Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən keçirilən son ictimai rəy sorğusunun nəticələrini şərh edən Azərbaycan Milli QHT Forumunun (AMQF) İdarə Heyətinin sədri Ramil İskəndərli bildirdi ki, Prezident İlham Əliyevə etimadın və dəstəyin yüksək səviyyədə olması təsadüfi deyil və uzun illər ərzində həyata keçirilən ardıcıl dövlət siyasətinin, əldə olunan real nəticələrin, və xalqla dövlət arasında formalaşmış möhkəm etimad münasibətlərinin məntiqi nəticəsidir.
Ramil İskəndərlinin sözlərinə görə, respondentlərin 87,7 faizinin Prezident İlham Əliyevə etimad göstərməsi, 93,6 faizinin dövlət başçısının fəaliyyətini müsbət qiymətləndirməsi, 91,5 faizinin növbəti prezident seçkilərində ona səs verməyə hazır olduğunu bildirməsi və 81,9 faizinin onu alternativsiz siyasi lider hesab etməsi Azərbaycan cəmiyyətində Prezidentin həyata keçirdiyi siyasətə güclü ictimai dəstəyin göstəricisidir.

Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzu əhəmiyyətli dərəcədə artıb
AMQF sədri hesab edir ki, bu yüksək reytinqi şərtləndirən əsas amillərdən biri Prezident İlham Əliyevin beynəlxalq arenada qazandığı yüksək nüfuz və Azərbaycanın dünyadakı mövqeyini əhəmiyyətli dərəcədə gücləndirməsidir. Ramil İskəndərli qeyd edib ki, bu gün Azərbaycan artıq təkcə Cənubi Qafqazın aparıcı dövləti deyil, həm də regional və qlobal proseslərdə mövqeyi nəzərə alınan, etibarlı tərəfdaş kimi qəbul edilən ölkələrdən biridir. Onun fikrincə, Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil, milli maraqlara əsaslanan və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. “Bu gün beynəlxalq aləmdə dövlətlərin gücü yalnız iqtisadi və hərbi potensialla ölçülmür. Dövlətin müstəqil siyasət yürütməsi, milli maraqlarını prinsipial şəkildə müdafiə etməsi və etibarlı tərəfdaş kimi qəbul olunması da mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev məhz bu keyfiyyətləri özündə birləşdirən liderdir. Azərbaycan heç bir xarici güc mərkəzinin diktəsi ilə deyil, yalnız milli maraqlar əsasında siyasət həyata keçirir. Məhz buna görə də ölkəmizin beynəlxalq nüfuzu son illərdə əhəmiyyətli dərəcədə artıb”, – deyə Ramil İskəndərli vurğulayıb.
Beynəlxalq platformalarda Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edən Lider

AMQF sədri qeyd edib ki, Prezident İlham Əliyev beynəlxalq platformalarda Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edən, ölkənin mövqeyini faktlara əsaslanaraq ardıcıl şəkildə təqdim edən lider kimi tanınır. Onun sözlərinə görə, dövlət başçısının beynəlxalq tədbirlərdə çıxışları, nüfuzlu media orqanlarına müsahibələri və müxtəlif platformalarda nümayiş etdirdiyi prinsipial mövqe həm beynəlxalq ictimaiyyət, həm də Azərbaycan cəmiyyəti tərəfindən yüksək qiymətləndirilir. Ramil İskəndərlinin fikrincə, Prezident İlham Əliyevə yüksək etimadın digər mühüm səbəbi Azərbaycanın son illərdə əldə etdiyi tarixi nailiyyətlərdir. O bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə, ardınca isə ölkənin bütün ərazisində dövlət suverenliyinin tam bərpa olunması müasir Azərbaycan tarixinin ən mühüm hadisələri sırasında yer alır. AMQF sədri hesab edir ki, ictimai rəy sorğusunda İlham Əliyevin regionda sülhün bərqarar olunmasındakı rolu və daxildə sabitlik amilinin ön plana çıxması da tam qanunauyğundur. Onun sözlərinə görə, dünyanın müxtəlif bölgələrində münaqişələrin, siyasi böhranların və təhlükəsizlik risklərinin artdığı bir dövrdə Azərbaycanda sabitliyin, təhlükəsizliyin və ictimai asayişin qorunması vətəndaşların dövlətə olan etimadını daha da gücləndirib.
Sonda Ramil İskəndərli vurğulayıb ki, Medianın İnkişafı Agentliyinin keçirdiyi rəy sorğusunda ortaya çıxan yüksək göstəricilər həm ictimai rəydə formalaşmış simpatiyanı, həmçinin konkret siyasi, iqtisadi və beynəlxalq nəticələrə verilən qiyməti əks etdirir: “Bu nəticələr Azərbaycan cəmiyyətində Prezident İlham Əliyevin liderliyinə verilən yüksək siyasi və ictimai qiymətin, eyni zamanda dövlət-vətəndaş həmrəyliyinin aydın göstəricisidir”.
Yaqut Ağaşahqızı, “İki sahil”
ABŞ İranı İsrail tərəfindən rəsmi şəxslərə qarşı mümkün sui-qəsdlərlə bağlı xəbərdar edib - "The Washington Post"
"Aeroflot" və "Belavia" Gürcüstan, İsrail və Türkmənistana vahid bilet satışına başladı