22 iyul 2023 02:16
553

Qarabağın və Şərqi Zəngəzurun “yaşıl enerji”si ixrac ediləcək

Qarabağda və Şərqi Zəngəzurda iqtisadi fəaliyyətin canlanması,  sürətləndirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması əsas vəzifə kimi qarşıya qoyulub.  Eyni zamanda, adıçəkilən iqtisadi rayonlar “yaşıl enerji” zonasına çevriləcək. Bu  istiqamətdə  böyük planlar tərtib olunub və genişmiqyaslı işlər görülür.  Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan 2030”: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də respublikamızda “yaşıl enerji” istehsalının genişləndirilməsi mühüm yer tutub. Ölkəmizin bərpa olunan enerji istehsalı sahəsində böyük potensialının olması da bir çox layihələrin həyata keçirilməsi üçün geniş imkanlar yaradıb. Onu da xatırladaq ki, Azərbaycanın hədəfi bərpa olunan enerji payının ümumi enerji istehsalında 2025-ci ildə 24 faizə, 2030-cu ildə isə 30 faizə çatdırmaqdır.

Bu məqsədin reallaşması üçün ölkəmizin Xəzər dənizində təsdiqlənmiş 157 QV, quruda isə 135 QV külək enerjisi potensialı, ümumilikdə 290 QV-dan çox bərpa olunan enerji ehtiyatı var. Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları da alternativ və bərpa olunan enerji mənbələri ilə diqqət çəkir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyevin azad edilən yaşayış sahələri ilə bağlı müəyyənləşdirdiyi iqtisadi inkişaf kursunda həmin iqtisadi ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi əsas istiqamətlərdən biri hesab olunur.

Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərdə 4 min MVt-dan artıq günəş, 500 MVt-dək külək enerjisi potensialının mövcud olması əsasında aparılan quruculuq işlərində məhz “yaşıl enerji” layihələrinə üstünlük verilir. Eyni zamanda, Qarabağ Azərbaycanda yerli su ehtiyatlarının formalaşdığı əsas iqtisadi rayonlardan biridir.

Regiondakı digər mühüm enerji obyektləri Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində inşası hazırda davam etdirilən və qoyuluş gücü 200 MVt olan “Xudafərin” və 80 MVt olan “Qız Qalası” su elektrik stansiyalarıdır. Hər iki su elektrik stansiyasının tikintisi hazırda davam etdirilir və inşasının 2-2,5 il ərzində yekunlaşdırılması nəzərdə tutulur.

“AzərEnerji” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən işğaldan azad edilən ərazilərdə 2020-2023-cü illər ərzində 11 yenidən qurulan və bərpa edilən kiçik su elektrik stansiyasında (SES) indiyədək, ümumilikdə, 110 milyon kilovat/saat (kVts) “yaşıl enerji” istehsal olunub. Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 7 SES-in tikintisinin yaxın aylarda yekunlaşacağı planlaşdırılıb. Yaxın günlərdə isə Kəlbəcər və Laçında daha 9 SES-in qurulmasına başlanılıb.

Mütəxəssislərin bildirdiklərinə görə, hər bir SES-də çayın 50 faizinin təminatı nəzərə alınır. Başqa sözlə, ekoloji normanın saxlanılması üçün derivasiya boruları çayın axını ilə paralel quraşdırılır və həmin borulardan çıxan su da təkrar çaya buraxılır. Bütün yerlərdə su ehtiyatlarından səmərəli istifadə olunması, daşqınların qarşısının alınması və su itkisinə yol verilməməsi üçün çayın məcrasına uyğun idarə olunan su qəbulediciləri tikilir. Çayda ekoloji axını avtomatik tənzimləyən və suyun həcmi az olduqda ətraf mühitin mühafizəsi məqsədilə özünü dayandıran Avropa istehsalı olan ekoturbinlər quraşdırılır. Eyni zamanda, tikinti zamanı aidiyyəti dövlət qurumları ilə razılaşdırılmış şəkildə təbii mühitin, flora və faunanın qorunması da xüsusi diqqətdə saxlanılır.

“AzərEnerji” ASC tərəfindən indiyədək yenidən qurulan və yaxın perspektivdə tikilərək istismara veriləcək 27 SES-in ümumi gücü 200 MVt-a yaxın olacaq və nəticədə ildə 600 milyon kilovat/saat ekoloji cəhətdən təmiz “yaşıl enerji” istehsal ediləcək.

Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzurda istehsal olunan “yaşıl enerji”nin daxili tələbatın ödənilməsi ilə yanaşı, ixracı da nəzərdə tutulub. “AzərEnerji” ASC-nin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayevin bildirdiyinə görə, artıq Azərbaycanın işğaldan azad edilən ərazilərində istehsal olunan “yaşıl enerji”nin Avropa ölkələrinə ötürülməsi qərara alınıb. Məsələn, beynəlxalq layihə olan “Cəbrayıl” Enerji Qovşağı vasitəsilə gələcəkdə həm Qarabağda, həm də Azərbaycanın digər ərazilərində istehsal olunan elektrik enerjisinin Naxçıvan Muxtar Respublikasına, oradan isə Türkiyəyə və Avropaya ötürülməsi planlaşdırılıb.

Bu layihə ilə bağlı “Ağcabədi” yarımstansiyasının yenidən qurulması artıq başa çatdırılıb, “İmişli” yarımstansiyasının isə yenidən qurulmasına başlanılıb. Şərqi Zəngəzur və Qarabağın ölkənin ümumi enerji sisteminə qoşulması üçün indiyədək azad olunmuş ərazilərdə 12 yerdə 110 Kv-luq yarımstansiyalar tikilərək istismara verilib, uzunluğu 700 kilometrə yaxın 110 kv-luq və 330 kv-luq elektrik xətləri çəkilib.

Beləliklə, Azərbaycanın zəngin enerji resursları həm ölkəmizin iqtisadi potensialını gücləndirir, həm də regional əməkdaşlıqda çox mühüm rol oynayır.

Nigar Orucova, “İki sahil”