Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı şəhid ailələrini və qaziləri daim diqqət mərkəzində saxlayır. Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərimizə xüsusi diqqət və qayğı göstərir. Dövlət başçısının tapşırıq və tövsiyyələrinə uyğun olaraq Sumqayıtda da şəhid və qazi ailələrinin mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.
“İki sahil” xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndələri, aparatın əməkdaşları şəhid ailələrinə baş çəkiblər, dövlətin bu sahədə həyata keçirdiyi işlər barədə məlumat veriblər, köməklik ediblər. Vətən müharibəsində xalqımızın milli birliyi ilə əldə olunan qələbədə, Zəfər tarixinin yazılmasında qazilərimizin və şəhidlərimizin xüsusi payı olduğunu qeyd ediblər.
YAP Sumqayıt şəhər təşkilatının nümayəndələri Vətən müharibəsi zamanı qəhrəmancasına şəhid olan Allahverdizadə Elnur Əli oğlu və Əliyev Qubat Hüsur oğlunun ailələrini ziyarət ediblər, onların gündəlik qayğı və problemləri ilə maraqlanıblar. Ramiz Hüseynov belə qəhrəman övladlar yetişdirdiylərinə görə şəhidlərimizin valideynlərinə minnətdarlıq bildirilmiş, qeyd etmişdir ki, hər bir şəhid ailəsi, hər bir qazi Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci Vitse- Prezident Mehriban xanım Əliyevanın, Azərbaycan dövlətinin daim diqqətindədirlər. Onlara olan diqqət və qayğı əbədidir. Görüş zamanı Ramiz Hüseynov vurğulayıb ki, öz həyatlarını işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda qurban verən şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaq. Ziyarət zamanı şəhid ailələrinə yardım bağlamaları təqdim olunub.
Sonda şəhid ailələri öz növbələrində onlara göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, Allahverdizadə Elnur Əli oğlu Ağdamın və Xocavəndin, Əliyev Qubat Hüsur oğlu isə Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.