28 iyul 2023 23:58
505

Valyuta ehtiyatlarının artımı makroiqtisadi sabitliyi təmin edir

Müasir dövrümüzdə qloballaşma şəraitində milli iqtisadiyyatların kənar təsirlərə qarşı həssaslığının artdığı bir vaxtda iqtisadi inkişaf proseslərinə təsir göstərən qlobal siyasi, iqtisadi faktorların da sayı ciddi şəkildə artmışdır. Bu baxımdan, iqtisadi inkişaf prosesinin hansı mərhələsində olmasından asılı olmayaraq bütün ölkələrin bu və ya  digər dərəcədə qlobal böhranın təsirlərinə və onun doğurduğu fəsadlara məruz qalması qaçılmazdır. Xüsusilə keçid dövrünü yaşayan ölkələrdə düzgün strateji baxışın, dayanıqlı inkişafı hədəfləyən proqram və layihələrin olmaması iqtisadi durğunluğu dərinləşdirərək tənəzzül fazasına keçidi sürətləndirir. Hazırda milli dövlətlərin üzləşdiyi əsas çağırış iqtisadi proseslər zəncirində neqativ meyillərin qarşısının alınmasına yönəlmiş islahat tədbirlərinin zamanında və səmərəli şəkildə həyata keçirilməsidir. Belə bir şəraitdə iqtisadiyyatın təməlinin sağlamlaşdırılması güclü siyasi iradəyə və dərin iqtisadi təhlillərə əsaslanan strateji baxışın olmasını zəruri edir.

Milli inkişafın bütün istiqamətlərində önəmli uğurlara imza atmış Azərbaycan zamanın iqtisadi gerçəkliklərinə hər zaman çevik münasibəti ilə fərqlənib. Bu səbəbdəndir ki, çoxsaylı mənfi şokların təsiri ilə səmərəli mübarizə aparan Azərbaycan iqtisadiyyatında artım müşahidə olunmaqdadır. İqtisadiyyatın qeyri-neft-qaz sənayesində artım neft-qaz sənayesindəki artımı üstələyib. Bu sahədə əlavə dəyər 2023-cü ilin birinci yarımilliyində 6,5 faiz artıb. Ümumi olaraq qeyri-neft sektorunda 3 faizdən çox artım müşahidə edilib. Bu il ölkənin sosial-iqtisadi inkişaf proqnozlarında neftin qiyməti hər barrel üçün 50 ABŞ dolları nəzərdə tutulduğu halda, 2023-cü ilin ilk yarısında “Azeri Light” (CIF) markalı neftin bir barrelinin orta qiyməti 82,84 ABŞ dolları təşkil edib. Bu artımla yanaşı, vergi və gömrük orqanlarında aparılan islahatlar və şəffaflığın təmin edilməsi nəticəsində 2023-cü ilin yanvar-may ayları ərzində vergi yığımları ötən illə müqayisədə 45 faiz və ya 2,6 milyard manatdan çox artıb. Bu isə öz növbəsində 2023-cü ilin ilk 6 ayında büdcə profisiti yaratmaqla büdcəmizi rekord həddə çatdırıb. Cari ilin ötən dövrü ərzində dövlət büdcəsinin gəlirlərinin proqnozlara qarşı əhəmiyyətli dərəcədə çox olması bu ilin dövlət büdcəsində əlavə maliyyə resurslarının yaranmasını və onların yenidən bölünməsini gündəmə gətirib. Bununla bağlı 2023-cü il iyunun 16-da “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun qəbul edilib. Sənədə əsasən, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin təsdiq olunmuş 33353,3 milyon manat məbləğində xərcləri 3271,5 milyon manat və ya 9,8 faiz artırılaraq 36624,8 milyon manata çatdırılıb.

Dürüstləşmə ilə büdcəyə 3 milyard manatdan çox vəsait əlavə olunub

Dürüstləşmə ilə 2023-cü il üçün təsdiq olunmuş büdcəyə 3 milyard manatdan çox vəsait əlavə olunub. Əlavə vəsaitin əhəmiyyətli hissəsi Azərbaycan Respublikasının işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı xərclərə, müdafiə xərclərinə yönəldilib. Əlavə olunan 3 milyard manatın 1,8 milyard manatı işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərinə, 1,1 milyard manat isə hərbi gücümüzün artırılmasına yönəldilib. Dövlət büdcəsinə edilən son dəyişikliklərlə işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinə ayrılan vəsait 4,8 milyard manata, müdafiə və milli təhlükəsizlik xərcləri isə 6,05 milyard manata qaldırılıb. Bu isə hökumətin əsas prioritetinin əhalinin həmin ərazilərə qısa müddətdə geri qaytarılması və ölkə təhlükəsizliyinin təmini olması olduğunu göstərir.

Strateji valyuta ehtiyatları da artıb

2023-cü ilin ilk yarısında ölkənin strateji valyuta ehtiyatları da artıb. Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları iyun ayına 9,1 milyard ABŞ dollarına bərabər olub. Tədiyyə balansının cari əməliyyat üzrə profisiti 10 milyard dollara yaxın olub. Azərbaycanın strateji valyuta ehtiyatları iyul ayında 65,9 milyard dollara çatıb. Bu ehtiyatlar son bir ildə 12,7 faiz artıb. Ümumilikdə isə son 20 ildə ölkənin strateji valyuta ehtiyatlarında 41,9 dəfə artım olub.

Strateji valyuta ehtiyatlarının artımı, tədiyyə balansının cari əməliyyatlar balansının profisiti makroiqtisadi sabitliyi təmin edib və manatın məzənnəsinin sabitliyini dəstəkləyib. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022–2025-ci illər üzrə yenilənməsi çərçivəsi” sənədində nəzərdə tutulan xarici dövlət borcu ilə bağlı hədəf göstəricisinə bu il nail olunub. Belə ki, 6,7 milyard ABŞ dolları olan xarici dövlət borcumuz ümumi daxili məhsulumuzun təxminən 10 faizini təşkil edir.

Bu gün Azərbaycanda strateji valyuta ehtiyatlarının artmasının dinamik xarakter alması Prezident İlham Əliyevin uzaqgörən siyasətinin, qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan uğurlu islahatların, investisiya mühitinin əlverişliliyinin nəticəsində mümkün olub. Prezident İlham Əliyev bununla bağlı deyib: “Uzun illər Azərbaycan iqtisadiyyatına qoyulan vəsait, şaxələndirmə siyasəti, qeyri-neft sektorunun inkişafı imkan verir ki, iqtisadiyyat dayanıqlı sürətdə inkişaf etsin, bir sektordan-neft-qaz sektorundan asılı olmasın. Hətta dünyada neftin qiymətinin kəskin şəkildə düşməsi Azərbaycanın ümumi iqtisadi inkişafına təsir etməmişdir. Budur, Azərbaycanın iqtisadi modelinin unikallığı və bu göstəricilər bizim seçdiyimiz yolun nə qədər düzgün olmasını bir daha göstərir”

Sevinc Azadi, “İki sahil”