04 noyabr 2026 17:11
129

Azərbaycan Çində işgüzar turizm sahəsində əməkdaşlıq əlaqələrini genişləndirir

Azərbaycan Turizm Bürosu 3-5 noyabr tarixlərində Pekində keçirilən "China International MICE Exchange" (“CIMX 2026”) sərgisində iştirak edir. Sərgidə ölkəmiz “Azərbaycan Hava Yolları”, "Absheron Hotel Group"  və turizm şirkətləri ilə birlikdə təmsil olunur. 

“İki sahil” xəbər verir ki, sərgidə iştirakın əsas məqsədi işgüzar turizm sənayesinin nümayəndələri ilə əlaqələrin genişləndirilməsi, bu sahədə yeni əməkdaşlıq imkanlarının araşdırılması və ölkənin beynəlxalq işgüzar tədbirlər üçün turizm istiqaməti kimi tanıdılmasıdır. 

Milli stendi Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynov da ziyarət edib.

Azərbaycanın turizm potensialının Çində tanıdılması istiqamətində tədbirlər çərivəsində, həmçinin  noyabrın 2-də Azərbaycan Turizm Bürosunun Pekindəki rəsmi nümayəndəlik ofisi tərəfindən Çin və Azərbaycan işgüzar turizm sənayesi nümayəndələri arasında görüş təşkil edilib. 

Görüş zamanı iştirakçılara Azərbaycanın işgüzar turizm infrastrukturu və tədbir məkanları barədə məlumat verilib, Çin bazarının tələblərinə uyğun turizm məhsullarının hazırlanması və əməkdaşlıq perspektivləri müzakirə edilib.

Qeyd edək ki, 2026-cı ilin yanvar-sentyabr dövründə Çindən Azərbaycana səfər edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4.4 faiz artaraq 52 115 nəfər təşkil edib. Cari ilin sentyabr ayında Çindən Azərbaycana səfər edənlərin sayı ötən ilin eyni ayı ilə müqayisədə 28 faiz artımla 11 049 nəfərə çatıb.