04 noyabr 2026 12:23
178

“Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda növbəti panel müzakirəsi Zərdab rayonunda keçirilib

Fermer və sahibkarların aqrar sahədə mövcud dəstək mexanizmləri barədə məlumatlandırılması məqsədilə Zərdab rayonunda panel müzakirəsi təşkil edilib. Tədbir Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin və Zərdab Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.

“İki sahil” xəbər verir ki, tədbir çərçivəsində növbəti toxum sərgi-satış yarmarkası da təşkil olunub. Yarmarkada sertifikatlı toxum nümunələrinin nümayişi və satışı həyata keçirilib. Fermerlərə müxtəlif bitki növləri üzrə toxumlarla tanış olmaq, onların xüsusiyyətləri barədə məlumat əldə etmək və ehtiyaclarına uyğun toxumları əldə etmək imkanı yaradılıb.

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə aqrar sahənin rayonun iqtisadi həyatında tutduğu yerə toxunaraq, fermer və sahibkarların dövlət dəstəyi imkanlarından faydalanmasının əhəmiyyətini qeyd edib.

Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli aqrar sahənin inkişafında dövlət dəstəyi mexanizmlərinin, müasir yanaşmaların və innovativ həllərin tətbiqinin əhəmiyyətini vurğulayıb. O, fermer və sahibkarların mövcud imkanlardan səmərəli istifadə etməsinin, istehsalın keyfiyyət və məhsuldarlıq göstəricilərinin yüksəldilməsinin, eləcə də aqrar sahədə qarşıya qoyulan strateji hədəflərə nail olunmasının vacibliyini diqqətə çatdırıb.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov isə panel müzakirələrinin əsas məqsədinin mövcud dəstək alətləri barədə məlumatı birbaşa fermerlərə çatdırmaq, onların suallarını aidiyyəti qurumların nümayəndələri ilə birlikdə müzakirə etmək olduğunu bildirib.

Paneldə Kənd Təsərrüfatı Nazirliyi Aparatının müvafiq struktur bölmələri, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Dövlət Məşğulluq Agentliyinin, Aqrar Sığorta Müştərək Sığorta Şirkətinin və “Unibank” ASC-nin nümayəndələri iştirak ediblər.  

Panel çərçivəsində subsidiya, sığorta, toxum təminatı, güzəştli kredit imkanları və digər maliyyələşmə məsələləri ətrafında fikir mübadiləsi aparılıb. “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan hədəflər və prioritet istiqamətlər diqqətə çatdırılıb.

Aqrar Subsidiya Şurasının yeni qərarları, sığorta mexanizmlərinin tətbiqi, toxumçuluq fəaliyyətinin təşkili və özəl maliyyə qurumlarının fermerlərə təqdim etdiyi kredit məhsulları barədə məlumat verilib.

Sonda fermer və sahibkarların müraciətləri, onların təklifləri dinlənilib, sualları aidiyyəti üzrə cavablandırılıb.