15 sentyabr 2023 11:38
478

Vahid Novruzov: DİM-ə nail olmaq üçün dünya ÜDM-sinin 1,5-4 %-i qədər resurs tələb edilir

Aparılan hesablamalar göstərir ki, Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq dünya ÜDM-sinin 1,5-4 %-i qədər resurs tələb edir.

 

“İki sahil” xəbər verir ki, bunu Auditorlar Palatasının sədri Vahid Novruzov Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq" mövzusunda beynəlxalq elmi-praktik konfransda deyib.

O qeyd edib ki, biznes strukturlarının DİM sahəsində dövlət təşəbbüslərinə cəlb edilməsinin vacibliyi də bununla izah edilir:

"Digər tərəfdən DİM-ə nail olunması yalnız beynəlxalq əməkdaşlıq və birgə səylər nəticəsində reallaşa bilər. Məsələn, qeyri-qanuni maliyyə axınlarının azaldılmasını nəzərdə tutan 16,4 məqsədi yalnız bir ölkənin səyi və sərhədi daxilində həll oluna bilməz və beynəlxalq maliyyə mərkəzlərinin belə pulların yuyulması üzərində səmərəli nəzarətin olmasından birbaşa asılıdır".

V. Novruzov bildirib ki, DİM-in əhəmiyyəti, üstünlükləri və zərurəti heç də hamı tərəfindən lazımi səviyyədə dərk edilmir:

"PwC" beynəlxalq konsaltinq şirkəti tərəfindən bir çox ölkələri əhatə edən araşdırmaların nəticələri göstərir ki, müəssisələrin direktorlar şurası üzvlərinin 11 %-nin DİM barədə təsəvvürləri belə yoxdur. Digər bir fakt. Rəyi soruşulanların yalnız yarısı (53 %) biznes strukturlarını sosial məsuliyyətli hesab edirlər.

Başqa sözlə, aparılan tədqiqatlar DİM-in reallaşdırılması sahəsində hələ də ciddi problem və çatışmazlıqların olduğunu göstərir".