən sonra ölkə Prezidentinin müvafiq sərəncamlarına əsasən “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilmişdir.

Sonda şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıq etmiş, şəhidlərimizin xatirəsinin yad olunmasını onlara göstərilən hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirmişlər.

Səriyyə Salahova,
Culfa Rayon Mədəniyyət Sarayının direktoru