31 iyul 2023 22:49
557

Şad xəbər: Daşınmaz əmlak sahəsində tariflər AZALDI

İşğaldan azad olunmuş ərazilərdə daşınmaz əmlakla bağlı xidmətlərə güzəştlər olacaq

Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. Dövlətin sosial siyasətinə uyğun olaraq, tariflər tənzimlənərkən sosialyönümlülük nəzərə alınaraq, iqtisadi əlverişlilik və xidmət səviyyəsinin yaxşılaşdırılması kimi amillər əsas götürülərək yeni tariflərlə bir sıra güzəştlər nəzərdə tutulub. Daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastrı xidmətləri üzrə tariflər və bir qrup dərman vasitəsinin qiyməti tənzimlənib.

Tarif (Qiymət) Şurasının daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastrı xidmətlərinin tariflərinin tənzimlənməsi barədə bu gün qəbul etdiyi qərara əsasən, Azərbaycanda torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üzrə yeni xidmət tarifləri müəyyən olunub.

Daşınmaz əmlak sahəsində idarəçilik sisteminin rəqəmsal texnologiyalar əsasında müasirləşdirilməsi, şəffaflaşdırılması, keyfiyyətli, çevik və etibarlı xidmətlərin göstərilməsi məqsədilə yeni xidmətlər təklif olunur. Bununla əlaqədar olaraq, yeni xidmətlər üzrə tariflərin müəyyən olunmasına, mövcud tariflərin tənzimlənməsinə zərurət yaranıb.  Tariflərin sayı 79-dan 60-a endirilib, xidmət sayının optimallaşdırılması bir sıra istiqamətlər üzrə xidmət haqqının aşağı salınmasına və ya tamamilə ləğv edilməsinə imkan yaradıb. Qanunvericiliyə dəyişikliklər nəticəsində yaranmış yeni 9 xidmət üzrə 14 tarif müəyyənləşdirilib, 21 tarif mövcud səviyyədə saxlanılıb, 29 tarif tətbiq olunmadığı üçün ləğv edilib, 5 tarif alt qruplara keçirilərək ümumiləşdirilib.

İqtisadi fəaliyyətin canlanmasına əlavə stimul yaranır: yeni tariflərə uyğun olaraq, qeyri-yaşayış sahələri üzrə xidmətlərdə xərclər orta hesabla 5,2% azalıb 

Yeni tariflərlə bir sıra güzəştlər nəzərdə tutulur. Bu güzəştlər çərçivəsində şəhid ailəsi üzvlərinin, hərbi əməliyyatlar nəticəsində əlil olmuş hərbi qulluqçu və mülki şəxslərin daşınmaz əmlaklarına, işğaldan azad olunmuş ərazilərdə yerləşən daşınmaz əmlak obyektlərinə münasibətdə xidmət haqqına 50% güzəşt tətbiq olunur. Bununla yanaşı, kənd təsərrüfatı, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar üzrə, eləcə də çoxmənzilli yaşayış binalarının inventarlaşdırılması üzrə tariflər azaldılıb. Belə ki, çoxmənzilli yaşayış binalarının inventarlaşdırılması üzrə tariflər hər bir kv.m üçün çoxmənzilli binanın yerləşdiyi zonadan asılı olaraq 46-49% azaldılıb. İlkin və təkrar texniki inventarlaşdırılma və sifarişlə həyata keçirilən yerquruluşu işləri üçün tarif çoxmənzilli yaşayış binalarının ümumi sahəsinin hər 1 kv.m üçün 0,65 manat səviyyəsində müəyyən edilib. Bu tənzimləmə ilkin mənzil bazarının canlanmasına töhfə verəcək. Mənzillər üzrə isə bu tariflər sahəsi 50 kv.m-dək (50 kv.m daxil) olduqda Bakıda 40 manat, Abşeron, Sumqayıt və Gəncədə 35 manat, digər şəhər və rayonlarda 30 manat təşkil edir. Yaşayış fondunun sahəsi 50 kv.m-dən çox olduqda isə hər əlavə 1 kv.m üçün anoloji olaraq  0,40, 0,32 və 0,30 manat əlavə edilir. Əmlakın olub-olmamasına dair arayışın verilməsi üzrə xidmət haqqı əvvəlki tarifdə 1 yaşayış təyinatlı əmlak üçün 10 manat, qeyri-yaşayış təyinatlı əmlak üçün 50 manat nəzərdə tutulmuşdursa, yeni tarifdə əmlak sayı (təyinatından asılı olmayaraq) 10-dək olduqda 10 manat və 10-dan artıq olduqda isə, hər əlavə əmlak üçün 2 manat xidmət haqqı müəyyənləşdirilib. Kiçik və orta biznesin dəstəklənməsi baxımından sahəsi 1000 kv.m-ə qədər olan əmlakların tarifləri azaldılıb. Sahəsi 1000 kv.m-ə qədər olan əmlakların tariflərində də azalma tətbiq olunur. Yeni tariflərə uyğun olaraq, qeyri-yaşayış sahələri üzrə xidmətlərdə xərclər azalır. Sahibkarlığa dəstək və biznes mühitinin inkişafı üçün güzəşt tətbiq olunur. Belə ki, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə və su fondu torpaqları, ehtiyat fondu torpaqları üzrə yerləşdiyi zonadan asılı olaraq hər hektara görə xidmət haqqı 75-86% azaldılıb.  Bu torpaqların sahəsi 1 hektaradək olduqda 500 manat, 1 hektardan çox olduqda, hər əlavə 1 hektar üçün əlavə olaraq 100 manat xidmət haqqı hesablanır. İqtisadi fəaliyyətin canlanmasına əlavə stimul yaranır: yeni tariflərə uyğun olaraq, qeyri-yaşayış sahələri üzrə xidmətlərdə xərclər orta hesabla 5,2% azalır. Aqrar sahənin dəstəklənməsi məqsədilə kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə tariflər orta hesabla 73% azaldılıb. Kənd təsərrüfatı təyinatlı torpaqların qeydiyyat tarifləri sahə 5 hektaradək olduqda 100 manat, 5 hektardan çox olduqda, hər əlavə 1 hektar üçün əlavə olaraq 10 manat təşkil edir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üzrə yeni xidmət tarifləri belə olacaq: kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə 5 manat; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları üzrə 30 manat; digər torpaq sahələri (sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə və su fondu torpaqları, ehtiyat fondu torpaqları) üzrə tariflər 50 manat olmaqla müəyyənləşdirilib.

Tarif (qiymət) Şurasının qərarına əsasən, tariflərin sayı 79-dan 60-a endirilib, qanunverciliyə dəyişikliklər nəticəsində yaranmış yeni 9 xidmət üzrə tariflər müəyyənləşdirilib, 21 tarif mövcud səviyyədə saxlanılıb, xidmət göstərilmədiyi üçün 29 tarif ləğv edilib, 5 tarif alt qruplara keçirilərək ümumiləşdirilib. Xidmət sayının optimallaşdırılması bir sıra istiqamətlər üzrə xidmət haqqının aşağı salınmasına və ya tamamilə ləğv edilməsinə imkan yaradıb. Həmçinin, yaşayış sahələrinin qeyri-yaşayış sahələri hesabına çarpaz maliyyələşdirilməsinin aradan qaldırılması məqsədilə müvafiq tariflərə dəyişikliklər edilib.

İclasda həmçinin yeni dövlət qeydiyyatına alınan daha 95 dərman vasitəsinin qiyməti təsdiq edilib və əhalinin sağlamlığı baxımından mühüm əhəmiyyət kəsb edən, sahibkarlar üçün idxalı iqtisadi cəhətdən səmərəli olmayan dərman vasitələri üzrə etibarlı təchizatın təmin edilməsi məqsədi aidiyyəti qurumların rəyi əsasında 46 dərman vasitəsinin qiyməti təsdiq edilib.

Yaqut Ağaşahqızı, “İki sahil”