28 iyul 2023 23:22
600

Ölkəmiz logistika sahəsində qədim ənənələrə malikdir

Yol-nəqliyyat infrastrukturu həm ölkənin daxili imkanlarının artmasında öz sözünü deyir,
eyni zamanda, regional əməkdaşlığa davamlı töhfələr verir

“İnkişafımızın hədəflərindən biri regional bağlantı mərkəzinə çevrilmək idi. Çünki xəritəyə baxsanız, Azərbaycanın coğrafi üstünlüklərini görərsiniz. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzərində yerləşir. Lakin nəqliyyat infrastrukturunun olmaması elə bir vəziyyət yaratmışdı ki, bizim coğrafiyadan istifadə edilmirdi. Mən tam əmin idim ki, biz bu vəziyyəti yaxşılaşdıra bilərik.” Bu fikirləri dövlət başçısı İlham Əliyev Çinin China Media Group” media korporasiyasına müsahibəsində bildirərək onu da əlavə etmişdir ki, nəqliyyat infrastrukturuna böyük sərmayə qoyuluşuna 15 il əvvəl başlanılıb.  İlk olaraq yerli infrastrukturu inkişaf etdirmək üçün  bu sahəyə böyük sərmayə yatırılmağa  başladı. Eyni zamanda, qonşularla da bağlantı körpüləri quruldu:  “Biz mühüm tranzit ölkəsi olmaq arzusundaydıq, ancaq bunun üçün təkcə coğrafiya kifayət etmir. Hətta infrastruktur da kifayət deyil, burada digər məsələyə ehtiyac var. Bu isə qonşularla yaxşı münasibətlərdir. Qonşularla əməkdaşlıq olmadan tranzit ölkəyə çevrilmək olmaz. Bu isə bizim xarici siyasətimizin tərkib hissəsi idi. Prioritet qonşu ölkələrlə qarşılıqlı maraq üzərində daha güclü münasibətlər qurmaq idi.” Sözügedən müsahibədə o da bildirildi ki, “Bir kəmər, bir yol” layihəsinə qoşularkən  artıq hazır infrastrukturumuz var idi.

Keçilən yola qısa baxış  ölkəmizin logistika sahəsində qədim ənənələrə malik olduğunu təsdiqləyir. Azərbaycan təkcə tranzit ölkə kimi yox, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi kimi layihələrin də təşəbbüskarı və icraçısı kimi çıxış edir. Azərbaycan daim yerləşdiyi coğrafi məkana, malik olduğu iqtisadi  potensiala görə dünyanın diqqətindədir.

Son illərdə, yəni tarixi Zəfərimizdən sonra regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün sülh müqaviləsinin imzalanmasının vacibliyi məsələsi geniş müzakirə ediləndə ölkəmizin yeni əməkdaşlıq formatlarının  müəllifi kimi artan rolu önə çəkilir, bununla da gələcəkdə tranzit ölkə imicinə yeni əlavələrin ediləcəyi  xüsusi vurğulanır.

Bu günədək görülmüş tədbirlər nəticəsində bu gün Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir. Davos Dünya İqtisadi Forumunun hesabatı atılan addımların uğurlu nəticələrinin təqdimatıdır. Belə ki, reytinq cədvəlində  avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşür. Dəmir yollarının səmərəliliyinə görə dünyada 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə isə 12-ci yerdəyik. Bu yüksək yerləri əldə etmək böyük səylər, düşünülmüş siyasət tələb edirdi. Nəqliyyat infrastrukturuna qoyulan vəsait yeni vəziyyət yaradıb. «Nəqliyyat sahəsinə qoyulmuş vəsait bu gün ölkəmizin iqtisadi, xüsusilə qeyri-neft sektorunun inkişafına da müsbət təsir göstərir» söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, çünki yol olmayan yerdə inkişaf da olmur. Yol olmayan yerdə fermer öz məhsulunu bazara çatdıra bilmir. Dəmir yolları olmayan yerdə heç bir tranzit imkanından söhbət gedə bilməz: «Ona görə biz, ilk növbədə, ölkə daxilində infrastrukturu tamamilə yenidən qurduq. Eyni zamanda, ölkəmiz üçün çox vacib olan və uzunmüddətli inkişaf strategiyamıza uyğun olan tranzit imkanları da yaratmışıq.»

Tarixi Zəfərimizin reallıqları fonunda  işğaldan azad edilmiş torpaqlarda da yol infrastrukturunun yenilənməsi, bərpası prioritetdir.  Cənab İlham Əliyev görülən işlərin fonunda qeyd edir ki,  biz bu işləri faktiki olaraq ən qısa müddət ərzində görə bilirik.

Ölkə daxilində dəmir yolu nəqliyyatı sahəsində də önəmli layihələr icra edilir. Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycanın təşəbbüsü ilə inşa edilməsi bölgəmizdə və bütövlükdə Avrasiyada yeni nəqliyyat xəritəsini yaratdı. Bakı-Tbilisi-Qars dəmir yolu Çinin elan etdiyi, Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrin dəstəklədiyi “Bir kəmər, bir yol” iqtisadi inkişaf strategiyasının tərkib hissəsinə çevrilib. Bakı-Tbilisi-Qars dəmir yolunu İpək Yolu iqtisadi kəmərinin tərkib hissəsi kimi nəzərdən keçirsək, onun başlıca vəzifəsi Çindən və Cənub-Şərqi Asiyanın digər ölkələrindən Avropaya yüklərin daşınmasıdır. Əminliklə qeyd edirik ki,  bu dəmir yolu qitələrarası daşımalar üçün böyük imkanlar yaradır. Avrasiyanın nəqliyyat xəritəsini yeniləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu regionda Azərbaycanın çox əhəmiyyətli təsir amili olmaqla onu tranzit daşımalar mərkəzinə çevirib. Bu dəmir yolu ilə gələcəkdə 15 milyon tonadək yük daşımaq mümkün olacaq. Azərbaycanla tərəfdaş ölkələr hazırda bu yoldan istifadə edərək öz məhsullarını müxtəlif istiqamətlərə çatdırırlar. Azərbaycan ərazisindən keçən yolların çoxşaxəli olması imkanlarımızı böyük dərəcədə artırır.

Hava nəqliyyatına gəldikdə isə Heydər Əliyev Beynəlxalq Hava Limanı  MDB məkanında birinci yerdədir. «Mənim göstərişimlə digər şəhərlərimizdə inşa edilmiş hava limanları bizim nəqliyyat potensialımızı böyük dərəcədə gücləndirir» söyləyən cənab İlham Əliyev diqqəti işğaldan azad edilmiş ərazilərimizdə tikilən, həmçinin istifadəyə verilən  Beynəlxalq Hava Limanlarına yönəldir. Artıq  Füzuli və Zəngilan Beynəlxalq Hava limanları istifadəyə verilib.  Üçüncü Hava Limanı isə Laçın rayonu ərazisindədir, 2024-cü ilin sonu 2025-ci ilin əvvəlində istifadəyə verilməsi nəzərdə tutulur.

Bu gün nəqliyyat sektorumuz həm müasir, həm də ölkə qarşısında duran vəzifələri icra etməyə imkan verir. Eyni zamanda, bu sahəyə qoyulan milyardlarla dollar səviyyəsində sərmayələr artıq bizim qeyri-neft iqtisadiyyatımıza öz müsbət təsirini göstərir. Dövlət başçısı İlham Əliyev onu da bildirir ki, nəqliyyat sektoruna qoyulan sərmayələr 1-2 ilə, hətta 5-10 ilə geri qayıdan sərmayələr deyil. Bu, uzunmüddətli sərmayədir. Bu sərmayələr insanların rahatlığına və ölkənin uzunmüddətli dayanıqlı inkişafına nail olmaq üçün qoyulub.

Ölkəmizi  regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevirmək strategiyasının tərkib hissəsi olan, “Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici rol oynayır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçün birbaşa yüktoplama məntəqəsi funksiyasını yerinə yetirir. Bu liman şimal, cənub, şərq və qərb istiqamətlərindən dəhlizlər üzrə ölkəmizə daxil olan yüklərin toplanmasını, onların BTQ üzrə Avropa istiqamətində və ya gəmilərlə şərq istiqamətində daşınmasını təmin edən səmərəli və davamlı logistika zəncirinin formalaşması üçün əsas amildir.

Dövlət başçısı yuxarıda qeyd etdiyimiz müsahibəsində diqqəti  günümüzün əsas çağırışlarından olan Zəngəzur dəhlizinin açılması məsələsinə yönəldərək bildirdi ki,  Azərbaycandan Türkiyə və Avropa istiqamətində gedən əlavə yol olacaq Zəngəzur dəhlizi üzərində çox fəal şəkildə çalışırıq. Azərbaycan ərazisində tikinti işlərinin təxminən 70 faizi artıq başa çatdırılıb. Beləliklə, ölkəmizin  ərazisindən təkcə Bakı-Tbilisi-Qars kimi bir yol keçməyəcək, o cümlədən Zəngəzur dəhlizi işə salınacaq: “Bir sözlə, bütün bunlar əlavə yüklər üçün digər imkanlar açacaq. Eyni zamanda, Azərbaycan ərazisindən daşımalar, həmçinin Gürcüstanın dəniz limanından keçəcək. Biz bu sahədə müəyyən sərmayə imkanlarına böyük maraqla baxırıq. Həqiqətən, daşımalarda əməkdaşlıq bütün ölkələr üçün çox faydalı olacaq və eyni zamanda, o da vacibdir ki, bu işlər ölkələr arasında əlaqələri gücləndirəcək. Ölkələr bir-biri ilə daha sıx bağlı olacaq, inteqrasiya olacaq.” Cənab İlham Əliyev onu da bildirdi ki, biz dəhliz boyunca bir çox istehsal sahələrini yaratmağı planlaşdırırıq.   Azərbaycanda böyük sənaye zonalarını yaratmaq istəyirik: “Əslində, bu istiqamətdə irəliləyirik. Hesab edirəm ki, bu ay açılmış və artıq fəaliyyətə başlamış Ələt Azad İqtisadi Zonamızda istehsalatla məşğul olmaq, həmçinin Çin şirkətləri üçün cəlbedici ola bilər. Əslində, təsəvvür etdiyinizdən də geniş fürsətdir.” Reallıq budur ki, Zəngəzur dəhlizinin açılmasına Ermənistan mane olmaq istəsə də, dünyada söz sahibi olan ölkələr buna böyük maraq göstərir.

Qısa təhlil Azərbaycanın tranzit imkanlarının genişləndiyi barədə aydın təsəvvür yaradır. Yol-nəqliyyat infrastrukturu həm ölkənin daxili imkanlarının artmasında öz sözünü deyir, eyni zamanda,  regional əməkdaşlığa davamlı töhfələr verir. Böyük Qayıdış proqramının tam şəkildə uğurla başa çatmasından sonra bu torpaqlarda yaradılan infrastruktur o ərazilərin malik olduqları potensialdan səmərəli istifadəyə stimul olacaq. Həmçinin bu torpaqların malik olduqları turizm imkanları bura turist axının sürətlənməsini şərtləndirəcək. İşğaldan azad edilmiş ərazilərimizdə tikilən üç aeroportun beynəlxalq status qazanması Azərbaycanın, regionun uğurlu gələcəyinə xidmət edir.

Ümumiləşdirilmiş şəkildə qeyd edə bilərik ki, yol infrastrukturunun təkmilləşdirilməsi sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir. Azərbaycan bu gün Avrasiya məkanında dinamik innovativ inkişaf edən lider dövlət, həm də iki qitə arasında mühüm və ən əlverişli nəqliyyat mərkəzidir.

Yeganə Əliyeva, İki sahil”