Bu ilin yanvar-avqust aylarında Azərbaycanın ümumi ixracının dəyəri 24,4 milyard ABŞ dolları, qeyri-neft ixracının dəyəri isə 2,2 milyard ABŞ dolları təşkil edib.
Azərbaycanın qeyri-neft ixracatı artım tempini qoruyub saxlayıb. Belə ki, bu ilin 8 ayında qeyri-neft ixracatı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 17,8 faiz artaraq 2 milyard dollardan çox olub.
Qeyri-neft ixrac dəyərində Rusiya 32 faizlə ilk sırada olsa da bu mövsumi olaraq şimal qonşumuza daha çox kənd təsərrüfatı məhsulları ixrac etməyimiz ilə bağlıdır. Belə ki, qeyri-neft ixracatımızda 27,7 faizlə ikinci ən böyük tərəfdaşımız olan qardaş Türkiyəinin növbəti aylarda payının daha da artacağı gözlənilir. Bütövlükdə, növbəti dövrlərdə qeyri-neft ixracatında Türkiyənin Azərbaycanın əsas tərəfdaşı olacağı gözlənilir. Gürcüstan qeyri-neft ixracat məhsullarımızın 9,9, İsveçrə 4,1, Qazaxıstan isə 3,3 faizini alır.
Bu müddətdə ümumi ixracatın həcmi 16 milyard 776 milyon dollar olub. Göründüyü kimi, qeyri-neft ixracatın həcminin artmasına baxmayaraq ümumi ixracatda payı hələ də yüksək deyil. Bu isə o deməkdir ki, iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı islahatların daha da dərinləşdirilməsi prioritetliyini qoruyub saxlamaqdadır.
Son 3 ayda neftin dünya bazar qiyməti 22 faiz yüksəlib. Artıq “Brent” markalı neftin qiyməti hər barel üçün 90 dollardan baha təklif olunur. Neftin dünya bazar qiymətindəki artımlar hasilatın azaldılması ilə yanaşı, həmçinin tələbin yüksəlməsi ilə bağlıdır. Belə ki, OPEK + alyansı hasilatın optimallaşdırılması siyasətini davam etdirir və bu məsələdə hər hansı yayınmalar müşahidə olunmur. Digər tərəfdən, Çin daxil olmaqla bir sıra aparıcı ölkələrdə neftə tələb də yüksəlməkdədir ki, bu da birjalara təsirsiz ötüşmür.
Son 3 ildə qeyri-neft ixracatında illik artım tendensiyası qorunub saxlanılıb. Bu il neftdən kənar ixracatın 3.5 milyard dollara yaxınlaşacağı gözlənilir.
Hesabat dövründə ölkənin yeyinti məhsulları üzrə ixracı 571,4 milyon ABŞ dollarına bərabər olub. O cümlədən elektrik enerjisi ixracı 3,9 dəfə, spirtli və spirtsiz içkilərin ixracı 3,8 dəfə, qara metal məmulatlarının ixracı 36,6%, şəkər ixracı 17,9 %, meyvə-tərəvəz ixracı isə 7,4% artıb.
Səkkiz ayda aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 10,4 % artaraq 593,9 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,8 % artaraq 132,6 milyon ABŞ dolları dəyərində olub. Cari ilin avqust ayında 203,6 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bunun da 51,4 milyon ABŞ dollarını (10,3 % artım) yeyinti məhsulları üzrə ixrac, 152,2 milyon ABŞ dollarını isə qeyri-yeyinti məhsulları üzrə ixrac təşkil edib.
Əmək haqqı və pensiyaların mütəmadi artırılması sosial siyasətin əsas prioritetlərindədir. Gələn ilin yanvar ayında bütün növ əmək pensiyaları indeksasiya edilərək artırılacaq. Digər sosial istiqamətlərdə artımlar da əsas hədəflər sırasındadır. Bu baxımdan, fiskal gəlirlərimizin artması sosial təminatın güclənməsi üçün də yeni imkanlar yaradır.
Cavid Əkbərov, “İki sahil”