11 oktyabr 2023 17:44
310

Azərbaycanda sərnişindaşıma 17 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda yük və sərnişin daşımaları ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,9 % və 17,1 % çox olub.

“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, hesabat dövründə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 166,9 milyon ton yük daşıyıb. Yüklərin 4,2 %-i dəniz, 8,2 %-i dəmir yolu, 0,1 %-i hava, 56,7 %-i avtomobil nəqliyyatı, 30,8 %-i isə boru kəməri ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 5,2 % artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 77,4 % təşkil edib.

9 ayda nəqliyyatçılar 1 milyard 364 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 88 %-i avtomobil nəqliyyatı, 11,5 %-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.