44 günlük Vətən müharibəsində Azərbaycan əsgəri dünyaya sübut etdi ki, onun Vətəni nə qədər müqəddəsdir. Vətənini canı qədər sevən qəhrəman oğullarımız ana torpağının bir qarışı belə düşməndə qalmasın deyə, ölümün gözünə dik baxıb şəhadətə yüksəldilər. Belə oğulları xalq əbədi unutmur, onların xatirəsini əziz tutaraq tez-tez məzarlarını ziyarət edir, mövlud və anım günlərini elliklə qeyd edirlər. Növbəti mövlud günü qeyd edilən igid oğullarımızdan biri şəhid baş leytenant Amin Gülməmmədovdur.
Rayonun Saltaq kənd qəbiristanlığında dəfn olunan şəhid baş leytenant Amin Gülməmmədovun anım mərasimində Culfa Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ruslan Cəfərov, Culfa şəhər və kənd sakinləri, şəhid ailələri, gənclər və şəhidin doğmaları iştirak ediblər.
Mərasimdə şəhidin həyat yolundan danışılmış, bildirilmişdir ki, şəhid Amin Gülməmmədov 1995-ci ilin iyulun 31-də anadan olub. Amin orta məktəbi bitirdikdən sonra Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. Sonra hərbi təhsilini davam etdirmək üçün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Yüksək hərbi biliklərə yiyələnən Amin Gülməmmədov daim nümunəvi xidməti ilə seçilib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin düşmənə qarşı başlatdığı əks-hücum əməliyyatında qəhrəman əsgər və zabitlərimizin sırasında yer alan Amin Füzulidən başlayaraq və Daşaltıya qədər davam edən döyüşlərdə böyük rəşadət göstərib. Füzulinin, Hadrutun, Cəbrayılın, Xocavəndin işğaldan azad olunması uğrunda qəhrəmanlıqla vuruşan xalqımızın igid oğlu 2 noyabr 2020-ci il tarixdə Daşaltı istiqamətində gedən döyüşlərdə şəhidlik məqamına yüksəlib.
Qeyd edək ki, şəhid baş leytenant Amin Gülməmmədov Vətən müharibəsində göstərdiyi şücaətə görə ölümündən sonra ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Səriyyə Salahova,
Culfa Rayon Mədəniyyət Sarayının direktoru