Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi tərəfindən Mərkəzin əhatə etdiyi ərazi üzrə şəhər və rayon ümumtəhsil orta məktəblərinin və onlara bərabər tutulan təhsil müəssisələrinin mülki müdafiə fənnini tədris edən 2-ci, 5-ci və 6-cı sinif rəhbərləri üçün kurslar keçirilib.
Nazirlikdən “İki sahil”ə verilən məlumata görə, keçirilən tədbirlərdə FHN-in Qarabağ Regional Mərkəzinin, Elm və Təhsil Nazirliyinin Qarabağ, Şərqi Zəngəzur və Mil-Muğan Regional Təhsil idarələrinin əməkdaşları, məktəblərin sinif rəhbərləri iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd məktəblərdə mülki müdafiəni tədris edən sinif rəhbərlərinin bu sahə üzrə bilik və bacarıqlarının artırılması olub.
Kurslarda iştirak edən dinləyicilərə fərdi mühafizə vasitələrindən istifadə, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, təxliyə planlarının hazırlanması qaydaları, mülki müdafiə, yanğın və texniki təhlükəsizlik tədbirləri haqqında ətraflı məlumatlar verilib, mövzularla bağlı hazırlanmış fotoslayd və videoçarxlar nümayiş olunub.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.