Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı, “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində regionlarda fəaliyyət göstərən aqroturizm təsərrüfatlarına dəstək tədbirləri davam etdirilir.
“İki sahil” xəbər verir ki, layihə çərçivəsində növbəti dəstək Şamaxı rayonunda fəaliyyət göstərən və “Mistika” şərablarının istehsalı ilə məşğul olan “Üzümçü” ailə kəndli təsərrüfatına göstərilib. Təsərrüfata şərab istehsalı üçün avadanlıq, qablaşdırma və satış istiqamətlərində dəstək verilib.
Görülən işlərlə tanış olmaq məqsədilə Şamaxı Rayon İcra Hakimiyyətinin, “Aqrar Tədarük və Təchizat” ASC-nin, İsmayıllı Regional Turizm İdarəsinin və digər qurumların nümayəndələrinin təsərrüfata səfəri təşkil olunub. Səfər zamanı qonaqlar şərab istehsalı və emalı prosesi ilə yaxından tanış olublar.
“Üzümçü” ailə kəndli təsərrüfatının sahibi Rahib Heydər qonaqlara təsərrüfatın fəaliyyət istiqamətləri, istehsal potensialı və gələcək planları barədə ətraflı məlumat verib. Bildirib ki, qarşıdakı illərdə istehsal həcminin artırılması və üzüm bağlarının genişləndirilməsi əsas prioritetlər sırasındadır.
Əsasən üzümçülük və şərabçılıqla məşğul olan “Üzümçü” ailə kəndli təsərrüfatı Şamaxı rayonunun Məlikçobanlı kəndində yerləşir və 4 hektar ərazini əhatə edir. Təsərrüfatda Merlot üzüm sortundan istifadə edilməklə, klassik üsul və müasir texnologiyalar əsasında üç çeşiddə şərab istehsal olunur. İllik istehsal həcmi 4 ton təşkil edir.
Qeyd edək ki, “Şəhərdən Kəndə” layihəsinin məqsədi ölkəmizdə aqroturizmin inkişaf etdirilməsi, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanallarının yaradılması, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanlarının formalaşdırılmasıdır.
Layihə çərçivəsində indiyədək ümumilikdə 39 təsərrüfata turizm potensialının artırılması istiqamətində dəstək göstərilib. Həmçinin, 500 fermer üçün aqroturizm üzrə təlimlər keçirilib, təsərrüfat sahiblərinin turizm şirkətləri ilə əlaqələrinin qurulması məqsədilə 7 infotur təşkil edilib.