Azərbaycanda fəaliyyət göstərən kiçik və orta biznes (KOB) subyektləri məhsul və xidmətlərini bu gün Bakı Ekspo Mərkəzində işə başlamış və oktyabrın 21-nə qədər davam edəcək 3-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” Sərgisinə (“Rebuild Karabakh”) çıxarıb.
"İki sahil" bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.
Məlumata görə, sərgidə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin məhsul və xidmətlərinin tanıdılmasına, satış imkanlarını genişləndirilməsinə və yeni biznes əlaqələri qurmasına dəstək məqsədilə bu dəfə də KOBİA-nın dəstəyi ilə KOB-lar üçün ayrıca stend qurulub. Stenddə 14 KOB subyektinin kənd təsərrüfatı, sənaye, alternativ enerji, inşaat məhsulları, təmir, proqram təminatı, layihələndirmə və s. xidmətləri təqdim edilir. Həmçinin stenddə KOBİA-nın və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun sahibkarlara göstərdiyi xidmətlər barədə məlumat verilir.
"Rebuild Karabakh" Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına həsr olunmuş yeganə və ilk ixtisaslaşmış sərgidir. Sərginin məqsədi işğaldan azad olunduqdan sonra Qarabağdakı müsbət dəyişikliklərə, bərpa və yenidənqurma işlərinə diqqəti çəkmək, biznesin bu ərazilərin inkişafında və infrastrukturunun bərpasında iştirakını, buraya investisiya qoyuluşunu təşviq etməkdir. Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən “Rebuild Karabakh” Sərgisi ilə yanaşı, Bakı Ekspo Mərkəzində 28-ci Azərbaycan Beynəlxalq İnşaat (“BakuBuild”),15-ci Yubiley Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu (“Aquatherm Baku”) və 11-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat (“Road&Traffic”) sərgiləri də keçirilir.