Ölkəmizin reallaşdırdığı geniş spektrli tədbirlər təkcə Asiya və Avropa arasında tranzit daşımaların daha böyük seqmentini cəlb etmək deyil, həmçinin bu marşrut boyunca yerləşən ölkələr arasında əlaqəni yaxşılaşdırmaq məqsədi daşıyır
Hazırda Azərbaycan qitələr arasındakı nəqliyyat dəhlizlərinin mərkəzinə çevrilməkdədir. Bu şəraitdə Orta Dəhliz marşrutu Azərbaycanın istəyini əks etdirir. Həmin marşrut Çin-Qazaxıstan-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Türkiyə-Qara dəniz-Avropa xəttini özündə birləşdirir. Çinin ildən-ilə böyüyən iqtisadiyyatı, istehsal potensialı, nəhəng insan resursu və digər amillər gələcəkdə onu dünyanın bir nömrəli böyük iqtisadi qüdrətə malik dövlətinə çevirəcək. Hazırda təkcə Çin ilə Avropa arasındakı ticarət dövriyyəsinin həcmi 500 milyard dollardan çoxdur. Yüklərin Çinin cənubundakı limanlardan Avropaya göndərilməsi və əks istiqamətdə daşınması çox vaxt aparmaqla yanaşı, həm də baha başa gəlir. Gəmilər Süveyş kanalı və Cəbəllütariq boğazından keçərək Avropaya gedir. Demək olar ki, bu gəmilər dünyanın yarısını dolanaraq yükləri mənzil başına olduqca gec çatdırır və onlarla gömrük rəsmləşdirilməsi, eləcə də milyonlarla dollar rüsum və tranzit haqqı ödəmək məcburiyyətində qalır. Bu halda Orta Dəhlizin əhəmiyyəti daha da artır. Qeyd edilən xüsuda prezident İlham Əliyev iyunun 20-də Çinin “China Media Group” media korporasiyasına müsahibəsində qeyd edir: “Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzərində yerləşir. Lakin nəqliyyat infrastrukturunun olmaması elə bir vəziyyət yaratmışdı ki, bizim coğrafiyadan istifadə edilmirdi. Mən tam əmin idim ki, biz bu vəziyyəti yaxşılaşdıra bilərik. Biz nəqliyyat infrastrukturuna böyük sərmayə qoyuluşuna 15 il əvvəl başladıq. İlk olaraq yerli infrastrukturu inkişaf etdirmək üçün biz bu sahəyə böyük sərmayə yatırmağa başladıq. Eyni zamanda, qonşularımızla da bağlantı körpüləri qurmağa başladıq. Biz mühüm tranzit ölkəsi olmaq arzusundaydıq, ancaq bunun üçün təkcə coğrafiya kifayət etmir. Hətta infrastruktur da kifayət deyil, burada digər məsələyə ehtiyac var. Bu isə qonşularla yaxşı münasibətlərdir... Beləliklə, Azərbaycan ərazisindən təkcə Bakı-Tiflis-Qars kimi bir yol keçməyəcək, o cümlədən Zəngəzur dəhlizi işə salınacaq. Bir sözlə, bütün bunlar əlavə yüklər üçün digər imkanlar açacaq”.
Göründüyü kimi, Şərq və Qərb arasında olan mühüm nəqliyyat habının açarı rolunda çıxış edən Zəngəzur dəhlizinin əhəmiyyəti daha da artıq. Bu dəhliz ətrafında son dövrlərdə baş verənlər getdikcə daha çox diqqəti cəlb edir. Məsələ burasındadır ki, sözügedən dəhlizin açılmasını istəyən və bu xüsusda əməli addımlar atan ölkələrin sayı artır. Xüsusən də aparıcı Qərb dövlətləri, Çin, Rusiya Zəngəzur dəhlizi məsələsində indi daha çox maraqlıdırlar. Reallıq budur ki, Zəngəzur dəhlizi müxtəlif seqmentlərdən ibarət olmaqla, Çinlə Avropanı birləşdirəcək. Bu layihədə dünyanın iqtisadi nəhəngi hesab olunan Çinin xüsusi marağı var və Orta Asiya respublikaları ilə birlikdə sammit keçirib dəmir yolu xəttinin çəkilməsi barədə müqavilə imzalaması da təsadüfi xarakter daşımır. Çin Avropa ilə ixrac-idxal əməliyyatlarını daha da genişləndirmək üçün qısa, təhlükəsiz və ucuz başa gələn yol axtarışındadır. Azərbaycanın həyata keçirmək istədiyi Zəngəzur dəhlizinin də Çin tərəfindən dəstəklənməsi təsadüfi deyil. Gələcəkdə yüklər qatarla Çindən çıxaraq Qırğızıstan-Özbəkistan-Qazaxıstan-Azərbaycan-Türkiyə üzərindən keçərək Avropaya və əks istiqamətə daşınacaq. Bu səbəbdəndir ki, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu xəttinin tikintisinin reallaşması gündəmdədir. Belə ki, Trans-Avrasiya yük daşımalarının beynəlxalq koordinasiya şurasının baş katibi Gennadi Bessonov bildirib ki, bu məsələ ötən ay keçirilən Çin-Orta Asiya sammitində müzakirə olunub və müvafiq sənədlər imzalanıb. Orta Asiya respublikalarının müvafiq qurumları ilə Çin arasında imzalanan sənəddə dəmir yolunun Qırğızıstan, Özbəkistan, Azərbaycan və Türkiyə ərazisindən keçərək Avropaya çatması nəzərdə tutulub. Q.Bessonov deyib ki, bu dəmir yolu marşrutu Çin ilə Avropa arasında ticarətin daha da intensiv xarakter almasına təkan verəcək. Proseslərin təhlili göstərir ki, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu xəttinin davamı perspektivdə məhz Zəngəzur dəhlizi üzərindən olacaq.
Zəngəzur dəhlizinə, Çin ilə yanaşı, Avropa İttifaqı da maraq göstərir. Rusiya-Ukrayna müharibəsinin nə qədər davam edəcəyi bəlli deyil və Avropa dövlətləri Asiya qitəsi ilə ticarət əlaqələrini davam etdirmək üçün yeni yollar axtarırlar. Rusiya da cənub istiqamətində ixrac və idxal üçün Zəngəzur dəhlizinə ciddi ehtiyac duyur. Burada nəzərə alınır ki, Zəngəzur dəhlizinin yaradılması ilə Avrasiyanın nəqliyyat şəbəkəsinin yeni bir damarı açılacaq və bu da bölgə ölkələri arasında iqtisadi və ticarət əlaqələrinə müsbət təsir göstərəcək. Hazırda dəhlizdən narahat olan yeganə əsas ölkə İrandır. İran bunun qarşısını almaq üçün Ermənistana təsir etməyə çalışır. Ermənistan Zəngəzur dəhlizinin açılmasına icazə versə, İranın Avropaya açılan yeganə qapısı bağlanacaq. Zəngəzur dəhlizinin yaradılmasını böyük faciə kimi şərh edən ekspert bildirib ki, guya yol açılarsa, İrəvanın cənubla əlaqəsi itəcək. Azərbaycan və dəhlizin açılmasında maraqlı olan tərəflər dəfələrlə bəyan edib ki, Zəngəzur dəhlizi beynəlxalq əhəmiyyətli iqtisadi layihədir, bu layihənin açılması heç də Ermənistanın ərazi bütövlüyü üçün bir təhdid deyil, əksinə, İrəvan da bununla böyük iqtisadi dividendlər əldə edəcək. Bu reallığı Ermənistan rəhbərliyi də yaxşı başa düşür. Amma İran və digər maraqlı qüvvələr Zəngəzur dəhlizini Ermənistan üçün təhlükə kimi qələmə verərək öz maraqlarını təmin etmək istəyir. İran öz ərazisindən dəhliz təklif etməklə Zəngəzur dəhlizi layihəsini bloklamaq istəyir. Molla rejimi yaxşı anlayır ki, Ermənistan-Azərbaycan münasibətləri normallaşarsa, Zəngəzur dəhlizi reallaşarsa, bu, rəsmi Tehranın proseslərdən kənar qalmasına gətirib çıxaracaq. Azərbaycanın yaratdığı yeni reallıqlar sabitlik, təhlükəszilik, tərəqqi, iqtisadi inkişaf və firavan gələcəyi özündə ehtiva edir. İranı narahat edən də bu amillərdir. İran bölgədə sabitlik, iqtisadi inkişaf istəmir. İran, xüsusilə də Ermənistanın inkişafında maraqlı deyil. Çünki İran, Fransa və bu kimi pozucu qüvvələrə zəif, tənəzzül içində olan Ermənistan lazımdır ki, öz diqtəsini qəbul etdirə bilsin. Bu reallıqları Paşinyan hakimiyyəti də yaxşı başa düşsə də, təəssüf ki, boyunduruqdan yaxa qurtara bilmir. Bütün bunlara baxmayaraq, Azərbaycan dövləti öz qətiyyətli siyasəti ilə gec-tez Zəngəzur dəhlizinin açılmasına və yeni reallıqların bərqərar olmasına nail olacaq.
“Zəngəzur Dəhlizi layihəsi bizim üçün təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, strateji bir layihədir. Tam əminik ki, bu layihənin reallaşması bizim təbii hüququmuzdur” deyən ölkə başçısı bildirir ki, indi Ermənistan bundan boyun qaçırmaq istəyir, faktiki olaraq, üzərinə götürdüyü öhdəlikləri iki ildən çoxdur ki, yerinə yetirmir. “Ancaq bu, bizi dayandırmayacaq. Yəni, bizim üçün bu, strateji layihədir və təkcə bizim üçün yox, bir neçə qonşu ölkə üçün və böyük coğrafiya üçün”, - deyə dövlət başçısı qeyd edib. Həmçinin əlavə edir ki, Zəngəzur Dəhlizinin reallaşması tarixi zərurətdir: “Ona görə mən dedim ki, Ermənistan istəsə də, istəməsə də bu, reallaşacaq. Yəni, bunu Ermənistanda yenə növbəti təhdid kimi qəbul edirlər, halbuki belə fikrim yox idi. Sadəcə olaraq, bu, qaçılmazdır. Bu, gec-tez olacaq”.
Sevinc Azadi, “İki sahil”