28 iyul 2023 23:00
1097

Utilizasiya proqramı nə vaxt reallaşdırılacaq

Dövlətin məqsədi 2030-cu ilə qədər ölkəmizi təmiz ətraf mühit və yaşıl artım məkanına çevirməkdir

Avtomobillərin utilizasiyası genişmiqyaslı sosial-iqtisadi layihədir. Bu səmərəli proqramı həyata keçirmək hər ölkəyə müyəssər olmur. Bu gün ölkəmiz öz iqtisadiyyatına arxalanaraq bu uğurlu layihəni gerçəkləşdirmək üzrədir.

Utilizasiya 2019-2023-cü illəri əhatə edən Dövlət Proqramında əksini tapıb, yəni utilizasiya proqramının hazırlanması bu illəri əhatə edir. Bir proses kimi həyata keçirilməsi isə digər proqramla realizə ediləcək. Bu, 2022-2026-cı illəri əhatə edən sosial inkişafa dair strategiyadır. Bu strategiya çərçivəsində artıq utilizasiya proqramı həyata keçiriləcək, həmçinin köhnə avtomobillərin utilizasiyasına başlanılacaq. Bu, o deməkdir ki, qarşıdakı 3 il ərzində bu proqram reallaşdırılacaq.

Azərbaycanın gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 (dörd) il keçən minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) gömrük rəsmiləşdirilməsi, həmçinin nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı nəqliyyat vasitələrinin utilizasiyası fonduna utilizasiya haqqı ödəniləcək. İstehsal müddəti 1-4 il olan avtomobillər üçün isə ümumiyyətlə, utilizasiya haqqı nəzərdə tutulmayıb. Köhnə avtomobillər üçün istehsal tarixindən asılı olaraq 400-700 manat utilizasiya haqqı nəzərdə tutulur. Minik avtomobillərinin gömrük ərazisinə gətirilməsinə görə utilizasiya haqqının bəyannaməçilər tərəfindən ödənilməsi gömrük orqanları tərəfindən təmin ediləcək.

Dövlət texniki baxışı üzrə utilizasiya haqqı nəqliyyat vasitəsi “Yol hərəkəti haqqında” qanunda nəzərdə tutulan müddətlərdə texniki baxışa faktiki təqdim olunan vaxt ödəniləcək. Utilizasiya haqqının məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəqliyyat vasitəsinin istehsal-buraxılış ili üzrə müəyyən ediləcək.

Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə dəyişikliyə əsasən, nəqliyyat vasitəsi utilizasiya edilmiş şəxs yeni avtomobil alarkən ona güzəşt tətbiq etməyən satıcı cərimələnəcək. Qanuna əsasən, nəqliyyat vasitəsinin utilizasiyaya verilməsi barədə təsdiqedici sənəd əsasında yeni istehsal olunmuş nəqliyyat vasitəsinə güzəştin tətbiqindən nəqliyyat vasitələrinin satıcısı tərəfindən imtina edilməsinə görə 4000 manat məbləğində cərimə ediləcək. Eyni zamanda, layihəyə görə, “Tullantılar haqqında” Qanunda nəzərdə tutulan qaydada verilən təsdiqedici sənədlərin nəqliyyat vasitələrinin satıcısı tərəfindən uçotunun aparılmamasına, yaxud təsdiqedici sənədlər barədə yazılı məlumatın nəqliyyat vasitələrinin utilizasiyası üzrə operatora vaxtında verilməməsinə görə 500 manat məbləğində cərimə olunacaq.

Həmçinin utilizasiya edilmiş nəqliyyat vasitələrindən əldə edilən materialların və əşyaların ehtiyat hissələrinin emalı və satışı ilə məşğul olan sahibkarlıq subyektlərinə satılması barədə utilizator tərəfindən nəqliyyat vasitələrinin utilizasiyası üzrə operatora “Tullantılar haqqında” qanunda nəzərdə tutulan qaydada və müddətdə yazılı məlumatın verilməməsinə görə vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 600 manat məbləğində cərimə olunacaqlar. Qanunun bu müddəası 2024-cü ilin 1 sentyabr tarixindən qüvvəyə minir.

Ölkəmizdə əsas şərt belə qoyulub ki, utilizasiya texniki təhlükəsizlik cəhətdən, eyni zamanda ekoloji cəhətdən yararsız olan avtomobillərə şamil olunacaq. Texniki təhlükəsizlik dedikdə aktiv-passiv və qəza sonrası təhlükəsizlik nəzərdə tutulur. Utilizasiya proqramı tamamilə könüllü həyata keçiriləcək. Heç kimin avtomobili məcburi qaydada əlindən alınmayacaq. Artıq metalloma çevrilmiş, ekoloji cəhətdən zərərli olan, təhlükəli, köhnə nəqliyyat vasitələrindən imtina edən vətəndaşlara dövlət tərəfindən müəyyən subsidiyalar, güzəştlər təklif olunacaq ki, yeni avtomobil ala bilsinlər. Utilizasiya proqramına qədər hələ qarşıda bir neçə məqsəd var. Nazirlər Kabineti yanında Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya var. Bu komissiyanın 2021-ci ildə hazırladığı yol xəritəsi əsasında bu məsələlər mərhələli həyata keçirilir. Dövlətin məqsədi 2030-cu ilə qədər ölkəmizi təmiz ətraf mühit və yaşıl artım məkanına çevirməkdir.

Hazırda vətəndaşların yeni avtomobillərə əlçatanlığını təmin etmək üçün bir sıra islahatlar aparılır. Bunun üçün ötən ilin yanvar ayının 1-dən etibarən ölkəmizə idxal olunan ekoloji təmiz nəqliyyat vasitələri gömrük rüsumu və ƏDV-dən azad edilib. Bu növ avtomobilləri almaq istəyən vətəndaşlar üçün sərfəli kredit şərtləri təklif olunur. Bu təkliflər Mərkəzi Bank və Banklar Assosiasiyasının birgə hazırladığı layihə əsasında həyata keçirilir.

Cavid Əkbərov, “İki sahil”