26 sentyabr 2023 18:04
1196

Vətən Müharibəsi Qəhrəmanı məktəblilərlə görüşdü     FOTO

Anar Mirzəyev: 44 günlük savaşda  bütün Azərbaycan xalqı  qəhrəman idi

Sentyabrın 26-da “Məktəbdə...” layihəsinin yeni dərs ilində ilk görüşü paytaxtdakı 300 nömrəli tam orta məktəbdə keçirildi. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi” qəzeti və “Kaspi.az” saytının informasiya dəstəyi ilə ərsəyə gələn layihənin budəfəki qonağı Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant  Anar Mirzəyev idi.

Görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Vətən Müharibəsi  Qəhrəmanı özünün məktəb illəri, ilk müəllimləri, məktəb yoldaşları ilə bağlı xatirələrini bölüşdü, indiki məktəbli gənclərlə öz dövrü arasındakı oxşar və fərqli cəhətlərdən söz açdı.

 Şagirdlərlə səmimi ünsiyyət şəraitində keçən görüşdə A.Mirzəyev 3 il əvvəl Vətən müharibəsinin başlanması ilə bağlı  Ali Baş Komandanın döyüş əmrindən sonra həm ön, həm də arxa cəbhədə insanların birliyindən, göstərilən qəhrəmanlıqlardan, bir neçə gün əvvəl Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirlərində Azərbaycan Ordusunun daha bir missiyanı uğurla yerinə yetirməsindən, Vətən müharibəsi ilə bağlı yaddaşından silinməyən hadisələrdən bəhs etdi.

Bir qəhrəman qazi üçün Zəfərin hansı məna kəsb etməsindən danışan A.Mirzəyev millət üçün birliyindən, həmrəyliyin önəmindən və bu məsələdə gənclərin üzərinə düşən vəzifələrdən, şagirdlərin ləyaqətli insan, əsl vətəndaş olaraq yetişməsində təhsil müəssisələrinin rolundan söz açdı, şagirdləri düşündürən sualları cavablandırdı.

Qeyd edək ki, "Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət və ictimai məsuliyyət hissi aşılamaq, mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, mühitə adaptasiya yollarını təbliğ etməkdən ibarətdir.

Yaqut Ağaşahqızı, ”İki sahil”