04 noyabr 2026 10:00
119

Elektron ticarətdə YENİ MƏRHƏLƏ BAŞLAYIR

İqtisadçı: Yeni hüquqi mexanizmlərin əsas hədəflərindən biri elektron ticarətdə şəffaflığın artırılması və qanunsuz fəaliyyət imkanlarının məhdudlaşdırılmasıdır

Azərbaycanda elektron ticarətin hüquqi tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətində yeni addım atılır. Milli Məclisdə “Elektron ticarət haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda qəbul olunması bu sahənin mövcud iqtisadi və texnoloji reallıqlara uyğunlaşdırılması baxımından əhəmiyyət daşıyır. Təklif olunan dəyişikliklər elektron ticarətin hüquqi əhatə dairəsinin genişləndirilməsini, ödəniş mexanizmlərinin müasir təcrübəyə uyğunlaşdırılmasını və rəqəmsal iqtisadiyyatın inkişafı üçün daha çevik hüquqi mühitin formalaşdırılmasını nəzərdə tutur.

Rəqəmsal texnologiyaların sürətli inkişafı ticarət münasibətlərinin formasını da dəyişir. Artıq alıcı və satıcının eyni ölkədə yerləşməsi elektron ticarət üçün zəruri şərt deyil. Müxtəlif ölkələrdə fəaliyyət göstərən sahibkarlar arasında onlayn satış və ödəniş əməliyyatları genişlənir, istehlakçılar isə coğrafi məhdudiyyətlərdən asılı olmayaraq məhsul və xidmətlər əldə etmək imkanına malik olurlar. Belə şəraitdə elektron ticarəti yalnız ölkə ərazisində həyata keçirilən əməliyyatlarla məhdudlaşdıran hüquqi yanaşmanın yenilənməsi zərurəti yaranır.

Təklif olunan dəyişikliklərin əsas istiqamətlərindən biri də məhz bu məhdudiyyətin aradan qaldırılmasıdır. Belə ki, qanunun yalnız Azərbaycan ərazisində həyata keçirilən elektron ticarətə tətbiqini nəzərdə tutan müddəanın ləğvi onun əhatə dairəsini genişləndirəcək. Bu yanaşma elektron ticarət münasibətlərinin daha geniş miqyasda hüquqi tənzimlənməsinə imkan yarada bilər. Eyni zamanda, xarici bazarlara çıxmaq istəyən yerli sahibkarlar üçün rəqəmsal ticarət mühitinin inkişafı baxımından yeni perspektivlər formalaşdıra bilər.

Ödəniş sistemləri yeni tələblərə uyğunlaşır

Digər mühüm yenilik qanuna “texnoloji neytrallıq” anlayışının və müvafiq prinsipin daxil edilməsidir. Bu prinsip elektron ticarət münasibətlərinin konkret texnologiya və ya ödəniş vasitəsindən asılı olmadan tənzimlənməsini nəzərdə tutan yanaşma kimi çıxış edir. Texnologiyalar sürətlə dəyişdiyi üçün qanunvericiliyin yalnız mövcud texniki həllərə əsaslanması gələcəkdə müəyyən məhdudiyyətlər yarada bilər. Texnoloji neytrallıq prinsipinin tətbiqi isə yeni rəqəmsal həllərin və ödəniş vasitələrinin hüquqi mühitə uyğunlaşdırılmasını asanlaşdıra bilər.

Qanun layihəsində POS-terminal anlayışının dəqiqləşdirilməsi və ödənişlərin həyata keçirilməsi ilə bağlı müddəaların təkmilləşdirilməsi də nəzərdə tutulur. Bu dəyişikliklər elektron ticarətdə istifadə olunan ödəniş üsullarının mövcud təcrübəyə uyğunlaşdırılmasına xidmət edir. Rəqəmsal ödəniş imkanlarının genişlənməsi alıcılar üçün əməliyyatların rahatlığını artırmaqla yanaşı, sahibkarların satış proseslərini də daha çevik təşkil etməsinə şərait yarada bilər.

Məsələnin digər tərəfi elektron ticarətdə şəffaflığın təmin olunması və qanunsuz əməliyyatların azaldılmasıdır. Elektron ticarətin genişlənməsi ilə yanaşı, bu sahədə hüquqi mexanizmlərin təkmilləşdirilməsi, əməliyyatların daha aydın qaydalar əsasında həyata keçirilməsi də aktuallaşır. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiqlənmiş “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planında elektron ticarət üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi, mövcud maneələrin aradan qaldırılması və qanunsuz ticarət əməliyyatlarının azaldılmasının təşviqi ayrıca istiqamət kimi müəyyənləşdirilib.

Şəffaflıq artdıqca kölgə iqtisadiyyatının imkanları daralır

İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, “Elektron ticarət haqqında” Qanuna təklif olunan dəyişikliklər müəyyən mənada ənənəvi mağazalar üçün rəqabət baxımından əlavə üstünlük yarada bilər. Belə ki, elektron ticarət sahəsində hüquqi tələblərin genişlənməsi və müəyyən xərclərin formalaşması bu sahədə fəaliyyət göstərən sahibkarların xərc yükünə təsir edə bilər. Bu isə ənənəvi ticarət subyektlərinə müəyyən rəqabət üstünlüyü qazandırsa da, həmin üstünlük məhdud xarakter daşıyacaq. Ümumilikdə isə elektron ticarətin inkişaf tempi və yaratdığı imkanlar ənənəvi ticarətlə müqayisədə daha geniş olacaq.

İqtisadçı hesab edir ki, yeni hüquqi tənzimləmənin əsas əhəmiyyəti büdcə daxilolmalarına müsbət təsir göstərilməsi, şəffaflığın artırılması və qanunsuz fəaliyyət imkanlarının məhdudlaşdırılması ilə bağlıdır. Bu proses, eyni zamanda, kölgə iqtisadiyyatının azaldılmasına və iqtisadi əməliyyatların uçotunun daha şəffaf aparılmasına xidmət edəcək. Xüsusilə məşğulluq, vergi daxilolmaları və digər iqtisadi göstəricilər baxımından belə şəffaflaşdırma mühüm əhəmiyyət daşıyır.

E.Əmirovun fikrincə, elektron sistemlərin genişlənməsi iqtisadi fəaliyyətin müxtəlif sahələri üçün əlavə imkanlar yaradır. Onlayn platformaların inkişafı və elektron ticarət imkanlarının artırılması ölkənin rəqəmsal iqtisadiyyatına həm birbaşa, həm də multiplikativ təsir göstərə bilər. Bu baxımdan qanunvericilikdə nəzərdə tutulan yeniliklər rəqəmsal iqtisadi fəaliyyətin genişlənməsinə də müsbət töhfə verəcək.

Nigar Orucova, “İki sahil”