01 oktyabr 2023 11:53
742

Şəhid Vüsal Orucov Qusarda dəfn edilib - YENİLƏNİB

Şəhid hərbi qulluqçumuz Vüsal Orucov dəfn olunub.

“İki sahil” xəbər verir ki, onun nəşi Qusar rayonunun Suvacal kənd qəbiristanlığında torpağa tapşırılıb.

***

Sentyabrın 30-da Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından açılan atəş nəticəsində şəhid olan hərbi qulluqçumuz Orucov Vüsal Xeybalı oğlu ilə vida mərasimi başa çatıb.

“İki sahil” xəbər verir ki, mərasimdə mərhumun yaxınları, rayon icra hakimiyyətinin rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərhumun cənazəsi Qusar rayon Suvacal kənd məzarlığına aparılır.

Qeyd edək ki, V.Orucov 2005-ci ildə Qusar rayonunun Suvacal kəndində anadan olub. Hərbi xidmətə bu il aprel ayında yollanmışdı.

***

Ötən gün Kəlbəcərdə Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan əsgər Vüsal Orucovun nəşi doğulduğu Qusar rayonunun Suvacal kəndinə gətirilib.

“İki sahil” xəbər verir ki, hazırda şəhid hərbi qulluqçumuzla vida mərasimi keçirilir.

2005-ci il təvəllüdlü Vüsal Orucov 11 aprel 2023-cü ildə hərbi xidmətə yollanıb. Ailədə 3 bacı, 3 qardaşdırlar.

Qeyd edək ki, sentyabrın 30-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından atəş açılıb.

Nəticəsində hərbi qulluqçumuz Orucov Vüsal Xeybalı oğlu şəhid olub.