09 iyul 2026 20:05
106

"Daily Express": Şahzadə Harri Meqan və uşaqlarını Kral III Çarlzla görüşə gətirmək üçün imkan axtarır

Şahzadə Harri atası Kral III Çarlz ilə görüşdürmək üçün həyat yoldaşı və uşaqlarını Londona gətirməyin yollarını axtarır.

“İki sahil” xəbər verir ki,  bu barədə məlumat mənbələrini açıqlamayan Britaniyanın "Daily Express" qəzeti xəbər yayıb.

Şahzadə Harri vətəninə iyulun 6-da gəlib. Bir neçə gün davam edəcək bu səfərdə onu həyat yoldaşı və uşaqları müşayiət etməli idi ki, bu da ailənin 2022-ci ildən bəri Britaniyaya ilk müştərək səfəri ola bilərdi. Lakin son anda təhlükəsizlik mülahizələrinə görə Meqan Markl, yeddi yaşlı şahzadə Arçi və beş yaşlı şahzadə Lilibetin gəlişi ləğv edilib. Buna səbəb onlara dövlət tərəfindən rəsmi mühafizənin təmin edilməməsi olub.

Nəşrin qeyd etdiyinə görə, hazırda şahzadə Harri özəl mühafizə xidməti tapmaqla məşğuldur. Kralın kiçik oğlu hər şeyə rəğmən uşaqlarının III Çarlz ilə görüşünü təşkil etməkdə olduqca qərarlıdır.

Kral III Çarlzın nəvələri ilə görüşmək ehtimalının olduqca yüksək olduğu digər nüfuzlu mənbələr tərəfindən də təsdiqlənir. Belə ki, "Daily Mirror" qəzetinin yaydığı məlumata görə, kral öz müşavirlərindən iş qrafikində nəvələri ilə görüş üçün mütləq vaxt tapmağı xahiş edib.

Saray daxilindəki mənbələr kralın bu görüşə dair "böyük ümidlər bəslədiyini" bildirirlər. Qəzet saray rəsmilərindən birinin bu sözlərinə sitat gətirib: "Kral nəvələri ilə vaxt keçirmək fürsətini heç bir vəchlə əldən verməyəcək".