Xətai rayonunun nümunəvi məktəbinin uğurunun formulu
İnsanın kamil bir şəxsiyyət kimi formalaşmasında məktəb həyatının mühüm rolu var. Məktəb elm məbədi, təlim-tərbiyə ocağı hesab olunur. Bu ocağın hər közü hər bir şagirdinin gələcəyini hərarətləndirir. Belə təhsil ocaqlarından biri də builki qəbul imtahanlarının nəticələri ilə fərqlənən paytaxtın Xətai rayonundakı Humanitar fənlər təmayüllü məktəb-liseyidir. Bu məktəbin bütün məzunları buraxılış və qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə olmaq arzularını gerçəkliyə qovuşdurublar.
“İki sahil” olaraq məktəbin kollektivinin sevincinə şərik olacaq, uğur hekayələrini dinləyəcəyik.
11 il boyunca çəkdiyi əziyyətin bəhrəsini görən , yüksək nəticə göstərərək məktəbinin adını zirvələrə qaldıran məzunlarla həmsöhbət olduq.

Liseyin məzunu Leyla Əhmədzadə 666 balla ADA Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olunub: “Təbii ki, hər abituriyent tələbə adını qazananda eyni sevinci keçirir. Çünki illərin əziyyətinin, yuxusuz gecələrin bəhrəsini görürük. Hazırlıq müddətində bütün müəllimlərimdən yüksək səviyyədə dəstək görmüşəm. Amma şagirdin özündən də əzm tələb olunur. Zənnimcə, uğurun əsas səbəbi nizam-intizamdır. Hər kəs nizam-intizamla çalışmalıdır ki, sonda nailiyyət qazansın. Tədris illərində valideynlərim, müəllimlərim və məktəb rəhbərliyimiz bütün çətinliklərimdə mənə dəstək göstəriblər. Hər birinə yanımda olduqları üçün ayrı-ayrılıqda təşəkkürümü bildirirəm. Tələbə adını qazanan bütün məzunları təbrik edirəm, uğurlar diləyirəm. Gələcək abituriyentlərə arzuladıqları ixtisasa qəbul olunub, tələbə adını qazanmağı arzu edirəm.”

Yüksək bal toplayaraq tələbə adını qazanan digər məzun- Səkinə Hüseynli 664 balla Azərbaycan Tibb Universitetinin Tibb fakültəsinə daxil olub: “Savadlı və insanlıq üçün faydalı həkim olmaq mənim uşaqlıq arzumdur. Çox sevinirəm ki, uğurlu addım ataraq həmin arzuma yaxınlaşdım. Bu, həm də çox qürurverici bir hisdir. İnsan inanaraq, çalışaraq iradə və əzmini qoruyaraq bütün maneələri aşıb, çətin yolları keçə bilər. Bu yolda mənə dəstək olan valideynlərimə, xüsusilə də atama, bizim üçün əlindən gələnin ən yaxşısını edən, hər bir şəraiti yaradan məktəbimizin direktoru Nəzakət Əsgərovaya, üzərimdə əziyyəti olan bütün müəllimlərimə dərin minnətdarlığımı bildirirəm. Unutmaq olmaz ki, mən nə qədər çalışsam da, özümə inansam da uğurum da onların əziyyəti böyükdür. Gələcək abituriyentlərə tövsiyəm odur ki, kənar fikirlərə çox önəm vermədən öz istədikləri ixtisası seçsinlər. Çünki bu, özü böyük bir motivasiyadır. Həqiqətən, tələbə olmaq üçün çıxdığımız bu yol çətin yoldur. Çalışmaqdan, inanmaqdan daha böyük olan faktor məsuliyyətdir. Doğurdan da, məsuliyyətli yanaşaraq, müəllimlərin sözlərinə qulaq asaraq bütün arzulara çatmaq mümkün olur.”

Kənan Qədiməliyev 626 balla Azərbaycan Tibbi Universitetinin Müalicə işi fakültəsinə qəbul olunub: “Tələbə adını qazandığımı biləndə çox sevindim. Çox gözəl duyğulardır. Bu ixtisas üzrə təhsil almağı çox istəyirdim. İmtahanda yüksək bal toplayaraq bu arzumu gerçəkləşdirdim. Bu uğuru qazanmağımda əziyyəti olan məktəb rəhbərliyimiz başda olmaqla müəllimlərimə və valideynlərimə təşəkkür edirəm. Gələcək abituriyentlərə tövsiyəm odur ki, imtahanlarda çox diqqətli olsunlar və tələsməsinlər.”
Bugünkü uğurun təməlində dünənki əziyyət dayanır. Şagirdlərinin uğura gedən yolunu nurlandıran, ən azı onlar qədər çalışan, əziyyət çəkən müəllimləri də unutmaq olmaz.

Şagirdlərinin respublikanın nüfuzlu ali təhsil müəssisələrinə qəbul olunmaları məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, 2022-2023-cü tədris ilində məzun olmuş 11 B sinfinin rəhbəri Vüsalə Yəhyayevanı da qürurlandırır və fərəhləndirir: “Bu il liseyimiz qəbul prosesində 100 faizlik nəticə göstərdi. Şagirdlərimin hər birinin potensialına bələd olduğum üçün böyük uğura imza atacaqlarına əmin idim. Məzunlarımızın dərsə davamiyyəti, elmə sevgisi yüksək səviyyədə idi. Belə çalışqan, məsuliyyətli uşaqlar yetişdirmək, bu məktəbdə işləmək mənim üçün şərəfdir. Bu, onu göstərir ki, məktəbimiz öz işini düzgün qurub. Məzunlarımızın tam nəticə göstərməsini məktəbin direktoru-müəllim-şagird-valideyn əməkdaşlığının düzgün qurulmasında görürəm. Məzunlarımızı tələbə adı almaları münasibətilə ürəkdən təbrik edirəm. Onlara bu yolda uğurlar arzulayıram. Başda məktəbimizin rəhbəri Nəzakət müəllimə olmaqla Humanitar Fənlər təmayüllü məktəb-liseyin bütün müəllim kollektivini bu münasibətlə təbrik edirəm. Şagirdlərimizə və məzunlarımıza Vətənə layiqli övlad olmağı arzu edirəm. “

Liseyin tarix müəllimi, həmçinin buraxılış 11 A sinfinin rəhbəri Elməddin Quliyev qeyd etdi ki, müəllim olaraq məqsədyönlü və səmərəli fəaliyyətimizlə şagirdlərimizi bacaracaqlarına inandırdığımız üçün artıq ənənəvi olaraq bu cür möhtəşəm uğura imza atırıq: “ Dünənin şagirdlərini, bu günün tələbələrini, onların valideynlərini, müəllimlərini, məktəb rəhbərləyini belə gözəl nailiyyət münasibətilə təbrik edirəm. Məzunlarımız da sağ olsunlar ki, əziyyətimizi yerdə qoymadılar. Hər zaman şagirdlərimə deyirəm ki, ilk növbədə cəmiyyət üçün yararlı vətəndaş olsunlar. İnanıram ki, məzunlarımız layiqli vətəndaş, daha sonra peşələrinin mütəxəssisi kimi yetişərək dövlətimizə və xalqımıza qürurla xidmət edəcəklər. “İki sahil” TV –yə də təşəkkür edirəm ki, məzunlarımızın, məktəbimizin bu uğurunu gəlib işıqlandırırsınız. Bu, məktəb kollektivimiz və məzunlarımız üçün çox böyük stimul oldu. Uğurlarımızın davamlı olması diləyi ilə…”

Məzunlarının göstərdiyi yüksək nəticəyə onlardan daha artıq sevinən liseyin direktoru, Əməkdar müəllim Nəzakət Əsgərova “İki sahil”ə açıqlamasında məzunlarının timsalında bütün tələbə adını qazananları, onların valideynlərini və təhsil ictimaiyyətini təbrik edərək bildirdi ki, hər bir nəticənin kökündə mütləq şəkildə mühit dayanır: “Mühit nə qədər düzgün təşkil olunarsa, işin nəticəsi də bir o qədər keyfiyyətli olar. Bunun üçün də mütləq şəkildə məktəblərdə təlim-tərbiyə işi düzgün təşkil olunmalıdır. Bu isə ilk növbədə pedaqoji kollektivin peşəkarlıq səviyyəsi, ümumi məqsəd üçün birgə fəaliyyət göstərməsi bacarığından çox asılıdır. Liseyimizin pedaqoji kollektivi də məhz bu prinsip altında birgə səy göstərir. Bunun da sayəsində liseyimizin uğurları ilbəil artmaqdadır.”
N.Əsgərova diqqətə çatdırdı ki, artıq bir neçə ildir davam edən uğurlu ənənəmizə sadiq qalaraq bu il də liseyimizin məzunlarının 100 faizi ali məktəbələrə qəbul olunub: “Sevindirici haldır ki, 2022-2023-cü tədris ilində də uğurlarımız az olmadı. Belə ki, liseyimizi 9 və 11-ci siniflər üzrə 102 nəfər məzun bitirdi. 9-cu sinifi bitirən 65 məzunumuzdan 24-ü ümumi orta təhsil haqqında fərqlənmə attestatı, 11-ci sinifi bitirən 37 məzundan 7-si am orta təhsil haqqında fərqlənmə attestatı, bir nəfər isə qızıl attestat qazandı. Artıq illərin ənənəsi olaraq liseyimizin builki məzunlarının da ali məktəblərə qəbul nəticəsi 100 faiz təşkil etmişdir. Onlardan 12-i 550-670 arasında ballar toplayaraq həm ölkəmizdə, həm də xaricdə fəaliyyət göstərən ali təhsil müəssisələrinə qəbul olunublar. Bundan başqa, 5 nəfər şagirdimiz “Sabahın alimləri”, 7 nəfər şagirdimiz Respublika Fənn olimpiadalarında və Respublika Fənn müsabiqələrində uğur qazanaraq ilk 3 yerdən birinə layiq görülüblər. Ümumiyyətlə, şagirdlərimiz bir çox layihələrdə uğurla iştirak edir, beynəlxalq və yerli olimpiadalarda, bilik yarışlarında iştirak edərək nailiyyətlər qazanırlar. Bütün bunların sayəsində də şagirdlərimiz cəmiyyətə yararlı, intellektli, bacarıqlı, sosiallaşmış kadr kimi formalaşır.”
Müsahibimiz sonda diqqətə çatdırdı ki, bir neçə gündən sonra yeni tədris ili başlayır: “Bu münasibətlə bütün təhsil ictimaiyyətini, şagird və valideynləri, eyni zamanda, birinci sinifə qədəm qoyan fidan balalarımızı təbrik edirəm. Onlar uğurlu təhsil ili arzulayıram.”
“İki sahil” olaraq tələbə adını qazananları, onların valideynlərini, müəllimlərini və məktəb rəhbərliyini təbrik edirik. Onlara təhsil həyatında uğurlar arzulayırıq. Əminik ki, milli-mənəvi dəyərlərimizə sadiq, vətənpərvər, savadlı gənclər olaraq, ölkəmizin sosial-iqtisadi və mədəni həyatına gələcəkdə də böyük töhfələr verəcəksiniz. Nailiyyətlərinizin axarlı olması diləyi ilə…
Yaqut Ağaşahqızı, “İki sahil”