The National Azerbaijan Golf Club-un təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq yeniyetmələr arasında “Caspian Junior Cup 2026” beynəlxalq qolf turniri keçirilib.
“İki sahil” xəbər verir ki, turnir Qazaxıstan, Özbəkistan və Qırğızıstanın milli qolf federasiyalarını təmsil edən ən güclü gənc idmançıları bir araya gətirib.
Yarışda iştirak edən gənc qolfçuların bir çoxu gələcəkdə öz ölkələrini ən nüfuzlu beynəlxalq yarışlarda, o cümlədən Olimpiya Oyunlarının qolf turnirlərində təmsil etmək potensialına malik perspektivli idmançılar hesab olunur.
Quba Palace Hotel və The National Azerbaijan Golf Club-un birgə təşkilatçılığı ilə baş tutan turnir Azərbaycanda keçirilən on günlük Beynəlxalq Yeniyetmələr Qolf Düşərgəsinin yekun tədbiri kimi təşkil olunub.
On gün ərzində gənc idmançılar birgə məşqlər keçib, təcrübə mübadiləsi aparıb, iştirakçı ölkələrin milli federasiyalarının baş məşqçilərinin rəhbərliyi altında oyun bacarıqlarını inkişaf etdirib, eyni zamanda komandalar arasında dostluq münasibətlərini daha da möhkəmləndiriblər.
Tədbirdə rəsmi qonaqların iştirakı onun əhəmiyyətini daha da artırıb.
Qaliblərin mükafatlandırılması mərasimində diplomatik korpusun nümayəndələri, o cümlədən iştirakçı ölkələrin Azərbaycandakı səfirləri iştirak edərək mükafatları şəxsən gənc idmançılara təqdim ediblər.
Tədbirdə həmçinin millət vəkilləri, dövlət qurumlarının nümayəndələri, kütləvi informasiya vasitələrinin təmsilçiləri, tanınmış bloqerlər və influenserlər də iştirak ediblər.
“Caspian Junior Cup 2026” turnirinin əsas məqsədi uşaq və yeniyetmə qolfunun inkişafına töhfə vermək, beynəlxalq idman əməkdaşlığını gücləndirmək və Azərbaycanı beynəlxalq qolfun yeni mərkəzlərindən biri kimi tanıtmaqdır.
Layihə idman, dostluq və ortaq dəyərlər vasitəsilə ölkələri bir araya gətirərək ünsiyyətin genişlənməsi, təcrübə mübadiləsi və yeni nəsil idmançıların yetişdirilməsi üçün uzunmüddətli platforma yaratmağı hədəfləyir.
Turnirin keçirilməsi Azərbaycanda qolf idmanının inkişafı baxımından mühüm mərhələ olmaqla yanaşı, regionun müxtəlif ölkələrindən olan gənc idmançıları bir araya gətirəcək yeni beynəlxalq ənənənin əsasını qoyur.