Sentyabrın 8-də Xətai Rayon İcra Hakimiyyətində 2022-2023-cü tədris ilində ali məktəblərə qəbulda yüksək nəticə göstərən məzunlarla görüş keçirilib.
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin Xətai Rayon İcra Hakimiyyətinin binasındakı büstü önünə qızıl gül dəstələri qoyublar.
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev ölkəmizin möhtəşəm uğurlarından, millətin gələcəyi kimi dəyərləndirilən təhsilin inkişafından geniş bəhs edib. Bildirib ki, hazırda Azərbaycan innovasiyalar ölkəsi kimi tanınır və nüfuz qazanır. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev təkmil islahatları ilə ölkəmizin qarşısında geniş imkanlar açır. Prezident kimi fəaliyyətə başladığı gündən “Neft kapitalını insan kapitalına çevirək!” tezisini irəli sürən dövlət başçısı hər bir ölkənin inkişafında neft-qaz sektoru ilə yanaşı, təhsilin, elmin, yeni texnologiyaların rolunu xüsusi qeyd edir. Ölkəmiz hər bir yeniliyin öyrənilməsinə və tətbiqinə xüsusi önəm verir.
Rafiq Quluyev müstəqil həyatın başlanğıcında olan gənclərə uğurlar arzulayıb. Əmin olduğunu bildirib ki, artıq tələbə adını qazanan gənclər orta məktəb illərində mənimsədikləri bilikləri daha da zənginləşdirərək müasir müstəqil, qalib Azərbaycanın yeni-yeni hədəflərə doğru irəliləməsinə öz töhfələrini verəcəklər. Qeyd edilib ki, qüdrətli, zəngin Azərbaycan hər birimizin qürur mənbəyidir. Gənclərin xarici ölkələrdə təhsilinə xüsusi diqqət yetirilir. Bu mühüm addım həm onlara öz bilik və bacarıqlarını artırmaq, elmin sirlərinə daha dərindən yiyələnmək imkanları qazandırır, həm də Azərbaycanın fəal təbliğatçıları kimi həqiqətlərimizin təhsil aldıqları ölkələrdə təbliğində fəal iştirak edirlər. Təhsilə yatırılan vəsait gələcəyimizə yönələn investisiyadır.
Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə ölkəmizdə həyata keçirilən islahatlardan, Prezident İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təhsilə diqqət və qayğılarından geniş bəhs edib. Qeyd edib ki, Azərbaycanın orta məktəblərində yaradılan möhkəm baza ali təhsil illərində daha da təkmilləşdirilir. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əsas hədəfi də məhz ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanmaq, ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərini beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirməkdir. Atılan bu kimi biri-birindən mühüm addımlar Azərbaycanın uğurlu gələcəyinə hesablanıb.
Vüqar Rəhimzadə gənclərə uğurlar arzulayaraq onlara Vətəni, torpağı sevməyi, əsl vətəndaş kimi formalaşmağı arzulayıb. Diqqətə çatdırıb ki, hər bir ölkənin gələcəyi məhz vətənpərvər gənclikdən asılıdır. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz bir daha gənclərimizin necə vətənpərvər, torpaq, Vətən yolunda canlarından keçməyə hazır olduqlarını təsdiqlədi. Əbəs yerə deyilmir ki, torpaq, əgər uğrunda ölən varsa Vətəndir.
Xətai Rayon Ağsaqqallar Şurasının sədr müavini, şəhid mayor Rüfət Əsgərovun atası Mürvət Əsgərov çıxışında gənclərə gələcək həyat yollarında uğurlar arzulayıb. Bildirib ki, qalibiyyəti ilə dünyaya səs salan Azərbaycanın qarşısında yeni imkanlar açılıb. Gənclərimiz qazandıqları biliklərdən istifadə edərək bu hədəflərin reallığa çevrilməsinə dəstək olmalıdırlar.
Tədbirdə o da bildirilib ki, Xətai rayonunda 33 tam orta məktəb, 3 lisey, 3 məktəb-lisey və bir peşə mərkəzi fəaliyyət göstərir. Əvvəlki illərdə olduğu kimi, 2022-2023-cü tədris ilinin yekunu da rayon üçün uğurlu olub. Belə ki, 2022-2023-cü tədris ilində ali məktəblərə sənəd verən 3055 məzundan, 2363 nəfəri tələbə adını qazanıb. 18 nəfər məzun 650 baldan yuxarı göstərici əldə edib. 3 məzun məktəbi qızıl, 2 məzun isə gümüş medalla bitirərək ali məktəblərə daxil olublar. Həmçinin 336 məzun nüfuzlu xarici universitetlərə qəbul olunub.
Tədbirin sonunda tələbə adını qazanan məzunlara Xətai Rayon İcra Hakimiyyətinin Fəxri fərmanı və hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib.