26 iyul 2023 13:21
906

Qərbi Azərbaycanla bağlı sərgi və tədbir təşkil edilib - FOTO

Culfa Rayon İcra Hakimiyyətində qədim torpaqlarımız olan Qərbi Azərbaycanın mədəni irsini, tarixini və deportasiya prosesini əks etdirən kitab və fotoşəkillərdən ibarət sərgi və tədbir təşkil edilib.

Culfa Rayon İcra Hakimiyyəti başçısının müavinləri Vüsal Məmmədzadə və Sara Hüseynova, rayonda yaşayan Qərbi Azərbaycandan olan soydaşlar və Culfa şəhər sakinləri tədbirdə iştirak ediblər.

Bu cür sərgi və tədbirin təşkil edilməsində məqsəd tədbir iştirakçılarını Qərbi Azərbaycandan olan soydaşlarımızın tarixi dədə-baba yurdlarından zorla didərgin salınmasını və hazırki Ermənistan respublikasının yerləşdiyi Qərbi Azərbaycan torpaqları Azərbaycan xalqının tarixi və əzəli torpaqları olması barədə məlumatlandırmaqdır.  

Əvvəlcə Qərbi Azərbaycanın mədəni irsini, tarixini və deportasiya prosesini əks etdirən kitab və fotoşəkillərdən ibarət sərgiyə baxış keçirilib.

Sonra iclas zalında keçirilən tədbiri giriş sözü ilə açan Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Sara Hüseynova Qərbi Azərbaycan torpaqlarının qədim tarixindən söhbət açıb və bildirib ki, Qərbi Azərbaycan ərazisində yerləşən tarixi keçmişimizə, abidələrimizə qarşı vandalizm aktları həyata keçirən Ermənistan bu mədəni-dini abidələri özününküləşdirməyə, hətta dəyişməyə belə cəhd göstərib. Ancaq onlar hələ də dərk etmək istəmirlər ki, bu tarixi unutdura bilməyəcəklər. Ölkə Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi: “Qərbi Azərbaycan bizim tarixi toprağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir”.

Daha sonra tədbir iştirakçılarına Qərbi Azərbaycandan olan soydaşlarımızın öz yurdlarının yerləşdiyi coğrafi mövqeyindən və təbiətindən, didərgin düşdükləri acı xatirələrindən bəhs edən videoçarx təqdim edilib.

Təşkil olunmuş sərgi-tədbirin sonunda Qərbi Azərbaycandan olan həmvətənlərimiz o zamankı yaşayışlarından, ermənilərin onlara göstərdiyi münasibətdən, yurd-yuva həsrətindən ətraflı söhbət açıblar. Onlar doğulub-böyüdükləri doğma torpaqlarına qayıdacaqlarına inandıqlarını da vurğulayıblar.

Həqiqətən də, gün gələcək biz öz tarixi torpaqlarımıza qayıdacağıq. Bu inamı bizdə bütün dünya azərbaycanlılarının Lideri, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində əldə olunan hərbi və siyasi qələbələr yaradır. İnanırıq ki, o günlər çox uzaqa deyil...

Səriyyə Salahova,
Culfa Rayon Mədəniyyət Sarayının direktoru