12 avqust 2023 10:05
374

Yevlaxda şəhid ailələri ziyarət olundu

YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Milli Məclisin deputatı İlham Məmmədov, Azərbaycan Respublikası Milli Qəhərmanlarını Tanıtma İctimai Birliyinin Yevlax Rayon  Nümayəndəliyinin sədri, Vətən müharibəsi iştirakçısı, “Azərbaycan Bayrağı” ordenli Mədəd Süleymanov, Azərbaycan Respublikası MQTİB-nin Yevlax Nümayəndəliyinin sədrinin birinci müavini, Vətən müharibəsi iştirakçısı Bayram Hüseynov,  Azərbaycan Respublikası MQTİB-nin Yevlax Nümayəndəliyinin sədr müavini, “Dialoq.Az” saytının rəhbəri, Yazıçı, Azərbaycan Jurnalistlər Birliyinin və Türk Ağsaqqalları İctimai birliyinin üzvü, hərbi ekspert Natiq Əlisoy, Qaramanlı və Rüstəmli kəndlərinin bələdiyyə sədrləri və  İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri rayonun Qaramanlı  kəndində torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən müharibəsi Şəhidləri - Quliyev Fəhmin Yunis oğlunun və İsmayılzadə Uğur Hidayət oğlunun, daha sonra rayonun Rüstəmli kəndində Ağayev İldırım Qafqaz oğlunun ailə üzvlərini ziyarət edib, qəhrəman oğullarımızın əziz xatirəsinə ehtiramlarını bildirərək,  ailələrin  qayğıları ilə maraqlanıblar.

“İki sahil” xəbər verir ki, görüş çərçivəsində Azərbaycanın igid oğullarının Vətənimiz, xalqımız və dövlətimiz naminə göstərdiyi misilsiz xidmətlərdən söhbət açılıb, cəsurlarımızın keçdiyi şərəfli döyüş yolundan geniş bəhs edilib. Qeyd edilib ki, dövlətimiz öz növbəsində ölkənin müstəqilliyini, konstitusiya quruluşunu və ərazi bütövlüyünü qoruyarkən Şəhid, yaxud əlil olmuş insanlara layiqli yanaşma nümayiş etdirir.Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığı ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinin, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinin, qazilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir. Qızıl hərflərdən ibarət tarix yazan Azərbaycanın vətənpərvər və qəhrəman oğulları öz şücaəti ilə xalqımızın qəlbində sonsuz sevgi qazanmış, əbədi taxt qurmuşdur.

 Şəhid ailəsinin nümayəndələri  göstərilən bütün diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıq hissini ifadə ediblər.