29 iyul 2023 16:50
555

ADY yeni lokomotivlər alacaq

“Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti Qazaxıstanda istehsal olunmuş 7 ədəd "Evolution" TE33AC seriyalı magistral dizel lokomotivlərinin alınması ilə bağlı danışıqlar aparır.

“İki sahil” xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

"ADY lokomotiv parkının yenilənməsi və müasirləşdirilməsi istiqamətində ABŞ-ın “Wabtec” Korporasiyasının Qazaxıstan Respublikasında fəaliyyət göstərən zavodunda istehsal olunmuş 7 ədəd "Evolution" TE33AC seriyalı magistral dizel lokomotivlərinin alınması ilə bağlı danışıqlar aparır", - cavabda deyilir.

Xatırladaq ki, “Wabtec” Korporasiyası lokomotiv istehsalını Astanada yerləşən “Lokomotiv Kurastyru Zauyty” (LKZ) zavodunda təşkil edib. LKZ 2010-cu ilin fevralında istismara verilib və 1 520 mm-lik dəmir yolları üçün xüsusi olaraq hazırlanmış ТЭ33А "Evolution" dizel yük lokomotivini və onun TEP33А sərnişin versiyasını istehsal edir.

Qeyd edək ki, ADY-nin Qazaxıstanla bu ilk əməkdaşlığı deyil. Səkkiz il öncə ADY Qazaxıstanın "Lokomotiv quraşdırma" Səhmdar Cəmiyyəti ilə imzalanmış müqavilə əsasında 10 ədəd yükdaşımada istismar edilməsi nəzərdə tutulan TE33A "Evalution" tipli teplovoz alıb. Bu teplovozların birincisi 3 avqust 2015-ci ildə Çin Xalq Respublkasının Şixezi şəhərindən çıxan ilk konteyner qatarı Azərbaycana gələndə ölkəmizə gətirilib. Bu teplovozların istismarı zamanı müəyyən edilmişdir ki, 2TE10M seriyalı magistral teplovozlarla müqayisədə dizel yanacağına 30-35 % qənaət etməklə sahə üzrə 3 200 tonluq yük qatarını sərbəst daşımağa qadirdir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Azərbaycana xarici ölkələrdən 136,172 milyon ABŞ dolları dəyərində 29 ədəd dəmiryol lokomotivi (xarici elektrik enerji mənbəyi ilə işləyən, dizel-elektrik, digər) idxal edilib. Bunların 21-i (135,133 milyon ABŞ dolları dəyərində) Qazaxıstandan tədarük edilib.Bununla yanaşı, Rusiyadan 750 min ABŞ dolları dəyərində 6 ədəd və İrlandiyadan 288,6 min ABŞ dolları dəyərində 2 ədəd lokomotiv alınıb.

Bu ilin ilk 5 ayı ərzində Azərbaycan bir ölkədən - Rusiyadan 200 min ABŞ dolları dəyərində 1 ədəd dizel-elektrik lokomotivi alıb.